Yol polisindən sürücülərə  XƏBƏRDARLIQ:   Səhhətinizdə problem varsa...
13 mart 2023 11:49 (UTC +04:00)

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: Səhhətinizdə problem varsa...

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

İdarədən Lent.az-a daxil olan müraciətdə deyilir:

“Məlumdur ki, yaz fəslinin gəlişi insanların həyat tərzinə, əhval-ruhiyyəsinə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə iqlim dəyişmələrinə uyğun olaraq yaz fəslində orqanizmdə təlatümlərin olması bir sıra xəstəliklərin oyanmasına və ya kəskinləşməsinə təkan verir.

Belə hallar, xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha aydın göstərir ki, bu da onların ümumi həyat tərzinə təsirsiz ötüşmür. Lakin, təəssüf ki, bəzi hallarda səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da sonda insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnən hadisələrə gətirib çıxarır, ailə faciələrinə yol açır.

Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq gətirən maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən, belə halların doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir”.

# 1500
avatar

Fidan İlqar

Oxşar yazılar