Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə İdarəsində çalışan polis rəisi Birson Ergene Ankarada boş bir sahədə ölü tapılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, intihar etməzdən əvvəl məktub yazıb. 34 yaşlı polis rəisi Ankarada boş bir sahədə avtomobilinin içərisində ölü tapılıb. Ölümündən sonra Təhlükəsizlik Baş İdarəsi araşdırma aparmaq üçün bir müfəttiş təyin edib.
Ergenenin əvvəllər Bingöl Terrorla mübarizə şöbə müdirliyində xidmət etdiyi və mərhum atasının da polis olduğu öyrənilib.
Polis hüquqları məsələsini qaldıran sosial media hesablarında iddia edilir ki, məktubunda Ergene "yazılı imtahanda uğur qazanmasına baxmayaraq, müsahibə mərhələsində ədalətsiz davranılıb" yazıb.

Ergenenin iqtisadi səbəblərdən intihar etdiyi də iddia edilir.
Ergenenin intiharından sonra İYİ Partiyasının Balıkesir millət vəkili Turhan Çömez partiyanın 20 gün əvvəl polis intiharları ilə bağlı araşdırma aparılmasını tələb etdiyini xatırladaraq bunları bildirib:
"Son 2,5 ayda 14 polis intiharı baş verib! Təəssüf ki, bu gün Terrorla Mübarizə İdarəsində çalışan bir polis rəisi intihar edib. 2024-cü ildə 73, 2025-ci ildə isə 93 polis əməkdaşı intihar edib. Son 9 ildə intihar edən polis məmurlarının sayı 713-ə çatıb. 20 gün əvvəl İYİ Partiyası olaraq xəbərdarlıq etdik: "Bu vəziyyət son dərəcə ciddidir, gəlin komissiya yaradaq, araşdıraq və tədbir görək".