Bakı Ağır Cinayətlır Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə gələcək kürəkəni Rəşad Hüseynovu öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən F. Hüseynov özünü qismən təqsirli bildiyini və öldürmək niyyətinin olmadığını bildirib. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib.
Təqsirləndirilən F. Hüseynov R. Hüseynovla qohum olduqlarını, onu öldürmək niyyətinin olmadığını deyib:
"Rəşad qızımın nişanlısı idi, dini kəbinləri də vardı. Bir il idi ki, aralarında söz-söhbət kəsmirdi, mübahisələr əskik olmurdu. Hadisə günü gecə saat 12-yə qalmış evə gəldilər, qızımı evə ötürməyə gəlmişdi. Dava eləmişdilər. Rəşadı sakitləşdirməyə çalışıb onu yola saldım, getdi. Xeyli sonra Rəşad telefonuma zəng edib mənimlə söhbət etmək istədiyini deyərək, aşağı düşməyimi istədi.
Həyətdə saxladığım maşınımda oturduq. Rəşad başladı qızım haqqında ağzına gələni deməyə. Ona ədəbli olmasını, özünü yığışdırmasını dedim. Maşından düşdü. Bir də hiss elədim ki, Rəşad maşının baqajını açır. Ona nə lazım olduğunu soruşanda, sualıma cavab vermədi. Onu özünə gətirmək, qorxutmaq məqsədi ilə bıçağı çıxartdım ki, onu qorxudum, hərəkətlərinə son versin. Rəşad bıçağı tutmaq istəyəndə, əli kəsildi. Mən ona bıçaq vurmadım, özü üstümə gəldi. Üstümə gəlməsəydi, belə olmazdı. Onun ağır xəsarət alacağını dərk etmədim".
Şahid H. N. Rəşad Hüseynovun qardaşı olduğunu bildirib:
"Mən ehtiyyatda olan baş leytenantam, DSX-də xidmət edirdim. Hər gecə yatmazdan qabaq Rəşadla danışırdım. Həmin gün yazdım, sms ona çatmadı. Narahat olub tez anama yazdım. Anam onun evdə olmadığını dedi. Yenə Rəşada zəng elədim. Bir ara telefon çağırdı, sonra "odboy" verdi. İnstagram-dan zəng edəndə, zəngə nişanlısı cavab verdi.
Təəccübləndim, soruşdum "Sən niyə cavab verdin?" Nişanlısı dedi ki, parolu onda var, həm də Rəşadın telefonu atasındadır. Mən Rəşaddan nigaran qaldığımı, zənglərimə cavab vermədiyini ona dedim. Qız cavab verdi ki, Rəşad onun atası ilə danışacaqdı. Rəşad atamla danışacaqdı. Telefonun F. Hüseynovda olmasına çox təəccübləndim. Zəng elədim ona ki, "Firdovsi əmi, haradadır Rəşad?" Dedi ki "Mən nə bilim haradadır? Gəlib çıxacaq da".
Qardaşım sonralar xəstəxanada olan zaman dedi ki, nişanlısı ilə mübahisələri ondan xəbərsiz işə girməsi, gözəllik salonuna icazəsiz getməsi olub. Rəşad deyirdi ki, Firdovsi bıçağı qardaşımın üstünə çıxaranda "Səni səhvlərinlə birlikdə gəbərdib öldürəcəm"- deyib. O bıçaq Rəşadın düz ürəyinə kimi gedib. Ona deyib ki "Hara getsən də işimi tamamlayacam". Qardaşım 40 gün yaşayıb. Xəstəxanadan gələndən sonra yataq xəstəsi olmuşdu".
Növbəti proses sentyabrın 11-i 16:30-a təyin olunub.
Xatırladaq hadisə 2026-cı il fevralın 17-dən 18-nə keçən gecə baş verib. Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızının ünvanına nalayiq sözlər dediyini əsas gətirərək evdən bıçaq götürüb və yaşadığı evin həyətində mübahisə ediblər. Yaranan münaqişə zamanı F. Hüseynov bıçaqla R. Hüseynovun sinəsinə zərbə endirərək ağır xəsarət yetirib.
Xəstəxanaya çatdırılan R. Hüseynov 40 gün sonra vəfat edib. Faktla bağlı cinayət işi başladılıb, Firdovsi Hüseynov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.