Oktyabrın 16-sı, saat 15 radələrində, İsmayıllı rayonu, Balik kəndi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, Göyçay rayon sakini Yasər Mustafayev “VAZ” markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək əvvəlcə qarşıdan gələn “DAF” markalı yük avtomobili ilə, sonra isə “Lada” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Yasər Mustafayev hadisə yerində həyatını itirib, sərnişinləri – Tural Alışov və Orxan Həsənov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır.
***
16 oktyabr, saat: 16:39
İsmayıllıda ağır avtomobil qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Balik kəndi ərazisinə qeydə alınıb.
"VAZ 2106" markalı avtomobil "DAF" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 64 yaşlı Yasər Sadıqov ölüb. 37 yaşlı Bərdə sakini Tural Alişov və 29 yaşlı Ağdam sakini Orxan Həsənov xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.