Tomas de Vaal: “Türkiyə və Ermənistan sərhədləri aça bilməz”
11 may 2010 11:30 (UTC +04:00)

Tomas de Vaal: “Türkiyə və Ermənistan sərhədləri aça bilməz”

“Beynəlxalq birlik Qarabağ münaqişəsinin nizamlanmasına daha çox sərmayə qoymalıdır”

“Türkiyə və Ermənistan sərhədləri aça bilməzlər, çünki ortada Dağlıq Qarabağ münaqişəsi kimi neqativ regional amil var”. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu fikirləri Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Tomas de Vaal təşkilatın son məruzəsində bildirib.


Analitik xatırladıb ki, 1993-cü ildə Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunandan sonra türklər öz azərbaycanlı qonşuları ilə həmrəylik nümayiş etdirərək sərhədləri bağlayıblar.


“Bundan əlavə bizim iki problemimiz var. Biri birinci dünya müharibəsi zamanı 1915-ci ildə baş vermiş böyük faciə, digəri isə bundan kiçik də olsa faciəli Ermənistan-Azərbaycan münaqişəsidir”.


Tomas de Vaal hesab edir ki, ictimaiyyət səviyyəsində dialoq başlayıb və ermənilərin prosesi tam məhv etmədən bir addım geri çəkiləcəyi zaman bu dialoq davam edəcək.


“Ermənistan prezidenti Sərkisyan və Türkiyənin baş naziri Ərdoğan aprelin əvvəlində Vaşinqtonda prezident Obamanın vasitəçiliyi ilə görüşərək fikir ayrılıqlarını aradan qaldırmağa cəhd etdilər, lakin bunu bacarmadılar”.


Analitikin fikrincə, prosesdə ən böyük problem Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsidir.


“Ermənilər hələ də təkcə Qarabağa deyil, Qarabağ ətrafındakı əraziyə də nəzarət edirlər. Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirərək Ermənistanla sərhədi bağladı. Bu iki proses rəsmi şəkildə əlaqəli deyil, lakin hər kəs bilir ki, əslində müəyyən mənada onlar əlaqəlidirlər. Ermənilər Türkiyə ilə münasibətlərin normallaşmasını və sərhədin açılmasını istəyir və deyirlər ki, sərhədlərin açılması hər iki ölkə üçün faydalıdır. Türkiyə sanki bunu qəbul edib və protokolları imzalayıb, amma eyni zamanda da Qarabağ məsələsində irəliləyiş olmasını tələb edir və bildirir ki, əgər protokollar ratifikasiya olunarsa, Ermənistan da irəliyə doğru addım atmalıdır. Qarabağ məsələsində irəliləyiş olmadı və daha doğrusu, protokollarda Qarabağ məsələsinə toxunulmasa belə, türklər bu məsələni ilkin şərtə çevirdilər, buna görə də proses yerində sayır”.


Vaal hadisələrə prezident Abdullah Gülün 2008-ci il sentyabrında futbol matçını seyr etmək üçün Yerevana getməsi ilə start verildiyini xatırladaraq bildirib ki, baş nazir Ərdoğan dəfələrlə birmənalı şəkildə türklərin protokollar məsələsində irəliyə getməsi üçün Ermənistanın Qarabağ məsələsində irəli addım atmalı olduğunu bəyan edib.


“Burada bəzi qarışıq məqamlar var. Məsələ ondadır ki, türklər niyə Azərbaycan və ya Qarabağın adını çəkməyən Ermənistanla protokol imzalayırdılar. Onlar ümid edirdilər ki, paralel olaraq nə isə baş verəcək, kimsə Azərbaycan amilini nəzərə alacaq. Bu baş vermədi, ona görə də onlar ilin əvvəlində özlərini küncə sıxılmış hiss etdilər. Qarabağ məsələsində irəliləyişin olmaması Azərbaycanı məyus etdi, protokollar məsələsinin inkişafında təkid edən ermənilər isə sonradan prosesi dayandırdılar”.


ABŞ-ın bu məsələ ilə bağlı siyasətinə gəldikdə isə, analitik qeyd edib ki, Vaşinqton bu prosesdə əsas oyunçudur.

“Beynəlxalq birlik bu məsələyə daha çox sərmayə qoymalıdır. Doğrudan da çox az qruplar var ki, bu münaqişənin həllinə cəhd göstərir və onların həqiqətən də kifayət qədər beynəlxalq dəstəyi yoxdur”.


Xatırladaq ki, Tomas de Vaal “Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan sülh və müharibə yolunda” kitabının (NYU Press, 2003) müəllifidir. Kitab erməni, Azərbaycan və rus dillərinə tərcümə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar