Qənirə Paşayeva Vahidli kəndində seçicilərlə görüşüb
20 oktyabr 2015 10:22 (UTC +04:00)

Qənirə Paşayeva Vahidli kəndində seçicilərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuzun Ermənistanla ön cəbhəyə yaxın Vahidli kəndində seçicilərlə görüşüb.

Lent.az-ın məlumatına görə, görüşdə çıxış edən millət vəkili müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Vahidli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb. Q. Paşayeva millət vəkili kimi 10 illik fəaliyyəti dövründə ildə ən azı 6-7 dəfə Vahidli kəndini ziyarət etdiyini, seçicilərin qayğı və təkliflərini dinlədiyini, onların həlli istiqamətində Milli Məclisdə çıxışlar etdiyini və hökumət üzvləri ilə müzakirələr apardığını deyərək fəaliyyətində hər zaman ön cəbhə və ona yaxın kəndlərin özəl yer tutduğunu vurğulayıb.

Millət vəkili Vahidli sakinlərinin köhnə elektrik naqilləri və transformatorların dəyişilməsi ilə bağlı müraciətini “Azərişıq” ASC rəsmiləri ilə danışdığını və onların yaxın günlərdə bu məsələnin həllinə dair söz verdiklərini deyib. O, eyni zamanda "Azəriqaz" İB-nin rəhbəri Əkbər Hacıyevlə kəndə təbii qazın verilməsində problemlərin yaranmaması üçün müzakirələr apardığını da deyib. Görüş zamanı su təchizatı, məktəb, tibb məntəqəsi və bağça ilə bağlı müəyyən problemlər ətrafında da müzakirələr aparılıb və millət vəkili onların həlli istiqamətində müvafiq qurumlara təkrar müraciətlər edib.

Bir sıra sakinlər kəndin adının öz tarixi adı ilə dəyişdirilməsi təklifi ilə də çıxış ediblər və Qənirə Paşayeva ilə bu məsələ ətrafında da geniş müzakirə aparıblar. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Q. Paşayeva həmçinin Vahidlidə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri, müharibə əlili və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu deyiblər. Q. Paşayeva həmiin müraciətlərə qısa zamanda baxılmasına dair müvafiq qurumlarla müzakirələr aparıb. Sakinlər iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar.

 Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338

Oxşar yazılar