Qida qalıqları və vaxtı keçmiş məhsullar soyuducuda təkcə xoşagəlməz qoxuya deyil, həm də kif, bakteriya və davamlı ləkələrin yaranmasına səbəb ola bilər.
Soyuducu nə qədər tez-tez yuyulmalıdır?
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “FreshSpace Cleaning” şirkətinin keyfiyyət şöbəsinin rəhbəri Ronda Uilson soyuducunun ən azı üç-altı ayda bir dəfə təmizlənməsini məsləhət görür. Lakin bu müddət bir sıra faktorlardan asılı olaraq dəyişə bilər.
“Əgər mətbəxiniz daim hərəkətdə olan yerdirsə və hamı tez-tez soyuducudan nəsə götürürsə, o zaman onu daha tez-tez təmizləməlisiniz”, - o bildirib.
Soyuducuda tez xarab olan və ya tez-tez axan məhsullar saxlanılırsa, təmizlik intervalı daha qısa olmalıdır. “Sadəcə temperaturu həddindən artıq aşağı salmayın, yoxsa soyuducunuz buz bağlayacaq. Ümumilikdə, təmizləmə tezliyini şəxsi rahatlığınıza uyğun seçin. Əgər siz xoşagəlməz qoxulara və səliqəsizliyə dözə bilmirsinizsə, daha tez-tez təmizləyin”, - Uilson əlavə edib.
Təmizlik üçün lazım olanlar
Süngər, mikrofiber parça, diş fırçası, əlcək, universal təmizləyici, qab yuma vasitəsi, soda (istəyə bağlı), sirkə (istəyə bağlı), limon suyu (istəyə bağlı)
Soyuducu necə təmizlənməlidir?
İlk olaraq lazım olan bütün təmizlik vasitələrini hazırlayın. Daha sonra vaxtı keçmiş məhsulları atın və soyuducudakı bütün ərzaqları çıxarın. Çəkilə bilən rəfləri və qutuları çıxarıb ayrıca yumaq lazımdır.
Real Simple qeyd edir ki, Uilson rəflərin, qutuların və buz qabının isti su və qab yuma vasitəsi ilə süngər vasitəsilə yuyulmasını tövsiyə edir.
Ardınca soyuducunun daxili səthlərini universal təmizləyici ilə yaxşıca çiləyin və tük buraxmayan parça ilə silin. Xüsusilə yapışmış ləkələrə və qurumuş qida qalıqlarına diqqət yetirin.
Ekspert sirkə və ya limon suyu ilə qab yuma vasitəsinin qarışığını da istifadə etməyi məsləhət görür. Təmizlikdən sonra soyuducunun bir müddət açıq qalması vacibdir ki, içərisi tam havalansın.
Qapı rezinlərinin təmizlənməsi
Uilson bildirir ki, qapı rezinlərinin da təmizlənməlidir, çünki onlar qoxuları özündə saxlayır. Köhnə diş fırçası bu hissələrin künclərini təmizləməyə kömək edə bilər. Digər hissələrdən fərqli olaraq, contaları rütubətli mikrofiber parça ilə silmək kifayətdir.
Daha sonra bütün səthləri quru dəsmal ilə tam qurudun. Bu, artıq nəmin qarşısını alaraq bakteriya və kifin çoxalmasını əngəlləyir.
“Soyuducuya məhsulları geri yerləşdirərkən qabların altında əvvəlki sızmalardan qalan maye olub-olmadığını yoxlamağı unutmayın”, - mütəxəssis əlavə edib.