Bəzi Kütləvi İnformasiya Vasitələri ABŞ-ın Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı planının bütün bəndlərini yayıb.
Lent.az xəbər verir ki, yayılan məlumatlara görə bununla bağlı hələ yekun qərar verilməyib və planın bəzi bəndləri hələ dəyişdirilə bilər.
Bir sıra KİV-lərin yaydığı məlumata görə, plan ümumilikdə 28 bənddən ibarətdir ki, bunlar da aşağıdakı kimidir:
1. Ukraynanın suverenliyi təsdiqlənəcək.
2. Rusiya, Ukrayna və Avropa arasında hücum etməmək haqqında tam və hərtərəfli saziş bağlanacaq. Son 30 ilin bütün mübahisəli məqamları həll olunmuş hesab ediləcək.
3. Gözlənilən odur ki, Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO isə daha da genişlənməkdən əl çəkəcək.
4. ABŞ-ın vasitəçiliyi ilə Rusiya və NATO arasında təhlükəsizlik məsələlərinin həlli və deeskalasiya üçün dialoq keçiriləcək ki, bu, qlobal təhlükəsizliyi təmin etsin, əməkdaşlıq və gələcək iqtisadi inkişaf üçün imkanları artırsın.
5. Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq.
6. Ukrayna Silahlı Qüvvələrinin (VSU) sayı 600 000 nəfər ilə məhdudlaşdırılacaq.
7. Ukrayna Konstitusiyasında NATO-ya qoşulmayacağını qeyd etməyə, NATO isə öz nizamnaməsinə gələcəkdə Ukraynanın qəbul edilməyəcəyinə dair müddəa əlavə etməyə razılaşır.
8. NATO Ukraynada qoşun yerləşdirməməyə razılaşır.
9. Avropa qırıcıları Polşada yerləşdirilir.
10. ABŞ zəmanətləri:
ABŞ bu zəmanətlərə görə kompensasiya alacaq.
Ukrayna Rusiyaya hücum edərsə, zəmanəti itirəcək.
Rusiya Ukraynaya hücum edərsə, qətiyyətli və koordinasiyalı hərbi cavabla yanaşı, bütün qlobal sanksiyalar bərpa olunacaq, yeni ərazilərin tanınması və sazişdən doğan bütün üstünlüklər ləğv ediləcək.
Ukrayna səbəbsiz olaraq Moskvaya və ya Sankt-Peterburqa raket zərbəsi endirərsə, təhlükəsizlik zəmanəti etibarsız sayılacaq.
11. Ukrayna Aİ üzvlüyünə hüquq əldə edir və bu məsələ müzakirə olunduğu müddətdə Avropa bazarına qısamüddətli imtiyazlı çıxış əldə edəcək.
12. Ukraynanın bərpası üçün aşağıdakıları da əhatə edəcək güclü qlobal tədbirlər paketi təqdim olunacaq:
Sürətlə inkişaf edən sahələrə, o cümlədən texnologiya, məlumat emalı mərkəzləri və süni intellekt də daxil olmaqla investisiya qoymaq üçün Ukrayna İnkişaf Fondunun yaradılması.
ABŞ Ukrayna ilə birlikdə boru kəmərləri və anbarlar da daxil olmaqla ölkənin qaz infrastrukturunun bərpası, inkişafı, modernizasiyası və istismarı üzrə əməkdaşlıq edəcək.
Müharibədən zərər çəkmiş bölgələrin şəhərlərinin və yaşayış massivlərinin bərpası, yenidən qurulması və modernizasiyası üçün birgə səylər.
İnfrastrukturun inkişafı.
Faydalı qazıntıların və təbii resursların çıxarılması.
Dünya Bankı bu prosesləri sürətləndirmək üçün xüsusi maliyyə paketi hazırlayacaq.
13. Rusiya yenidən qlobal iqtisadiyyata reinteqrasiya olunacaq:
Sanksiyaların götürülməsi mərhələlərlə, ayrı-ayrı müzakirə ediləcək və razılaşdırılacaq.
ABŞ enerji, təbii resurslar, infrastruktur, süni intellekt, məlumat emalı mərkəzləri, Arktikada nadir torpaq metalları hasilatı layihələri və digər qarşılıqlı faydalı korporativ imkanlar sahələrində qarşılıqlı inkişaf məqsədilə Rusiya ilə uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi bağlayacaq.
Rusiya G8-ə qayıtmaq üçün dəvət olunacaq.
14. Dondurulmuş Rusiya aktivləri aşağıdakı qaydada istifadə olunacaq:
Qeyd olunur ki, 100 milyard dollar dəyərində dondurulmuş Rusiya aktivləri ABŞ-ın rəhbərlik etdiyi Ukraynanın bərpası və investisiya səylərinə yönəldiləcək. ABŞ bu layihədən əldə edilən gəlirin 50%-ni alacaq.
Avropa Ukraynanın bərpası üçün mövcud investisiya həcmini artırmaq məqsədilə əlavə 100 milyard dollar ayıracaq.
