Bu gün saat 13:00 radələrində Şamaxı Rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (3-ü kişi, 3-ü qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisəsində yaralılara sol bazu sümüyünün çoxqəlpəli sınığı, belin yumşaq toxumasının əzilməsi, sol diz oynağının yumşaq toxumasının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumaların hematoması, sol çiyin nahiyyəsinin yumşaq toxumasının əzilməsi və sifətin bəzi yerlərində sıyrıntılar diaqnozları təyin olunub.
Zəruri tibbi yardım göstərildikdən sonra 1973-cü il təvəllüdlü şəxs (qadın) ambulator müalicə üçün evə buraxılıb, 1979-cu il təvəllüdlü şəxs (qadın) KT müayinəsi üçün Qobustan Rayon Mərkəzi Xəstəxanasına göndərilib və 1983-cü il təvəllüdlü şəxs (qadın) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub.
Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
***
19:09
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində qeydə alınıb. Sürücü Əzimə Rzayevanın “Hyundai” markalı avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən yerindəcə keçinib. 3-ü azyaşlı olmaqla, 5 nəfər - Dürdanə Nağıyeva və 46 yaşlı Vüsalə İsmayılova xəsarət alıblar.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın soruğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.