Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI:  araşdırmalara başlandı
29 sentyabr 2026 15:38 (UTC +04:00)

Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI: araşdırmalara başlandı

0

Sosial şəbəkədə Bakı şəhərindəki Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəli ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, ictimai fəal Sənan Nəcəfov Xətainin heykəlinin fotolarını sosial şəbəkədə paylaşaraq abidənin üzərindəki bir yazıya diqqət çəkib.

O bildirib ki, heykəlin üzərindəki "ŞAH İSMAYIL XƏTAİ" sözü yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədilmiş metal lövhədə kiçik hərflərlə "посвящается внуку Исмаилу Aтакушеву - Ибрагим Зейналов" ("nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov") cümləsi də yazılıb.

S.Nəcəfov dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsinə icazənin verilib-verilmədiyini sual edib.

"İkincisi, abidə tarixi şəxsiyyətə - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?

Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

"Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.

Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.

Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar