“Azərbaycan” kafesi, qapısı açıq ayaqyolu, ucuz xəstəxanalar... - REPORTAJ
26 dekabr 2012 18:51 (UTC +04:00)

“Azərbaycan” kafesi, qapısı açıq ayaqyolu, ucuz xəstəxanalar... - REPORTAJ

0

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

(Süleyman Rüstəmin məşhur şeirindən)

 

“Çəkiliş qədəqəndi...”

 

Şükür ki səhhətimdə ciddi problem yoxdur. Amma bəzi narahatlıqları Azərbaycan

səhiyyəsi həll edə bilmədiyindən, İrana üz tutmağı qərara almışdım: Ərdəbil, Təbriz, ya

da Tehrana gedəcəkdim. “Tehran çox uzaqdı, Təbrizin də həkimləri Ərdəbildəkilərdən

güclüdür”. Oralara gedib-gələnlərdən bu kimi məlumatları toplayıb, Təbrizə getmək

qərarına gəldim. Səfərlə bağlı təəssüratlarım təsəvvür etdiyimdən də maraqlı oldu.

 

O taya Biləsuvar rayonundan keçdim. Elə sərhəd-keçid məntəqəsindəki uzun növbədə

gözləyə-gözləyə məlum oldu ki, İrana gedənlərin böyük əksəriyyəti ora müayinə və

müalicəyə gedir. Yaxın ərazilərdə - Cəlilabad və Biləsuvarda yaşayan bəzi vətəndaşlar

isə sadəcə İran Biləsuvarına keçib bazarlıq edib qayıdırlar. Hər bir şəxsə cəmi 15

kiloqram yük keçirməyə icazə verilir ki, bu yükə kartofdan tutmuş meyvələrə qədər

hər şey daxildir. Uzun növbədə təxminən 2 saat gözlədikdən sonra ortadakı neytral

zonanı da adlayaraq İran sərhədçilərinə tərəf gedirik. Yolboyu müxtəlif elanlar var. Bu

elanlardan məlum olur ki, İrandan Azərbaycana yeyinti məhsulları, o cümlədən toyuq,

qənd və s. keçirmək olmaz. Bu və digər elanlar Azərbaycan dilində, latın qrafikası ilə

yazılıb. Amma onu yerli rəsmilərin yazması hərf səhvlərindən hiss olunur: “Qadınlar

hicab bəqləsin”, “Çəkiliş qədəqəndi”... Yeri gəlmişkən, çəkiliş qadağan olduğundan

bu yazıların fotosunu çəkə bilmirdim. Sərhədi keçəndən sonra da yalnız bir-iki şəkil

çəkməklə kifayətləndim. Çünki İranda aylarla həbsdə qalmış azərbaycanlı şairlərin də

şəkil həvəsini bilirdim...

 

İran Biləsuvarı

 

İran Biləsuvarında, düz sərhədi keçən kimi qapının ağzında bizi pul dəyişdirən dəllallar

qarşılayır. Onlar hər bir müştəriyə dil tökərək manat, ya da dolları tümənə çevirmək üçün razı salmağa çalışır. Burada taksi təklif edənlər də olur. Amma onlara fikir vermədən irəliləyirik. Elə sərhədi keçəndə tanış olduğum 48 yaşlı Məmmədlə bizi gözləyən taksi sürücüsünü axtarırıq. Taksi sürücüsü Məmmədin tanışının tanışıdı. Məlum olur ki, həmin sürücü Məmmədin başqa tanışlarını da Təbrizə aparıb.

 

Çox keçməmiş sürücümüz gəlir. Onunla qiymət danışıb avtomobilə əyləşirik. Yeri

gəlmişkən, Təbrizə avtomobillə gediş haqqı adambaşına 10-15 manatdır. Sürücü sizə

Təbriz, Ərdəbil, yaxud Tehranda istədiyiniz yerləri gəzdirmək üçün günlük xidmət də

təklif edir. Məsələn, Təbriz üçün günü 15-50 manat. Razılaşmadan asılı olaraq iki, ya üç

nəfər bu pulu şərik ödəyir.

 

Beləliklə, istiqamətimiz Təbrizədir. Elə yoldaca məlum olur ki, İrandakı avtomobillərin

əksəriyyəti yerli istehsaldır. Xarici markalar əsasən böyük şəhərlərdəki varlılar sürür. Bu

da İranda “inomarka”ların baha olması ilə izah edilir.

 

Xatirə İslam, Üzeyir Mehdizadə, Telli Borçalı...

 

İrana getməzdən əvvəl bu ölkənin yolları barədə çox eşitmişdim. Özü də hər kəs eyni

şeyi deyirdi: “Yollar enli və şüşə kimidi”. Lakin orada olarkən bu deyilənlərin bir qədər

şişirdilmiş olduğunu gördüm. Düzdür, Təbrizə qədər olan yolun çətinliklər bahasına

çəkildiyi hiss olunur: yolun əksər hissəsi dağlıq ərazilərdən keçir. Amma yollar heç də

enli deyil. Bir də, yolların heç də hamısını “şüşə kimi” saymaq olmaz. Buna baxmayaraq,

İranda yolların hətta qar yağanda da açıq olması çox xoşuma gəldi. Bizi orda qar

qarşılasa da, yollar açıq idi. Yollara duz səpilməsi yalnız hədsiz buz olan

yerlərdə fayda vermirdi. Amma ümumilikdə, dediyim kimi, yollar açıq idi.

 

Səfərboyu əvvəldən axıradək bizimlə olan sürücümüz (onun adını özünə problem

yaradılmaması üçün çəkmirəm) çox maraqlı, həm də zirək bir biləsuvarlı idi. Təbii ki,

söhbət İran Biləsuvarından gedir. O, yolboyu internetdən yüklədiyi Xumar Qədimova,

Xatirə İslam, Üzeyir Mehdizadə, Telli Borçalı, İbrahim Tatlısəs, Mahsun Kırmızıgül, bəzən

də rus və fars mahnılarının sədası altında hər bir sualımıza cavab verirdi. Məlum olur ki,

sürücümüz arabir Azərbaycana da gəlir, burda gəzir, qayıdır işinin başına. Azərbaycan

müğənnilərini dinləyərkən Xatirə İslamı tanıyıb-tanımadığını soruşuram. Sualımdan bir

qədər təəccüblənərək deyir: “Xatirə qabağımda oxuyub... Bilirsən harda? “Neolitdə”... Sən nə danışırsan? Mən sizin müğənnilərin hamısını tanıyıram”.

 

Sonra məlum olur ki, sürücümüz Azərbaycanla bağlı xeyli məlumatlıdır, hətta bizim

işlətdiyimiz “ruçnoy”, “vsyo” kimi rus sözlərindən də istifadə edir. Hətta ləhcəsindən

Cənubi Azərbaycandan olması demək olar ki hiss olunmur. Maraqlıdı ki, o, Təbrizdə

şəhərlilərlə söhbət edəndə yerli ləhcəylə danışırdı...

 

Sürücüyə hər şeydən sual verirdik: fahişəlikdən tutmuş İrandakı edama qədər. O da

izahlı şəkildə, özü də böyük səbirlə bütün suallarımızı cavablandırır. Hiss olunurdu ki

həmişə aldığı suallar və verdiyi cavablardı. Onun dediyindən bildik ki, burada spirtli içki

elə də çətin tapılan bir şey deyil. Sadəcə qiyməti Azərbaycandakından üç-dörd dəfə

bahadır. Əgər pulun azdırsa və yenə də içmək istəyirsənsə, aptekdən təmiz spirt almalı,

ona su qatıb içməlisən. Bunun üçün aptekə ya həkim resepti gətirmək lazımdır, ya da

aptekçi yaxın tanış olmalıdır. İç, ya sakit qal, ya da get yat. İçib dava-dalaş salanları

şallaq və həbs cəzası gözləyir. Dava salmasan içdiyini də bilən olmayacaq. Seksə

gəlincə, əslində bu barədə yəqin ki, çoxlarınız bilirsiz: İranda siğə yolu ilə qadınlarla

görüşmək mümkündür. Amma qiymətlər çox bahadır: Azərbaycandakından iki-üç dəfə

baha.

