Baş Prokurorluq Asif Nəsirlinin ölümü ilə bağlı məlumat yaydı - YENİLƏNİB
06 may 2026 10:07 (UTC +04:00)

Baş Prokurorluq Asif Nəsirlinin ölümü ilə bağlı məlumat yaydı - YENİLƏNİB

5

Başqa Prokurorluq həkim Asif Nəsirlinin ölümü ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Lent.a-za bildirilib ki, Milli Onkologiya Mərkəzində törədilən partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Faktla bağlı Yasamal rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş edirik ki, qeyd olunan hadisə ilə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad olunsun, təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsin. Xüsusilə vurğulayırıq ki, istintaq sirrini təşkil edən məlumatların qorunması və yayılmasının qarşısının alınması, eləcə də cinayət təqibi iştirakçılarının hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması qanunun və peşəkar informasiya mübadiləsinin əsas hüquqi və etik tələbidir.

Bu baxımdan, təsdiqini tapmamış, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatların, habelə cəmiyyətdə çaşqınlıq və əsassız narahatlıq yarada biləcək şayiə xarakterli paylaşımların yayılmasından çəkinilməsi hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən prosessual tədbirlərin maneəsiz şəkildə davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

***
5 may, saat: 22:21

Aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə baş vermiş partlayış nəticəsində ağır yaralanmış həkim-radioloq Asif Nəsirli ölüb.

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edək ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

***

30.04.2026

Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 38 yaşlı Əliyev Mübariz Sahib oğlunun qanunsuz əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır yaralanan Asif  Nəsirovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub.

Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

16:04

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.

Lent.az həmin fotonu təqdim edir:

***
15:40

Milli Onkologiya Mərkəzində partlayış olub.

Lent.az xəbər verir ki, partlayış otaqların birində baş verib.

Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
5
# 7178

Oxşar yazılar