Bağça müdirəsindən zərər çəkən qayınana və gəlinləri  DANIŞDI
06 may 2026 13:47 (UTC +04:00)

Bağça müdirəsindən zərər çəkən qayınana və gəlinləri DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib. 

Zərərçəkən Q.A gəlinlərinin işi ilə bağlı Havvaxanım Rüstəmova ilə görüşdüyünü bildirib:

"Elan əsasında uşaq bağçasında müəllimə işi üçün H. Rüstəmovaya müraciət edib görüşdük. Gəlinlərimin hər ikisi 4 ay o bağçada işlədilər. Ona 9500 manat pul verdim, birinə 4500, digəri üçün də 5000. Pullar qaytarılıb, şikayətçi deyiləm. Şikayətimin də səbəbi o idi ki, gördük iş bağlanıb, pulumuzu ala bilmirdik, getdim Nizami rayon Prokurorluğuna şikayət etdim".

Zərərçəkən A.G təqsirləndirilən şəxsi tanıdığını deyib:

"Bağçada bir ay təcrübə keçdik. Heç bir sənəd bizə təqdim edilmədi. Dedik qadındır, çətinliyə düşüb. Bir müddət yola verməyə çalışdıq, 4 ay gözlədik. Əmək müqaviləmiz olmayıb".

Zərərçəkən Q.G 2024-cü ilin qış vaxtlarında iş üçün müraciət etdiyini bildirib:

"Elanda gördüyüm bağça müəlliməsi işi üçün müraciət etdim. Elə eşidirdim ki, kim ki orada çalışır, hamı maaşdan narazıdır. 4500 manat məbləği qaynanam o xanıma verib. Adımız var idi, amma sertifikatımız yox idi".

Növbəti proses 3 iyun saat 09:15-ə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar