“Türkiyədə Azərbaycana dair dezinformasiyalar yayılır” - APA-nın departament rəhbəri
19 dekabr 2025 11:42 (UTC +04:00)

“Türkiyədə Azərbaycana dair dezinformasiyalar yayılır” - APA-nın departament rəhbəri

0

Türkdilli ölkələrə qarşı məqsədli şəkildə yayılan dezinformasiyaya qarşı yalnız peşəkar media həmrəyliyi və koordinasiyalı fəaliyyət effektiv nəticə verə bilər.

Lent.az xəbər verir ki, bunu APA İnformasiya Agentliyinin Beynəlxalq əlaqələr və analitika departamentinin rəhbəri Faiq Mahmudov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

Faiq Mahmudov

O bildirib ki, təəssüf doğuran məqamlardan biri qardaş Türkiyənin bəzi media qurumlarında son dövrlər Azərbaycanla bağlı dezinformasiya və feyk məlumatların yayılmasıdır. Faiq Mahmudovun sözlərinə görə, Azərbaycan tərəfinin rəsmi mövqeyi soruşulmadan, əsassız iddialara söykənən bu cür informasiyaların tirajlanması ölkəmizdə narahatlıqla qarşılanır.

“Halbuki məlumatların dəqiqləşdirilməsi o qədər də çətin proses deyil. Müraciət əsasında Azərbaycan tərəfindən məsələyə münasibət öyrənilməklə feyk məlumatların yayılmasının qarşısını asanlıqla almaq olar. Bu prosesdə Azərbaycandakı həmkarların, o cümlədən bizim də dəstəyimizdən yararlanmaq mümkündür. Yetər ki, məqsəd dəqiq və obyektiv informasiya yaymaq olsun”, – deyə o vurğulayıb.

Faiq Mahmudov qeyd edib ki, bu kimi hallar yaranarkən Azərbaycanın Medianın İnkişafı Agentliyi, APA Xəbərlər agentliyi və ölkənin digər media qurumları operativ reaksiya verərək aydınlaşdırıcı məlumatlar yayır: “Dezinformasiyanın yayıldığı ölkələrin rəsmi qurumları da analoji addımlar atarsa, saxta və yalan məlumatlar vaxtında neytrallaşdırılar, geniş yayılma və ictimai rəyin manipulyasiyası imkanları məhdudlaşdırılar.”

Çıxışında dezinformasiyanın məqsədli və dağıdıcı xarakter daşıdığını diqqətə çatdıran departament rəhbəri bu təhlükəyə qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğulayıb. O xatırladıb ki, 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb və platformanın əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq arenada dezinformasiyaya qarşı birgə mübarizə aparmaq və dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır.

Faiq Mahmudovun fikrincə, bu platforma nümunə götürülərək türkdilli ölkələr arasında ümumi media platforması yaradıla bilər. Bu halda media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması ilə yanaşı, dezinformasiyalara qarşı da koordinasiyalı fəaliyyət mümkün olar.

“Türkdilli media orqanları bir-birini dəstəkləyən, eyni faktoloji bazaya söykənən və qarşılıqlı etimada əsaslanan informasiya mövqeyi formalaşdırmalıdır. Xüsusilə böhran dövrlərində və həssas məsələlərdə emosiyadan uzaq, yoxlanılmış məlumatlara əsaslanan, balanslı və məsuliyyətli yanaşma zəruridir. Bu, medianın siyasi mövqeyi deyil, peşəkar məsuliyyətdən irəli gələn həmrəyliyidir”, – deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar