Böyük QALMAQAL:  Lotereya səhvi minlərlə oyunçunu milyonçuya  çevirdi
30 iyun 2025 19:07 (UTC +04:00)

Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi

Minlərlə norveçli böyük lotereya uduşları haqqında yanlış mesajlar alıb. 

Norveçdə ötən həftənin cümə günü axşam saatlarında minlərlə insanın dövlət lotereyasında milyonlarla dollarlıq uduşlarla bağlı mesaj almasından sonra qalmaqal yaranıb. Sonradan məlum olub ki, bildirişlər səhvən göndərilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, insident Eurojackpot uduşu zamanı baş verib. Buna valyuta konvertasiyası xətası səbəb olub. Avro sentlər tələb olunduğu kimi 100-ə bölünməyib, Norveç kronuna çevrildikdə isə 100-ə vurulub. Bu, uduş məbləğlərinin 10.000 dəfə şişirdilməsi ilə nəticələnib.

Hadisədən sonra dövlət lotereya şirkəti “Norsk Tipping”in baş direktoru Tone Saqstuen istefa verdiyini açıqlayıb.

"Çox təəssüf edirəm ki, bu qədər insan məyus oldu. Baş direktor olaraq, bu cür səhvlərin baş verməməsi üçün məsuliyyət daşıyıram", - o, Norveç mediasına deyib.

Mədəniyyət naziri Lubna Cafferi sərt reaksiya verib. O, dərhal şirkət rəhbərliyini təcili iclasa çağırıb.

"Bizim bütün modelimiz etimada əsaslanır. Baş verənlər tamamilə qəbuledilməzdir", - o vurpulayıb.

Yanlış "qaliblərdən" biri olan Breyqe Halvorsen jurnalistlərə partnyorunun reaksiyası barədə danışıb: "O, ürəyi döyünərək qaçdı".

Onun sözlərinə görə, bildirişdə onun 1,2 milyon kron (təxminən 110 min dollar) udduğu iddia edilib. Ailə hazırda köhnə evi təmir edir. Bu pul çox faydalı olardı.

“Mən cekpotun 76 milyard olaraq göstərildiyini görəndə nəyinsə səhv olduğunu anladım”, - o, etiraf edib.

Bu, “Norsk Tipping”in işində bu il ilk dəfə deyil. Şirkət daha əvvəl milli lotereyada nasazlığa görə 46 milyon kron cərimələnib. Oyun asılılığı olan insanlar üçün özünü xaricetmə sistemi ilə bağlı problemlər üçün daha 36 milyon.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar