Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov xüsusilə külli miqdarda mənimsəmədə və başqa cinayətlərdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib:
Təqsirləndirilən Mehdi Əmrahov 2005-ci ildən rəhbər vəzifədə çalışdığını bildirib:
"Bina 2023-cü ildən sökülürdü. Bina çox bərbad, təhlükəli vəziyyətdə idi. Heç bir insan orada işləyə bilməzdi. Təmir müddətində 54 işçimin hamısı onlayn işləyirdi. Bu barədə nazirlikdən əmr də olmadı deyə mən insan tələfatının qarşını almaq üçün onlayn iş üsulunu daha məqsədəuyğun hesab elədim. Mən bunu Rüfət Hacıəlibəyovla müzakirə etdim. O dedi ki, özü bu barədə rəhbərliklə razılaşacaq, sonra gəlib işin gedişatına mane olmamaq şərti ilə razılıq verildiyini mənə bildirdi. Nizamnaməyə əsasən idarə rəisi kimi iş qaydalarını müəyyən edirdim. Mən heç nəyi mənimsəməmişəm. İstintaq müddəti vaxtı 30 000 manat ödəmişəm. Dedilər ki, əgər ödəməsən, həbs olunacaqsan. Bizim mühasib çox səriştəsiz idi, tender qaydalarını bilmirdi deyə mən Arif adlı tanışımdan kömək istədim. Nazirlikdə bununla bağlı araşdırmanın olduğunu bilmirəm. Məndən xəbərsiz komissiya yaradıldı. Bir səbəb tapılmadı. Yekunla bağlı məni tanış eləmədilər. Mənə sadəcə qol çəkməli olduğumu dedilər. İndi cinayətkar kimi mühakimə olunuram, amma Səhiyyə Nazirliyinin bu gün ayaqda olmasının səbəblərindən biri mənim müəllifi və təşəbbüskarı olduğum layihələrdir".
Şahid E.Y təqsirləndirilən M. Əmrahovun onun iş rəhbəri olduğunu deyib:
"Mən rəhbərliyim kimi Əmrahova tabe olub işçilərə gün yazmışam. 12 nəfər əməkdaşın kartları məndə olurdu. Pulları çıxardıb kartları Əmrahova verirdim".
Daha sonra təqsirləndiriən şəxs və şahid məhkəmənin və dövlət ittihamçısının suallarını cavablandırıblar.
Növbəti proses sentyabrın 21-nə təyin olunub.
Xatırladaq ki, təqsirləndirilən Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
İttihama görə, Mehdi Əmrahov 12 nəfər işçinin əmək haqqını mənimsəyib rəsmiləşdirərək vəzifə saxtakarlığı edib.
Təqsirləndirilən şəxs nazirliyin 783 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.
Zərərçəkənin nümayəndəsi qismində iştirak edən Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi bildirib ki, Nazirlik tərəfindən təqsirləndirilən şəxsə 670 min manat dəyərində mülki iddia qaldırılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.