Azərbaycan dünya texnologiyalarını Qarabağa gətirdi - "Ağllı kənd" nədir?
19 iyul 2022 18:00 (UTC +04:00)

Azərbaycan dünya texnologiyalarını Qarabağa gətirdi - "Ağllı kənd" nədir?

Bu gün tarixi gündür. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır.

Qeyd edək ki,  “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə bağlı Prezident İlham Əliyev tərəfindən 19 aprel 2021-ci il tarixində müvafiq Sərəncam imzalanıb. Ölkə başçısı Qarabağa səfərləri zamanı çıxışlarında azad edilmiş ərazilərdə şəhərlər və kəndlərin “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalı olduğunu vurğulayıb. Bu layihə vətəndaşların xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə etmələrinə imkan yaradır. 

 

Əslində, illərdi Avropada və ümumiyyətlə bir sıra inkişaf etmiş ölkələrdə ağıllı şəhər və kəndlərin çoxalması üçün göstərilən təşəbbüslərə hərtərəfli dəstək verilir. Sinqapur başda olmaqla bir sıra ölkələr də ağıllı şəhər konsepsiyasına ciddi maraq göstərir. Bu istiqamətdə, hətta bir çox Qərb ölkələrini geridə qoyublar. Çin və Hindistan kimi əhalisinin sıxlığı ilə seçilən ölkələr də müasir texnologiyalara istinadən idarə olunan ağıllı şəhərləri getdikcə daha çox ön plana çıxarırlar. 

ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə də bu konsepsiya ciddi uğur qazanıb. “Cisco”, “Schneider Electric”, “IBM”, “Microsoft” kimi dünyanın ən nəhəng şirkətləri ağıllı şəhər konsepsiyasının daha da təkminləşdirilməsində xüsusi fəallıq göstərirlər.

Ekspert Mirzə Əliyev mediaya verdiyi aşıqlamasında deyir ki, bütün dünyada ağıllı kənd layihəsinin müəyyən məqsədləri var. Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır: “Yəni kənd yerlərində insanlara elə şərait yaradılsın ki, onların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də çıxışı olsun. “Ağıllı kənd” layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır”. 

 

“Ağıllı kənd”in maraqlı xüsusiyyətləri var. Məsələn, səhiyyə ilə bağlı. Avropada “Ağıllı kənd” “smart boks”ların var. Bu qurğular kiçik kabinetlərdir, adətən avtomobilin üstünə quraşdırılır. Burada qan verməklə 30-dan artıq analizin nəticəsini 1 saata öyrənmək olar. Bu analizin nəticələri təkcə kənd sakininin özünə deyil, həm də rayon mərkəzində qurulan xüsusi mərkəzə də ötürülür. Nəticədə kənd sakinləri analizi bildikdən sonra elə bu “smart-boks”da canlı olaraq həkimdən sorğu sual edib konsultasiya ala bilərlər. Və ya, başqa məqam.  

M.Əliyevin sözlərinə görə, kənd yerlərində aparılan araşdırma zamanı kənd sakinləri apteklərin olmadığını, olanların da bağlandığını, eləcə də bank xidmətlərinin olmadığını bildirərək bu məsələdə dövlət orqanlarından kömək istəyiblər:  “Amma hər kənddə aptek və bank filialı qurmaq da mümkün deyil. Bu məsələnin birgə həlli üçün özündə həm dərman satışını, həm də bankomatı birləşdirən bankomat tipli əczaxanalar qurulur. Belə qurğular həm bankomatlardır, həm də burada ən çox istifadə olunan kütləvi dərmanlar, məsələn, başağrısı və sair satılır. Bu, e-səhiyyə və tibb xidməti adlanır”. 
Kənd yerlərində, heç də hamısında olmasa da, aktual problemlərdən biri alternativ enerji mənbələridir. Buraya günəş, bioenerji külək və sair enerji mənbələri aiddir: “Məsələn, Almaniyada kəndə qaz verməkdənsə, bio enerjidən və günəş enerjisindən istifadə edirlər. Finlandiyanın Laplandiya əyalətində isə günəş enerjisindən istifadə edilir, küçələrin işıqlandırılması, ATM-lərin işi və sair cihazlar bu enerji ilə işləyir”. 

Bir sözlə, bu tip kəndlərin üstünlüklərini saymaqla bitməz. M.Əliyevin sözlərinə görə, hər il bu tip layihələrə 100 milyonlarla pul yatırılır. “Ağıllı kənd”lərdə yüksək sürətli internet, e-sağlamlıq sistemi – hansı ki, 36 növ analizin cavabını 10 dəqiqəyə bildirir - vətəndaşlara elektron xidmətlər göstərilir, elektron sinif var, biometrik pasportlar verilir. Almaniyada “Ağıllı kənd” layihəsinin ən böyüyü Eysenberq şəhərindədir. Burada ağıllı ticarət və logistika,  ağıllı enerji üsullarından istifadə edilir. 

 

Finlandiyada, Laplandiyada isə elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat inkişaf edib: “Məsələn, Laplandiyada mobil telefonlar üçün belə bir tətbiq yaradılıb ki, şəhərə getmək istəyən şəxs bu proqrama daxil olur və görür ki, sabah şəhərə kim gedəcək və maşında neçə boş yer var. Əslində belə bir üsul Azərbaycanda kəndlərində də var, amma bizdə bunu proqramla deyil, sözlə soruşurlar. Bunu bir proqrama çevirmək olar”. 

"Ağıllı kənd" və "şəhər" layihələrinin həyata keçirilməsi birinci növbədə ölkəmizin iqtisadi gücünün və potensialının nümayişidir. Çünki "ağıllı kənd" və "ağıllı şəhər" layihəsi hər şeydən öncə həmin ərazilərdə müasir rəqəmsal texnologiyaların və innovasiyaların tətbiq olunması əsasında sosial-iqtisadi xidmət sferalarının qurulmasıdır. Ona görə bu qədər böyük tutuma malik olan layihənin həyata keçirilməsi dövlətdən böyük iqtisadi-maliyyə resursları tələb edir ki, Azərbaycan da buna qadirdir.

# 3006
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar