Parlamentdə Gömrük Məcəlləsi müzakirə olundu
18 aprel 2011 15:44 (UTC +04:00)

Parlamentdə Gömrük Məcəlləsi müzakirə olundu

Lent.az-ın məlumatına görə, iclasda Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuş üçün müzakirə olunub.

Müzakirələr zamanı İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihə millət vəkillərinin və ayrı-ayrı mütəxəssislərin verdiyi təkliflər əsasında hazırlanıb. Onun sözlərinə görə, ikinci oxunuşda layihədən 10 maddə çıxarılıb.

Layihəyə görə, gömrük orqanları əməkdaşlarından daxil inzibati şikayətlərə ən uzağı 30 gün ərzində baxılacaq. Bundan başqa, qanun layihəsi təsdiq olunduqdan sonra gömrük ödənişləri nağd pul sistemi ilə yox, ancaq plastik kartlar vasitəsi ilə aparılacaq.

Layihədə həmçinin gömrükdə vahid pəncərə sisteminin yaradılması da öz əksini tapıb.

İclasda iqtisadçı deputat Vahid Əhmədov gömrük xidmətçilərindən daxil olan şikayətlərə 30 gün müddətində baxılmasından narazılığını bildirib. Onun sözlərinə görə, bu müddət kifayət qədər çoxdur. “Bu müddətdə gömrükdən mal aparan və gətirən sahibkarlar çox əziyyət çəkə bilərlər” - deyə, Əhmədov vurğulayıb. O, bu məsələ ilə bağlı dəyişikliklər təklif edib.

Gömrük Komitəsinin sədri Aydın Əliyev isə qeyd edib ki, 30 gün sadəcə qanunda göstərilən müddətdir. “Bizdə daxili təhqiqat idarəsi var və ora daxil olan şikayətlər maksimum 1 həftəyə araşdırılır” - deyə, komitə sədri vurğulayıb.

Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Ə.Hüseynli məcəllənin hər iki komitə tərəfindən kifayət qədər mükəmməl hazırlandığını qeyd edib.

Müzakirələrdən sonra layihə ikinci oxunuşda parlamentin növbəti iclasına tövsiyə olunub.

Mübariz Aslanov
# 601

Oxşar yazılar