Bakıda dayanacaqda yatan şəxs qarət olunub.
Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
İttiham aktına görə, 42 yaşlı İ. Tahirov gecə saatlarında sərxoş halda piyada gəzərkən dayanacaqda bir nəfərin yatdığını görüb. Əvvəlcə xeyli onu çağırsa da, şəxs oyanmayıb. Bundan sonra Tahirov yatan adamın ciblərini yoxlayıb və şalvarın cibində kağız əskinaslar əlinə toxunub. Nəticədə o, 680 manat məbləğində olan pulları götürüb. Evə gedərək oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləyib.
Lakin bir müddət sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, zərərçəkənə dəydiyini ziyanı ödədiyini və onunla barışdığını bildirərək barəsində həbslə bağlı olmayan cəza verilməsini istəyib.
Zərərçəkən şəxs də ifadəsində bildirib ki, hadisə olan günü şirkət tərəfindən 800 manat aylıq əməkhaqqı bank kartına köçüb və pulu bankomatdan çıxarıb. Əvvəlcə yaxınlıqdakı kafedə spirtli içki içib və yemək yeyib. Burada 120 manatlıq hesabı ödəyib. Evə gedərkən dayanacaqda möhkəm yuxusu gəldiyi üçün orada yatıb. Oyananda cibindəki pulların oğurlandığını görüb.
Məhkəmənin qərarı ilə İ. Tahirov barəsində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.