Rafael Hüseynova töhmət  elan edildi
11 dekabr 2025 18:01 (UTC +04:00)

Rafael Hüseynova töhmət elan edildi

0

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, MNTK üzvləri “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Milli məclisdə keçirilmiş konfrans zamanı VHP-dən olan millət vəkili Rafael Hüseynovun partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsib, onun fikrini tamamlamasına imkan yaratmaması ilə bağlı rayon təşkilatlarından və partiya fəallarndan daxil olan müraciətlər müzakirə edib. MNTK sədri Zeynal Fətulla bildirib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir.

Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri məsələ ətrafında çıxış edərək bildiriblər ki, VHP sədri Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətində yüksək ictimai-siyasi, ziyalı mövqeyi, nəzərə alınmadan atılan bu addım həm partiyanın nüfuzuna, həm də ümumilikdə siyasi mədəniyyətə xələl gətirir. Milli Məclisin Terminologiya Komitəsinin üzvü, Azərbaycan Dil Qurumunun Başqanı, partiya sədri və Xalq Şairi olmaqdan əlavə bütün ömrünü dilimizin qorunmasına sərf etmiş Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir.

MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və parlamentdə azlığı təmsil edən partiyanın nümayəndəsi olaraq Milli Məclis sədrinin müavini seçilib. Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib. Rafael Hüseynov Sabir Rüstəmxanlıya çıxış üçün ayrılan vaxtın başa çatdığını bildirib. Sabir Rüstəmxanlı son bir cümlə ilə fikrini tamamlamaq istəsə də, vitse-spiker imkan yaratmayıb. Sabir Rüstəmxanlı isə sözünün kəsilməsinə etirazını bildirib və bunu hörmətsizlik kimi dəyərləndirib: “Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin özünüz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz” .

Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün "başqa gün" müraciət edə biləcəyini qeyd edib.

Sabir Rüstəmxanlı APA-ya açıqlamasında bildirmişdi ki, bu məsələ ilə bağlı Siyasi Şuranın üzvlərinin, rayon təşkilatlarının çox ciddi narazılığı var. Ancaq Sabir Rüstəmxanlı Siyasi Şuranın iclasında Rafael Hüseynovla bağlı töhmət, inzibati cəza, partiyadan çıxarılma barədə qərar verilməsinə tərəfdar olmadığını söyləmişdi. Qeyd etmişdi ki, Rafael Hüseynovla uzun illər davam edən dostluqları var və bu məsələni də öz aralarında həll edərlər.

Rafael Hüseynov isə APA-ya açıqlamasında demişdi ki, dostluqda sədaqət limitsiz, toplantılarda reqlament çərçivəlidir və moderatoru olduğu konfransın da reqlamenti öncədən müəyyənləşdirilərək elan edilib. Eyni zamanda vurğulamışdı ki, Sabir Rüstəmxanlı ilə onillərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərinə heç nə və heç kim mənfi təsir edə bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 870

Oxşar yazılar