 

“Azərbaycan” kafesi

 

Təbriz yolunu Meşginşəhərdə yarı eləmişdik ki, sürücü maşını yol qırağındakı

“Azərbaycan” kafesinin yanında saxladı. Kafedəki müştərilərin hamısı Azərbaycandan

gedənlər idi. Bu kafedə özümüzü lap Azərbaycan Respublikasında olan kimi hiss edirdik:

divardakı yazılar Azərbaycan dilində (səhvlərlə dolu yazısa da), ödəniş Azərbaycan

manatıyla... Amma yenə də Azərbaycandan gedənlərə məsləhət görərdim ki, yeməyə

bu kafeyə dönməsinlər. Çünki qiymətləri hədsiz bahadır. Məsələn, Təbrizdə üç nəfərlik

kababa cəmi 4 manat xərclədiksə, burda qiymət dördqat bahadır.

 

Təbrizim, Təbrizim...

 

Nəhayət, qarlı yollarla təxminən 6 saat yarıma Təbrizə çatırıq. Qar olmasa bu yolu

5 saata, hətta daha tez də gəlmək olar. Artıq axşam düşdüyündən, birbaşa otelə

gedirik. Sürücü bizi burada sutkası 25 manata olan oteldə yerləşdirir. Otel heç birulduz

da deyil, qiymətinə uyğun olaraq yalnız minimum tələblərə cavab verir. Oteldəki

müştərilərin demək olar hamısı Azərbaycandan gedənlərdir. Təbrizdə “Azərbaycan”

adlı bu cür minimum tələblərə cavab verən bir otel də var. Lakin “Azərbaycan” brendi

Meşginşəhərdəki kafe kimi bahalıdır.

 

Minimum tələblərə cavab verən oteldə təkcə nömrədəki tualetdən gələn iy adamı

əsəbiləşdirir. Ümumiyyətlə, İranda gördüyüm tualetlərin heç birində oradan çıxarkən

su buraxmaq üçün bak yox idi. Ola bilsin ki, bu, su qıtlığı ilə əlaqədardır. Amma orada

su qıtlığını hiss eləmədim. (Özü də hara getdiksə isti su problemi görmədik. İsti su hər

yerdə var ki, bunu da qazın ucuz olması ilə izah etmək olar). Bir də, tualetlər

çoxunda arxadan bağlamaq üçün cəftə-filan olmaması ilə yadımda qaldı. Məsələ

burasındadı ki, tualetlərdə heç qopmuş cəftənin yeri də yox idi...

 

Təbrizdə, sürücümüzün dediyinə görə, ümumən İranda kanalizasiya suları boru olmadan, yəni açıq kanalla axır. Yol kənarlarında eni 30-40 santimetr, şəhərin mərkəzi yerində isə eni 5-6 metrə çatan kanallar var.

 

Müayinə qiymətləri

 

Səhər açılır və sürücümüz bizi dövlət xəstəxanalarından birinə aparır. Burada onun çoxlu

həkim tanışı var. Məlum, bizimkiləri o qədər aparıb gətirib ki... Təkcə o şübhəli qalır

ki, sürücümüz Azərbaycandakı kimi həkimlərdən hansısa faiz-filan alır, yoxsa yox? Çox

güman ki yox. Amma şübhə yenə də qalır...

 

Gələk həkimlərə. Mütəxəssis olmadığımdan, Təbriz həkimlərini Bakıdakı həmkarları ilə

müqayisə etməkdə acizəm. Lakin Bakıda məşhur həkimlərdən birinin mənə dedikləri

yaxşı yadımdadır: “Azərbaycandakı həkimlər İranın ortabab həkimlərindən daha

savadlıdır. Amma burdakıların çoxu alverçidi, dərmanlar da əksər hallarda keyfiyyətsiz

olur...”

 

Əvvəllər eşitdiklərimin əksinə olaraq, burada qadın həkimlər kişi pasiyentləri müayinə

edir. Şəxsən məni ultrasəs müayinəsindən iki qadın keçirdi. Öyrəndim ki, hətta kişi

həkimlərin də qadın xəstələri müayinə etməsinə icazə verilir.

 

Təbriz xəstəxanalarında bəzi qiymətlər (məsələn, zond udmaq kimi) Bakıdakıyla

təxminən eynidir. Amma qan, sidik və s. analizlər, ultrasəs (UZİ) və rentgen,

tomoqrafiya müayinəsinin qiyməti Bakıdakından təxminən qiyməti 3-4 dəfə ucuzdur.

Həkimlər üçün isə “vizit haqqı” adlanan qeydiyyat pulu xəstəxanaya köçürülür. Bu

qiymət dövlət xəstəxanalarında 10-15, özəl xəstəxanalarda təxminən 20 manat təşkil

edir. Yerli vətəndaşlar üçün qiymətlər 2-3 dəfə ucuzdur. Ümumiyyətlə, İranda icbari

tibbi sığorta sistemi işlədiyindən, vətəndaşlar tibbi xidmətdən lazımınca yararlana

bilir. Burada hətta özəl xəstəxanalarda işləyən həkimlər də günorta yeməyinə qədər

dövlət xəstəxanalarında işləyir. Yerli vaxtla saat 16.00-dan sonra onlar çalışdıqları özəl

klinikalara yollanır.

 

Azərbaycandan gedənlər yaxşı olardı ki, əvvəlcədən konkret xəstəxana, həkim adı

dəqiqləşdirsinlər, hətta zəng vurub növbə alsınlar. Əks halda, ya sürücü-bələdçinin, ya

da şansın ümidinə qalırlar.

 

Təbriz və təbrizlilər

 

Bir qədər də Təbriz barədə. Təbriz gözəl şəhərdir. Düzdür, yerlilər hətta paytaxt

Tehranı da bəyənmir və deyirlər ki, bizim İsfahan kimi gözəl şəhərimiz var. Amma

Təbriz də, dediyim kimi, gözəl şəhərdir. Şəhərin mərkəzindəki tikililərin çoxu üç-dörd

mərtəbəlidir. Bəzi yerlərdə yarımçıq tikililər vardı ki, bu da mənə 90-cı illərin Bakısını

xatırladırdı. Burada bizlər üçün qətiyyən dil problemi yoxdur: hamı doğma dilimizdə

danışır. Ümumilikdə Arazın o tayında müraciət forması bizdəkindən fərqlidir. Burada bütün müraciətlər “sən”lədir. İkincisi, əgər bizdə hansısa kənar şəxsdən nəsə soruşanda buna üzr istəməklə başlayırıqsa, o taydakı soydaşlarımız “ağa, yorulma” deyir.

 

Təbrizlilər avropalılaşır – desək, yanılmarıq. Əl-ələ tutmuş, qol-qola girmiş cütlükləri

avropalılardan, yaxud bakılılardan təkcə qadınların baş örtüsü fərqləndirir. Amma

Təbrizdə qadınlar başlarını 15-20 il əvvəlki kimi tam örtmür, sadəcə başlarına örtük

atırlar. Bir qisim – onların əksəri yaşlılardır – qara çarşaba bürünür. Cavanlar əsasən baş

yaylığından istifadə edir. Cavan və orta yaşlı xanımların əksəriyyəti şalvar geyinir.

 

Təbrizdə svetoforların işıqları hamısı eyni vaxtda sadəcə yanıb sönür. Sürücülər bir-

birinə yol verməklə hərəkət edirlər. Bakıda olduğu kimi Təbrizdə də avtomobillər yol

kənarlarında saxlanılır. Çünki avtomobil dayanacaqları kifayət qədər deyil.

 

Belə... Müayinələri başa vurub həkimlərin yazdıqları dərmanları alıb Təbrizdən Bakıya

qayıdırıq: yəni Vətəndən Vətənə...

 

R.Qaradağlı

 

Bakı-Təbriz-Bakı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3499

Oxşar yazılar