Bakıda məktəblər 2 günlüyə bağlanır
28 oktyabr 2009 10:30 (UTC +04:00)

Bakıda məktəblər 2 günlüyə bağlanır

Donuz qripi ilə əlaqədar şənbə və bazar günləri paytaxtdakı bütün məktəblər dezinfeksiya olunacaq


Bu həftənin şənbə və bazar günləri Bakıdakı bütün ümumtəhsil məktəbləri bağlı olacaq. Həmin günlər paytaxtın sanitar orqanları “donuz qirpi”nə qarşı məktəblərdə dezinfeksiya işləri aparacaq.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-a bildirib ki, bu barədə Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən onlara xəbərdarlıq məktubu göndərilib. Məktubda son günlər Türkiyədə və Rusiyada “donuz qripi” virusunun yayılması ilə əlaqədar məktəblərin bağlanmasının Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir. Məktubda o da qeyd olunur ki, Azərbaycanda “donuz qripi”nin yayılması ilə bağlı hələlik ciddi narahatlığa əsas yoxdur, lakin əhali arasında, o cümlədən təhsil müəssisələrində profilaktik tədbirlərin aparılması məqsədəuyğun hesab olunur.


Zəminə Əliqızı bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi baş sanitar qurumun müraciətini nəzərə alaraq, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün lazımi şərait yaratmaq qərarına gəlib. Onun sözlərinə görə, 5 günlük məktəblər həftənin şənbə, 6 gün işləyən məktəblər isə bazar günü bağlı elan olunub: “Valideynlərə xəbərdarlıq edirik ki, həmin günlər uşaqları məktəbə buraxmasınlar. Həmçinin, digər günlərdə qrip əlamətlərinin müşahidə olunduğu uşaqların müvəqqəti olaraq, məktəbə buraxılmaması tövsiyə olunur”.


Zəminə Əliqızı vurğulayıb ki, donuz qripi təhlükəsi ilə bağlı məktəblərdə fəaliyyət göstərən tibb məntəqələrinin rəhbərlərinə də nəzarəti gücləndirmək tapşırılıb. Onun sözlərinə görə, dezinfeksiya işləri ilkin olaraq, yalnız ümumtəhsil məktəblərində aparılacaq.

Xatırladaq ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 326 məktəb var. Həmin məktəblərdə 326 minə yaxın şagird təhsil alır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar