Prezidentin   yer aldığı film-həyat – “44”
13 oktyabr 2026 16:37 (UTC +04:00)

Prezidentin yer aldığı film-həyat – “44”

0

Lent.az APA-ya istinadən, Nadir Yalçının “44” filmi barədə təəssüratını təqdim edir.

İkinci Qarabağ müharibəsinin bədii hesabata ehtiyacı var idi. Və oktyabrın 12-si bu hesabatı izləmək üçün Heydər Əliyev Mərkəzinə yığışanda birinci bunu fikirləşirəm:

Filmin necəliyindən asılı olmayaraq, faktın özü əlamətdardır!

“44” filminin premyerasından əvvəl mətbuat konfransı keçirilir. Jurnalistlərlə üzbəüz əyləşən aktyor heyətinin əksəriyyətini gənclər təşkil edir. Onların bir çoxunun performansına bələdik. “44”ün aktyor ansamblı Azərbaycan kinosu ilə bağlı nagümanlığı azaldır. Filmin prodüseri Orman Əliyev “44” üçün Azərbaycanın satın aldığı yüksək standartlara cavab verən texnikalardan ağızdolusu bəhs edir.

“44” filminin çəkilməsi üçün bax beləcə tam hazır olmaq lazım idi, 44 günlük Vətən müharibəsi kimi...

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, filmin bədii rəhbəri Anar Ələkbərov mətbuat konfransında mediaya təşəkkür edir, APA-nın prosesdə fəal iştirakını vurğulayır. Anar müəllim başda olmaqla, yüzlərlə müxtəlif çaplı tədbiri rahatlıqla təşkil edən Heydər Əliyev Fondunun komandasının davranışlarından məsuliyyət, öhdəlikdən irəli gələn həssaslıq hiss edilir. Bu təşəbbüsə görə günboyu hər kəs ona minnətdarlıqla yanaşır.

Yaradıcı heyətlə canlı ünsiyyət imkanı yaranır. Jurnalistlərin sualları əsasında çəkiliş prosesi barədə maraqlı məlumatlar əldə edirik. Birdən aktyor truppasının ən azyaşlı üzvünə sual ünvanlanır. Gəncədə terror aktı zamanı üzü-gözü qan içində gülümsəyən Bəxtiyarı, yəqin ki, hamımız xatırlayırıq. Həmin azyaşlının prototipi olan Rasim Abdullayev babasının Birinci Qarabağ müharibəsində şəhid olduğunu, atasının İkinci Qarabağ müharibəsində döyüşdüyünü deyir. O isə öz şəcərə missiyasını həyatda yox, filmdə davam etdirir, terror aktı zamanı zərər çəkən azyaşlının rolunu oynamaqla prosesi yekunlaşdırır. Onun cavabından sonra sual ünvanlamaq çətinləşir və premyeraya qədər düşünməyə vaxt qalır...

***

Futbol matçlarında 44-cü dəqiqədə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndirən azarkeşlərin həyəcanı ilə filmin nümayişini gözləyirəm. Şəhidləri bir dəqiqəlik sükutla yad edəndə saat əqrəbinin zalı öz hökmünə alan səsi vaxtı qabaqcadan planlaşdırılmış bomba effekti yaradır. Və həqiqətən izləyəcəyimiz film Heydər Əliyev Mərkəzində bomba kimi partlayır.

Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının və Azərbaycan Dövlət Xor Kapellasının ifasında “44” filminin saundtreki ifa edilir və film başlayır. Daha doğrusu, film başlamır, filmin və həyatın başlanğıc sərhədləri itir.

Atası illər əvvəl vəfat edən, müəllim anasının məvacibi ilə böyüyən və Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşulmaq üçün dəridən-qabıqdan çıxan Rəşad Xəlilovun Türkiyədən gələn həkim qız – Zeynəb Özdəmirə aşiqlik xətti ilə başlayan filmdə mənəvi ənənəyə sadiqlik gözə dəyir: “Şəfqət bacısı” amili.

Bütün dövrlərdə yaranı sarıyan bir şəfqətli qadına ehtiyacdan yaxa qurtarmaq mümkün deyil!

Xəlilov rolunda çıxış edən İbrahim Çingiz türkiyəli həkimi canlandıran Özge Gürelin istedadı və populyarlığı qarşısında heç də ondan aşağı “çinli” aktyor təsiri bağışlamır, onun kölgəsində qalmır və əla tandem yaranır. İbrahim Çingiz Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində də, müxtəlif ekran işlərində də öz parlaqlığını çoxdan büruzə vermişdi. “44” isə onun pasportuna çevrildi.

***

Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşulmaq istəyən Xəlilova hərbi hissənin komandiri sual ünvanlayır:

– Bacaracaqsan, Xəlilov?

– Bacaracam, cənab polkovnik.