Bununla yanaşı, Avropada dondurulmuş Rusiya aktivləri azad ediləcək.
Qalan dondurulmuş Rusiya aktivləri isə müəyyən sahələrdə birgə layihələr həyata keçirmək üçün ayrıca ABŞ–Rusiya investisiya fonduna yönəldiləcək.
Bu fond münasibətləri gücləndirmək və ümumi maraqları artırmaqla gələcəkdə münaqişəyə qayıdış ehtimalını minimuma endirmək üçün nəzərdə tutulub.
15. Bu sazişin bütün müddəalarını həyata keçirmək və nəzarət etmək üçün ABŞ–Rusiya birgə təhlükəsizlik üzrə işçi qrupu yaradılacaq.
16. Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini qanunvericilikdə rəsmiləşdirəcək.
17. ABŞ və Rusiya nüvə silahlarının yayılmamasına və onun üzərində nəzarətə dair sazişlərin, o cümlədən START-1 müqaviləsinin müddətinin uzadılması barədə razılığa gələcəklər.
18. Ukrayna Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq nüvəsiz dövlət statusunu qəbul etməyə razılaşır.
19. Zaporojye Atom Elektrik Stansiyası BAEA-nın nəzarəti altında işə salınacaq və istehsal olunan elektrik enerjisi Rusiya və Ukrayna arasında bərabər bölünəcək.
20. Hər iki ölkə məktəblərdə və cəmiyyətdə müxtəlif mədəniyyətlərin anlaşılması və tolerantlığın artırılması, irqçilik və ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə təhsil proqramları tətbiq etməyi öhdəlik götürür:
Ukrayna dini dözümlülük və dil azlıqlarının qorunması ilə bağlı Aİ qaydalarını qəbul edəcək.
Hər iki ölkə bütün diskriminasiya tədbirlərini ləğv etmək, Ukrayna və Rusiya KİV-lərinin və təhsil müəssisələrinin hüquqlarını təmin etmək barədə razılığa gələcək.
Bütün nasist ideologiyası və fəaliyyəti rədd edilməli və qadağan olunmalıdır.
21. Ərazi məsələsi:
İşğal altında olan Krım, Luqansk və Donetsk vilayətləri ABŞ da daxil olmaqla ölkələr tərəfindən de-fakto Rusiya ərazisi kimi tanınacaq. Xerson və Zaporojye bölgələri təmas xətti üzrə dondurulmuş statusda qalacaq, yəni həmin xətt üzrə de-fakto tanınmış olacaq.
Rusiya beş regiondan kənarda nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina edəcək.
Ukrayna hazırda nəzarət etdiyi Donetsk vilayətinin bir hissəsindən öz qüvvələrini çıxaracaq, bu çıxarılan zona neytral, demilitarizasiya olunmuş bufer zona sayılacaq və beynəlxalq səviyyədə Rusiya Federasiyasına məxsus ərazi kimi tanınacaq. Rusiya qüvvələri bu demilitarizasiya zonasında yerləşməyəcək.
22. Gələcək ərazilərlə bağlı razılaşmalar əldə olunandan sonra həm Rusiya Federasiyası, həm də Ukrayna bu razılaşmaları güc yolu ilə dəyişdirməmək öhdəliyi götürəcək. Bu öhdəlik pozularsa, heç bir təhlükəsizlik zəmanəti tətbiq olunmayacaq.
23. Rusiya Ukraynanın Dnepr çayından kommersiya məqsədləri üçün istifadə etməsinə mane olmayacaq və Qara dəniz vasitəsilə taxılın sərbəst daşınması ilə bağlı razılaşmalar əldə olunacaq.
24. Açıq qalan məsələlərin həlli üçün humanitar komitə yaradılacaq:
Əsir qalan bütün şəxslər və cəsədlər dəyişdiriləcək.
Bütün mülki saxlanılan şəxslər və girovlar, o cümlədən uşaqlar geri qaytarılacaq.
Ailələrin birləşdirilməsi proqramı həyata keçiriləcək.
Münaqişə qurbanlarının zərərini azaltmaq üçün tədbirlər görüləcək.
25. Ukrayna 100 gün ərzində seçkilər keçirməklə bağlı öhdəlik götürəcək.
26. Münaqişəyə cəlb olunmuş bütün tərəflərə müharibə dövründəki əməllərinə görə tam amnistiya veriləcək və gələcəkdə heç bir iddia və ya şikayət irəli sürülməyəcək.
27. Bu saziş hüquqi cəhətdən məcburi olacaq. Onun icrasına sülh şurası nəzarət edəcək və zəmanət verəcək. Bu şuraya prezident Tramp rəhbərlik edəcək. Pozuntular üçün sanksiyalar nəzərdə tutulacaq.
28. Bütün tərəflər bu memorandumla razılaşdıqdan sonra tərəflər sazişin icrasına başlamaq üçün razılaşdırılmış mövqelərə çəkildikdən sonra atəşkəs dərhal qüvvəyə minəcək.