Qubad İbadoğlu: “Şirkətlər mədən sənayesində şəffaflıq təşəbbüsü prosesinə əngəllər yaradır”
26 may 2011 18:06 (UTC +04:00)

Qubad İbadoğlu: “Şirkətlər mədən sənayesində şəffaflıq təşəbbüsü prosesinə əngəllər yaradır”

Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşşəbüsünunün (MSŞT) idarəedici orqanı olan MSŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib.

MSŞT üzrə QHT Koalisiyasının İnformasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda MSŞT üzrə 14-cü hesabatla bağlı müzakirələr aparılıb.

Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, iclasda məlum olub ki, hökumətin hesabatı ilə şirkətlərin hesabatı arasındakı fərqi aydınlaşdırmaq üçün şirkətlərdən bəzisinə göndərilən müraciətə vaxtında cavab verilmədiyindən auditor şirkəti MSŞT üzrə 14-cü hesabatla bağlı öz rəyini açıqlaya bilmir. 14-cü hesabat 2010-cu ilin yekunlarını əhatə etməlidir. Memorandumun tələblərinə görə, hesabatı hazırlamaq üçüm auditor şirkətinə bir ay vaxt ayrılıb və bu müddət də artıq bitib.

Qubad İbadoğlu deyib ki, həmin şirkətlərin adlarının açıqlanmasını və məsələ ilə bağlı izahat vermələrini istəyiblər: “Lakin bizə bildirildi ki, həmin şirkətlərin adını açıqlaya bilməzlər. Şirkətlərin mövqeyi belə oldu ki, bu, könüllü bir prinsipdir və bu səbəbədən də konfidensiallıq qorunmalıdır. Biz təbii ki, bu mövqeyi bölüşmədik və təklif etdik ki, mədən sənayesində şəffaflıq təşəbbüsünün Azərbaycanda həyata keçirilməsində şirkətlərin yaratdığı problemlərin həllinə nail olmaq üçün şirkətlərin məsuliyyətini artıran müəyyən normalar yaradılsın. Şirkətlər məsuliyyətlərini hiss etməli və bilməlidirlər ki, onlara göndərilən müraciətlərin cavablandırılması gecikdiyindən Azərbaycanda MSŞT prosesinin gedişatı ilə bağlı problem yaranır. Bu problem həm vətəndaş cəmiyyətini, həm də Hökumət Komissiyasını narahat edir. Bu narahatlıq bizdə - QHT Koalisiyasında daha çoxdur. Əgər biz dünənə qədər hesabatların vaxtında açıqlanmasından öyünə bilirdiksə, indi bizim həmin bu əsas uğurumuz, məhz şirkətlərin öz işlərinə məsuliyyətsiz yanaşması səbəbindən şübhə altına düşə bilər”.
Qubad İbadoğlunun sözlərinə görə, iclasda bu məsələ ilə bağlı qərar qəbul olunub: “Qərarımız belə oldu ki, şirkətlər mayın sonuna qədər izahatlarını versinlər və biz iyunun 1-də Çoxtərəfli Qrupun məhz bu məsələ ilə bağlı növbədənkənar iclasını keçirək”.
Çoxtərəfli Qrupun iclasının gündəliyindəki ikinci məsələ mədən sənayesinin digər sahələrində əhəmiyyətli ödəmələrlə bağlı olub. Qubad İbadoğlu qeyd edib ki, bu məsələyə dair Hökumət Komissiyasına sorğu ilə müraciət ediblər və bunun da əsasında katiblik müəyyən məlumatlar hazırlayıb. Müzakirələrin gedişində bəlli olub ki, hazırda mədən sənayesindəki gəlirlərin 99 faizindən çoxu əhatə olunub və bu neft-qaz sektorunun dominant mövqeyi, eləcə də qızıl və gümüş sənayesinin MSŞT-yə qoşulması ilə əlaqədardır. O, təəssüflə qeyd edib ki, Koalisiyanın digər sektorlarda şirkətlərin sayının çox olması və əhəmiyyətli ödəmələrə malik olmaması səbəbindən onların MSŞT-yə dəvət olunması ilə bağlı müraciəti Çoxtərəfli Qrup tərəfindən təsdiq olunmayıb: “Qərara alındı ki, MSŞT-nin tətbiqi hələ ki, hazırkı formatı əhatə etsin və digər sahələrdə gəlirlərin şəffaflığının təminatı ilə bağlı araşdırmalar davam etdirilsin”.
