2023-cü ilin iyununda dünyanı sarsıdan faciə həlak olanlardan birinin ailəsi üçün yeni bir zərbə ilə nəticələnib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Atlantik okeanında məhv olan “Titan” sualtı aparatının göyərtəsində olan pakistanlı milyarder Şahzadə Davudun dul həyat yoldaşı Kristina Davud doqquz ay sonra ərinin və onların oğlu Süleyman Davudun qalıqlarını təhvil alıb. Onun sözlərinə görə, qalıqlar matəm urnalarında və ya tabutlarda deyil, ölçüsünə görə adi ayaqqabı qutularını xatırladan kiçik konteynerlərdə təqdim olunub.
Kristina Davud emosional müsahibəsində yaxınlarından qalanların dəhşətli vəziyyətdə olduğunu bildirib: “Qalıqlar deyəndə, mən yalnız kütlə halına gəlmiş materialı nəzərdə tuturam — başqa heç nə qalmayıb. Onlar ayaqqabı qutularına bənzər iki kiçik konteynerdə idi”.

Bu açıqlamalar həlak olanların qalıqlarının çıxarılması əməliyyatının nə qədər çətin olduğunu bir daha gündəmə gətirib. Okeanın dibindən “Titan”ın qalıqlarını çıxaran dalğıclar və robotlar zədələnmiş korpusun içində qarışmış bioloji materialla qarşılaşıblar və bunu vizual şəkildə ayırmaq mümkün olmayıb.
Qalıqları müəyyən etmək üçün DNT analizləri aparılıb. Yalnız doqquz ay sonra alimlər hansı hissələrin Şahzadə Davuda, hansının Süleyman Davuda və digərlərinin digər sərnişinlərə aid olduğunu dəqiq müəyyən edə biliblər. Bundan sonra qalıqların kiçik hissələri ailələrə təhvil verilib.
Qalıqların belə ağır vəziyyətdə qaytarılmasına baxmayaraq, Kristina Davud təsəlli tapdığını da bildirib. O qeyd edib ki, istintaqın nəticələrinə görə qəza ani baş verib və bu da o deməkdir ki, onun əri və oğlu, eləcə də digər sərnişinlər baş verən təhlükəni hiss etməyə belə vaxt tapmayıblar.
Xatırladaq ki, “Titan” dərinlik aparatı 18 iyun 2023-cü ildə Atlantik okeanının dibində yerləşən məşhur “Titanik”in qalıqlarını görmək üçün ekspedisiya zamanı yoxa çıxıb. Sualtı aparatın göyərtəsində beş nəfər olub: Stokton Ruş, britaniyalı milyarder Hamiş Hardinq, Şahzadə Davud və oğlu Süleyman Davud, həmçinin fransalı tədqiqatçı Paul-Henri Narqeolet.
Bir neçə gün davam edən axtarışlardan sonra məlum olub ki, xilas ediləcək heç kim qalmayıb. 3500 metrdən artıq dərinlikdə suyun böyük təzyiqinə tab gətirə bilməyən aparat ani imploziya nəticəsində dağılıb, yəni saniyənin bir hissəsində içəriyə doğru çökərək məhv olub.