Deputatlar “donuz qripi”nə qarşı peyvənd vurduracaq
05 noyabr 2009 11:00 (UTC +04:00)

Deputatlar “donuz qripi”nə qarşı peyvənd vurduracaq

0
Nəsib Nəsibli Milli Məclisin binasında dezinfeksiya işlərinin aparılması təşəbbüsüylə çıxış edəcək


A/H1N1 ( “Donuz qripi”) virusunun yayılmasının qarşısının alınması ilə bağlı məktəblərdə, dəmiryolu vaqonlarında və əhalinin sıx olduğu digər yerlərdə dezinfeksiya işləri aparılır. Səhiyyə Nazirliyi də yaxın vaxtlarda ölkəyə vaksin gətirəcək.


Bəs 125 deputatın toplaşdığı, çoxlu sayda texniki işçilərin çalışdığı Milli Məclisin binasında dezinfeksiya işləri aparılacaqmı? Deputatlar bununla bağlı parlamentdə təşəbbüslə çıxış edəcəklərmi, AH1N1 virusuna qarşı peyvənd vurdurmağa hazırlaşırlarmı?

Lent.az bu sualları parlamentin işlər müdirinə və deputatlara ünvanlayıb.


İşlər müdiri Nadir müəllim deyib ki, parlamentin binasında dezinfeksiya işləri aparılması gözlənilir, ancaq hələ bu barədə dəqiq məlumat yoxdur. O, ölkəyə “donuz qripi”nə qarşı vaksin gətirilən zaman peyvənd vurduracağını da söyləyib.


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə də Milli Məclisin binasının dezinfeksiya olunub-olunmayacağından məlumatsızdır: “Bu kimi məsələlər deputat təşəbbüsü ilə olmur, aidiyyəti dövlət qurumları məsləhət bilsə, binada dezinfeksiya aparılacaq”.
Aydın Mirzəzadə peyvənd vurdurmağa isə müsbət yanaşır.


Millət vəkili İqbal Ağazadə hesab edir ki, dezinfeksiya barədə sualı parlamentin texniki işçiləri cavablandırmalıdır. Peyvənd vurdurmaq məsələsinə də İqbal Ağazadə fərqli prizmadan yanaşır: “Azərbaycana gətiriləcək peyvəndin özünün hansı keyfiyyətdə olacağı əsasdır. Çünki bu gün peyvəndlə bağlı bir çox sual var. Ona görə də gələcəkdə peyvənd vurdurub-vurdurmamaq məsələsinə baxacağıq”.


AVP sədri, millət vəkili Fəzail Ağamalı da dezinfeksiya barədə suala deputatın cavab verməsini düzgün saymır. Ancaq o, donuz qripinə qarşı peyvənd mütləq vurduracaq.


Millət vəkili Nəsib Nəsibli deyib ki, noyabrın 10-da büdcə müzakirələri başlayır, deputatlara cari məsələlər üçün vaxt ayrılmayacaq: “Büdcə müzakirələri yekunlaşdıqdan sonra mən Milli Məclis binasında dezinfeksiya işlərinin aparılması təşəbbüsü ilə çıxış edəcəyəm”.
Nəsib Nəsibli peyvənd də vurduracaq.

Millət vəkili Aydın Abbasovun fikrincə, yəqin ki, parlament binasında dezinfeksiya işlərinin aparılması üçün deputat təşəbbüsünə ehtiyac qalmayacaq. O, Səhiyyə Nazirliyinin tövsiyəsi olarsa, peyvənd də vurduracaq.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar