Milyonlarla insan hələ də inanır: su ilə bağlı  5 məşhur mif
25 iyul 2026 14:56 (UTC +04:00)

Milyonlarla insan hələ də inanır: su ilə bağlı 5 məşhur mif

0

Su orqanizmin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. Lakin onun necə və nə qədər qəbul edilməli olduğu ilə bağlı illərdir dolaşan bir çox yanlış fikir var.

Lent.az xəbər verir ki, dietoloqlar bu miflərin niyə həqiqəti əks etdirmədiyini və həddindən artıq su içməyin hansı təhlükələr yarada biləcəyini izah ediblər. 

1: Hər kəs gündə mütləq 2,5 litr su içməlidir

Mütəxəssislərin sözlərinə görə, böyüklərin gündə təxminən 2,5 litr mayeyə ehtiyacı olsa da, bu miqdarın əhəmiyyətli hissəsi qida məhsullarından alınır. Buna görə də, əksər insanlar üçün fiziki aktivlik yüksək deyilsə və hava çox isti deyilsə, gün ərzində təxminən 1–1,5 litr su içmək kifayət edir.

Dietoloqlar xəbərdarlıq edir ki, həddindən artıq su qəbulu qanda natrium səviyyəsinin azalmasına səbəb ola bilər. Bu isə böyrəklərə və ürəyə əlavə yük yaradır, toxumalarda maye yığılmasına gətirib çıxarır və ağır hallarda hətta beynin fəaliyyətinə də mənfi təsir göstərir.

2: Yemək zamanı su içmək həzmi pozur

Bir çox insan hesab edir ki, yemək zamanı su içmək mədə şirəsini durulaşdırır və qidanın həzmini çətinləşdirir. Lakin dietoloqlar bildirir ki, mədə turşuluğu o qədər yüksəkdir ki, adi miqdarda içilən su həzm prosesinə mane olmur. Əgər yemək zamanı susuzluq hiss edirsinizsə, su içməkdən çəkinməyə ehtiyac yoxdur.

3: Susuzluq hissi həmişə orqanizmin ehtiyacını göstərir

Dietoloqların sözlərinə görə, hər kəs yalnız susuzluq hissinə güvənməməlidir. Uşaqlarda bu mexanizm hələ tam formalaşmayıb, yaşlı insanlarda isə zaman keçdikcə zəifləyə bilər. Mütəxəssislər orqanizmin maye ehtiyacını qiymətləndirmək üçün sidiyin rənginə diqqət etməyi tövsiyə edir. Sidik tünd sarı rəng alırsa, bu, maye çatışmazlığının əlaməti ola bilər.

4: Səhər acqarına iki stəkan su içmək arıqladır

Qeyd edilir ki, səhər oyandıqdan sonra bir stəkan su içmək gecə ərzində itirilən mayeni bərpa etməyə və həzm sistemini aktivləşdirməyə kömək edir. Lakin bu çəki azaltmır. Arıqlamağın əsas şərti qəbul edilən kalorinin sərf olunan kaloridən az olmasıdır.

5: Gün ərzində lazım olan suyu bir dəfəyə içmək olar

Mütəxəssislər bildirir ki, çoxlu suyu qısa müddətdə qəbul etmək düzgün deyil. Gün ərzində lazım olan su miqdarını kiçik porsiyalarla içmək daha faydalıdır. Bu üsul mayenin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir və mədəyə düşən yükü azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar