Ermənistan bunu etməzsə Trampa hörmətsizlik olacaq - ŞƏRH
10 avqust 2025 21:30 (UTC +04:00)

Ermənistan bunu etməzsə Trampa hörmətsizlik olacaq - ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gün bütün dünyanın gözü Vaşinqtona - Ağ Evə dikilmişdi. 

Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

Lent.az xəbər verir ki, Vaşinqton görüşündə əldə olunan razılıqlar böyük siyasi əhəmiyyət daşıyır.

Azərbaycanın əldə olunan razılıqlara hər zaman məsuliyyətlə yanaşması heç kimə sirr deyil. Lakin Ermənistanın hansı addımları atacağı isə sual altındadır.

"Azərbaycan Prezidenti İlham Əliyev regiona sülh gətirir, Ermənistan hakimiyyəti ölkə Konstitusiyasına dəyişiklik məsələsini yubatmamalıdır".

Bunu mediaya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Prezident İlham Əliyevin sülh gündəliyinə dəstək

Deputat deyib ki, Vaşinqton görüşündə əldə olunan nəticələr qalib Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir:

“Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin təsdiqlənməsidir. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb. İki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Bu çərçivədə Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir”.

Növbəti diplomatik qələbə

Müşfiq Cəfərov deyib ki, Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır:

Siyasi təzyiqlərə qarşı Prezidentin qətiyyəti

“Bəllidir ki, regionumuzu yeni müharibələrə sürükləyən bir çox şər qüvvələr varı idi. Amma Prezident İlham Əliyev müharibədə qələbəni təmin edərək, Azərbaycanın ərazi bütövlüyünü nə suverenliyini tam bərpa edərək uğurla sülh gündəliyini də reallaşdırdı. ABŞ-a tarixi səfər və əldə olunmuş uğur uzun müddət ərzində Bayden-Blinken Administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. tərəfindən Azərbaycanı güzəştlərə məcbur etmək siyasətinin tam iflası oldu. Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyev bir addım belə geri çəkilmədi, əsl Liderə xas olan qətiyyət və prinsipiallıq nümayiş etdirdi, siyasi strategiyasını tam həcmdə və uğurla reallaşdırdı. Dünən Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar, bu gün reallığı qəbul etmək məcburiyyətindədirlər. Bu, qalib Prezident, regiona sülh gətirən İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir”.

Sülh sazişinin qarşısındakı əsas maneə – Ermənistan Konstitusiyası

Müşfiq Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin sülh prosesində liderliyi regionumuzu yeni müharibələrdən xilas etdi:

“Sülh sazişinin imzalanmasına maneə olan başlıca amil Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddialarının olmasıdır. Azərbaycan rəsmi olaraq bəyan edib ki, bu işğalçılıq siyasətini ehtiva edən bəndlər konstitusiyadan çıxarılmayanadək sülh müqaviləsinin imzalanması real deyil. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman sülh sənədinin imzalanması üçün əsas şərtlərdən birincisi olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb. Prinsipial mövqe ondan ibarətdir ki, Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiaları çıxarılmayınca, sülh sazişinin imzalanması mümkün deyil. Əslində bu, beynəlxalq hüquqa əsaslanan mövqedir. Azərbaycan Prezidenti Vaşinqton görüşünün yekunları ilə bağlı yerli mediaya müsahibəsində bir daha bu məsələyə diqqət çəkdi.

Ermənistan da artıq Konstitusiyasına dəyişiklik məsələsini yubatmamalıdır. Əks təqdirdə bu, ilk növbədə, ABŞ-a və şəxsən Prezident Donald Trampa hörmətsizlik olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar