XİN viza almaq üçün portal  İSTİFADƏYƏ VERİB
25 yanvar 2023 18:22 (UTC +04:00)

XİN viza almaq üçün portal İSTİFADƏYƏ VERİB

Yanvarın 25-də Azərbaycana səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyində istifadəyə verilib.

Bu barədə Lent.az-a XİN-dən verilən məlumatda qeyd olunub ki, Miqrasiya Məcəlləsinin 37-ci maddəsinə və Nazirlər Kabinetinin 2012-ci il oktyabrın 17-dəki 235 saylı qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 1.1.-ci bəndinə uyğun olaraq yaradılmış sözügedən elektron informasiya resursu vasitəsilə ölkəmizə səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq: “Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq.

İstifadəyə verilmiş “Viza almaq üçün ərizə-anket portalı” Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları, o cümlədən Xarici İşlər Nazirliyi vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq.

Elektron vizaların rəsmiləşdirilməsi “ASAN Viza” sisteminin portalı vasitəsilə həyata keçirilir və Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilmiş elektron informasiya sistemindən fərqləndirilməlidir.

İlkin mərhələdə Xarici İşlər Nazirliyi, o cümlədən ölkəmizin Almaniyadakı və Gürcüstandakı səfirlikləri tərəfindən portal vasitəsilə elektron qaydada doldurulan ərizə-anketlər qəbul ediləcəkdir. Növbəti mərhələdə Azərbaycanın digər diplomatik missiyalarının mərhələli şəkildə portala qoşulmasının təmin edilməsi nəzərdə tutulub.

“Viza almaq üçün ərizə-anket portalı” barədə əlavə məlumat www.visaapplication.mfa.gov.az internet səhifəsindən əldə oluna bilər”.

# 2595
avatar

Fidan İlqar

Oxşar yazılar