İlk şaxtalar başlayanda bir çox sürücü donmuş şüşəsilənlər problemi ilə üzləşir.
Lent.az xəbər verir ki, mühərrik işə salındıqdan sonra şüşəsilənlər öz-özünə ön şüşə üzərində hərəkət etməyə başlaya bilər ki, bu da mexanizmə həddindən artıq yük yaradır.
Avtomobil mütəxəssisləri izah edirlər ki, yağış sensoru optik prinsip üzrə işləyir və şüşə üzərində işığın əks olunmasının dəyişməsinə reaksiya verir. Qış aylarında sistem tez-tez şeh donunu və ya nazik nəmlik qatını yağışla səhv salır və hətta onlar donmuş vəziyyətdə olsa belə şüşəsilənləri işə salır.
Belə şəraitdə rezin elementlərin və şüşəsilən qollarının zədələnmə riski artır. Ən pis halda isə şüşəsilənlərin elektrik mühərriki sıradan çıxa bilər ki, bu da bahalı təmirə səbəb olur.
Mütəxəssislər gecəlik dayanacaqdan əvvəl şüşəsilənləri AUTO rejimindən əl rejiminə keçirməyi tövsiyə edirlər. Səhər isə yağış sensorunun söndürüldüyünə əmin olmaq, hərəkətə başlamazdan əvvəl ön şüşəni hava üfürülməsi və ya isitmə sistemi ilə qızdırmaq məsləhətdir.
Mexaniklər vurğulayırlar ki, şüşəsilən fırçalarını buzdan zorla qoparmaq olmaz. Bu, şüşədə cızıqlara və ya mexanizmin zədələnməsinə səbəb ola bilər.
Bu sadə qaydalara əməl etmək şüşəsilənləri, mühərriki və ön şüşəni qorumağa, həmçinin qış mövsümündə əlavə xərclərdən yayınmağa kömək edəcək.