İclasda Koalisiyanın hazırladığı MSŞT haqqında qanun layihəsi ilə də bağlı müzakirələr aparılıb. Lakin bu məsələ də Çoxtərəfli Qrupun digər tərəflərinin müsbət münasibətilə qarşılanmayıb: “Bizim gözlədiyimiz kimi, həm hökumət, həm də şirkətlər bu qanunun əleyhinə çıxış etdilər. Qeyd etdilər ki, MSŞT prosesinin əsasında könüllülük prinsipi dayanır və bunu hüquqi müstəviyə gətirməyə ehtiyac yoxdur. Amma elə auditor rəyinin açıqlanmamasının səbəbi onu göstərir ki, Azərbaycanda bu prosesi hüquqi müstəviyə gətirməyin və müəyyən normaların tətbiq olunmasının vaxtı çatıb. Təəssüflər olsun ki, Çoxtərəfli Qrupda qərarlar konsensus yolu ilə qəbul olunduğundan biz bu qanuna ehtiyacın olması ilə bağlı Qrupun razılığını ala blmədik”.
İclasda gündəlikdə duran növbəti məsələ - Çoxtərəfli Qrupun nəzdində yaradılmış İşçi Qrupunun Memorandumun təkmilləşdirilməsi ilə bağlı hazırladığı təkliflər də müzakirədən kənarda qalıb. Qubad İbadoğlunun sözlərinə görə, şirkətlərlə QHT Koalisiyası arasında ən çox fikir ayrılığına səbəb olan fərdi hesabatlığa keçidə münasibətdir: “İclasda belə məlum oldu ki, İşçi Qrupunun təkliflərini şirkətlər tərəfi tam olaraq müzakirə etməyibr və bu səbəbdən də məsələnin Çoxtərəfli Qrupda müzakirəsinə hazır deyillər. Buna görə də Memorandumun təkmilləşdirilməsilə bağlı təkliflərin müzakirəsini apara bilmədik. Lakin fikri mübadiləsi zamanı Hökumət Komissiyasının sədri, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun bu istiqamətdə Hökumət Komissiyasının mövqeyini açıqladı. Məlum oldu ki, onlar da şirkətlərin fərdi hesabatlığa keçidinin tərəfdarıdır və bu məsələdə onların mövqeyi vətəndaş cəmiyyətinin mövqeyi bir-birinə daha yaxındır”.
Qubad İbadoğlu onu da bildirib ki, təmsil etdiyi Koalisiya həm şirkətlər, həm də ödənişlər üzrə açıqlama tələb edir. Digər ölkələrlə müqayisədə Azərbaycanda hesabatların çox yığcam xarakter daşıdığından bəzi ödənişlər var ki, onlar hesabatda ayrıca əks etdirilmir: “Bununla bağlı Koalisiyanın mövqeyini əsaslandırandan sonra bəlli oldu ki, həqiqətən də gömrük ödənişləri və eyni zamanda pensiya fonduna sosial ayrılmalarla bağlı ödənişlərin hesabatda əksini tapmaması bizim hesabat sistemimizin digər ölkələrlə müqayisədə ümumi olmasını təsdiq edir. İlkin razılaşma belə oldu ki, bu istiqamətdə apardığımız tədqiqatların nəticəsi Çoxtərəfli Qrupun növbəti iclasına təqdim olunsun və tapıntılar əsasında MSŞT hesabatlarının təkmilləşdirilməsi imkanlarını nəzərdən keçirilsin”.
İclasda müqavilələrin şəffaflığı məsələsi ətrafında da müzakirə aparılıb. Müqavilələrdən yalnız ikisinin açıq olduğunu və onların da BP-nin saytında yerləşdirildiyini deyən Qubad İbadoğlu digər şirkətlərin imzaladıqları müqavilələri öz saytlarına qoymadıqlarına diqqət çəkib: “Koalisiya Şurasının üzvü Sabit Bağırov təklif etdi ki, kontraktlar şirkət saytlarında və eyni zamanda MSŞT-nin özünün internet səhifəsində yerləşdirilsin. Bu məsələ ilə də bağlı Hökumət Komissiyası adından Şahmar Mövsümovun şirkətlərə imzaladıqları kontraktların öz saytlarında yerləşdirilməsinə dair müraciət göndərməsi qərara alındı”.
Çoxtərəfli Qrupun üzvləri Azərbaycanda MSŞT üzrə II Beynəlxalq Konfransın keçirilməsi məsələsini də müzakirə ediblər. Bununla bağlı Koalisiyanın təklifləri dinlənilib. Qərar qəbul olunub ki, bu konfrans növbəti il üçün planlaşdırılsın.
# 630

Oxşar yazılar