Xəlilov bu qətiyyətlə yola çıxır, püxtələşir. Və maraqlıdır, film boyu qəhrəmanın ona ünvanlanan “Bacaracaqsan?” sualına cavabını görürük. O həyatının müxtəlif vaxtlarında bu suala cavabını hərəkətləri ilə təkrarlayır, hamının inamını qazanmaq istəyir.

Film bitəndən sonra şəhid anaları səhnəyə çıxanda 5 ayın əsgəri kimi şəhid olan qəhrəmanın anası deyir:

Prezidentə təşəkkür edirəm ki, bizim övladlarımıza inandı.

Filmdəki Xəlilov da bizi bacardığına inandırdı...

***

Yəqin, filmin məziyyətləri barədə kinoşünaslar lazım olanları yazacaqlar. Detallar çoxdur. Amma bu detalların içində bəziləri lap xüsusidir.

Gəncəyə raket atılanda yarana xaos göstərilir. Gəncədə fəaliyyətini davam etdirən türkiyəli həkim qız Zeynəb Özdəmir dəhşət içindədir. Onun evində yaşadığı qadın həlak olur. Bu epizoddan illər əvvələ fləşbək edilir. Xəlilovla Zeynəb Özdəmir teatrda “Leyli və Məcnun”a tamaşa edirlər. Məcnun yüksək səslə deyir:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

İnsanların mətinliyi, dönməzliyi və bağlılığı Məcnunun izaholunmaz eşqi ilə səsləşdirilir, birləşdirilir, Məcnunun eşqindən də ali, yüksək göstərilir.

Bu eşq müxtəlif məqamlarda görünür:

Oğlunun məzarı üzərində açılan yayılım atəşindən diksinən, təmkini qoruyan ana...

Çiynini tabut altına verən həyat yoldaşı...

Oğlunun şəhid olduğu yeri xəritədə qara sancaqla nişanlasa da, Zəfər xəbərləri gəldikcə o qara sancağı qırmızı sancaqlar arasında yaşadan ata...

Son nəfəsində Cıdır düzünə döyüş yoldaşlarının vasitəsilə gəlib çatan, məhz orada canını tapşıran komandir...

***

Filmin süjeti barədə daha çox bəhs etmək yerinə düşməz, kinoteatrlarda yayımlanacaq. Amma “44” bir çox mətləbi izah etdi.

Azərbaycan hər şeyi təzələyir.

Birinci Qarabağ müharibəsindən sonra nisgili ifadə edən, Tacir Şahmalıoğlunun ifasında eşitdiyimiz “Bayatı Şiraz” muğamından hissə yeni nəfəsdə fəxarət avazına çevrildi – filmin sonunda həmin hissə Kənan Bayramovun səsi ilə eşidildi.

Azərbaycan öz “Bayatı Şiraz”ını da yenilədi.

“Fəryad” filmində erməni obrazını yüksək peşəkarlıqla canlandıran Məlik Dadaşovdan sonra ikinci dəfə erməni obrazının haqqını verən sənətkarı gördük “44”də – Hikmət Rəhimov. O bütün rollarında olduğu kimi, bu obrazı da məharətlə canlandırmışdı. Hikmət Rəhimov Məlik Dadaşovdan sonra erməni obrazının öhdəsindən gələn aktyor kimi tarixə yazıldı.

Azərbaycan filmindəki “erməni obrazını” da yenilədi.

Və nəhayət, bədii hesabat alındı. Müharibə mövzusunda çəkiləcək yeni işlərə yol açıldı.

Amma bu film başqa bir nüansa görə də əlamətdardır. İlk dəfə bədii filmdə Prezident İlham Əliyevin görüntüləri ekran işinin tərkib hissəsi kimi təqdim edildi. Özü də iki dəfə.

Altı il əvvəl Prezident Şəhidlər xiyabanında xalqa müraciət etmişdi. Filmdə Gəncə xəstəxanasında yaralılar, tibb işçiləri bu müraciəti həyəcanla izləyirlər.

Sonda isə filmdə şəhid olan qəhrəmanların şəkilləri Anım Günü yürüşündə əks etdirilir. 2021-ci ildə bu yürüşə Prezident və birinci xanım da qatılmışdı. Filmdə elə situasiya yaranıb ki, şəhid olan obrazların şəkilləri hərbçilərin əllərində yürüş zamanı nümayiş edilir, sonra 5 il əvvəlki kadrlar görünür, sanki Prezident də o obrazların nümayiş edildiyi yürüşdədir.

Bu görüntülər filmdə nümayiş edilsə də, ekran işi ilə üzbəüz olsaq da, bir həqiqət var:

Biz bunların hamısını canlı yaşamışıq... Ona görə də “44”ün yanına belə bir mürəkkəb söz düzəldib əlavə edirəm: “film-həyat”.

***

Bəs soruşsanız, filmdəki hansı cümlə yadından çıxmır? Bu cavabı verərdim:

– Komandir, mən Elxana demişdim ki, getsin ayrı işlə məşğul olsun, hərbçi oldu.

– Elə ən yaxşı işi Elxan görür, Vətəni qoruyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar