Mərkəzi Bankdan “Birlikbank”la bağlı açıqlama gəldi
28 fevral 2011 14:22 (UTC +04:00)

Mərkəzi Bankdan “Birlikbank”la bağlı açıqlama gəldi

Azərbaycan Mərkəzi Bankı “Birlikbank” ASC-nin bank lisenziyasının ləğv edilməsinə dair mətbuatdan daxil olan sorğularla bağlı açıqlama yayıb.

Lent.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, “Birlikbank” ASC cari fəaliyyətini prudensial və etibarlı qaydada həyata keçirməyib və bu, bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. Bankda yaranmış vəziyyət, eləcə də qanunvericiliyin və müxtəlif normativ aktlarının tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının banka rəsmi xəbərdarlıqlar etməsinə baxmayaraq, maliyyə vəziyyətinin yaxşılaşdırılması və institusional inkişafın təmin olunması istiqamətində göstərişlərə əməl edilməyib və nəticədə bank ödəniş qabiliyyətini itirib.

Açıqlamada o da qeyd olunur ki, bank sektoru və dövlət orqanları qarşısında vaxtı keçmiş öhdəliklərini yerinə yetirə bilməməsi, habelə aktivlərin keyfiyyətinin və onların idarəetmə səviyyəsinin məqbul səviyyədə olmaması, Mərkəzi Bankın qanunvericiliyə uyğun olaraq verdiyi yazılı göstərişlərə riayət etməməsi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin 24 yanvar 2011-ci il tarixli qərarı ilə “Banklar haqqında” qanun əsasında bankın lisenziyası ləğv edilib. Bu barədə “Xalq” qəzetinin 28 yanvar 2011-ci il tarixli sayında müvafiq məlumat dərc olunub.

İdarə Heyətinin qərarı ilə “Birlikbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib və qanunvericiliyə uyğun olaraq növbəti hüquqi prosedurlar həyata keçirilir. Müvəqqəti inzibatçı bankın yerləşdiyi müvafiq ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23).

Xatırladaq ki, 28 fevral 2011-ci il tarixinə respublikada 44 bank fəaliyyət göstərir. Bunlardan 1-i dövlət, 43-ü isə kommersiya bankıdır.
# 592

Oxşar yazılar