Bakıda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydın olub. Lent.az-ın məlumatına görə, Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuş, 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyiti Sabunçu rayon Ramana kəndi, “Südçülük” massivində, Məmmədov Arif Əliastan oğluna məxsus həyət evində torpağa basdırılmış formada tapılıb. Məlum olub ki, 26 yaşlı Ə.Seyidovun meyitinin üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər var. Həmçinin onun boyun, çiyin qabırğa sümüklərinin çoxu sınıb.
Bildirilir ki, Ə.Seyidovun meyiti qətl törədən şəxs tərəfindən soyuducuya qoyulub və soyuducu qarışıq həyətdə basdırılıb. Qatil gənc oğlanın meyitini soyuducuya yerləşdirərkən onun baş hissəsini sellofan bağlama ilə bərk-bərk büküb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 13-ü baş verib və qətli törədən şəxs artıq tutulub və dindirilir.
Qətlin səbəbi və digər detalları hələlik açıqlanmır.
*****
19:32
Bakıda yaşayış evinin həyətində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aparılan zəruri əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü Əli Səfər oğlu Seyidov olması məlum olub. Ə. Seyidov itkin düşmüş şəxs kimi axtarışda olub.
İlkin baxış zamanı cəsədin basdırılmazdan əvvəl soyuducuda saxlanıldığı məlum olub.
Hazırda faktla bağlı araşdırmalar aparılır və müvafiq ekspertizalar təyin edilib.
*****
18:02
Bakıda yaşayış evinin həyətindən torpağa basdırılmış meyit tapılıb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsi Şuşa şəhərciyində qeydə alınıb.
Qəsəbədəki evlərdən birinin həyətyanı sahəsində torpağa basdırılmış kişi meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Hadisənin kimin tərəfindən və hansı şəraitdə törədildiyi, habelə öldürülən şəxsin kimliyi hələlik məlum deyil.
Araşdırma aparılır.