İri məbləğlərin nağd ödənilməsi qadağan ediləcək
03 iyun 2011 12:32 (UTC +04:00)

İri məbləğlərin nağd ödənilməsi qadağan ediləcək

«APA-ECONOMICS»in məlumatına görə, bura həm plastik kart istifadəçilərinin iqtisadi cəhətdən ciddi surətdə stimullaşdırılması, həm də sərt inzibati tədbirlər aiddir. Vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, Vergilər Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklərə əsasən, plastik kartdan istifadə edərək nağdsız ödəmələr aparan vətəndaşlara ciddi vergi güzəştləri təqdim olunacaq: «Bununla bağlı əlavə dəyər vergisini həmin ödəyicilər üçün xeyli azaltmağı təklif etmişik. Dəyərini dəqiq demək istəməzdim – buna hələ baxılacaq, amma burada kifayət qədər ciddi güzəşt nəzərdə tutulub».


Bundan başqa, nağd ödəmələrin azaldılması üçün ciddi inzibati tədbirlər görüləcək – məbləği müəyyən həddi keçən ödəmələr yalnız plastik kartlarla aparılacaq: «Müəyyən məbləğdən sonra nağd ödəmələr aparılması qadağan olunacaq və əgər belə hallar aşkarlanarsa, onlara qarşı çox ciddi sanksiyalar tətbiq olunacaq. Söhbət həm satan, həm də alan tərəfdən gedir. Hər ikisinə qarşı ciddi maliyyə sanksiyaları tətbiq olunacaq. Bu beynəlxalq təcrübədə geniş yayılıb və bundan istifadə edəcəyik».


Artıq bununla bağlı Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb: «Vergilər Nazirliyi bu məsələlərlə əlaqədar olaraq Məcəlləyə müəyyən dəyişikliklərin edilməsi üçün təkliflərini təqdim edib. Güman edirəm ki, yaxın vaxtlarda buna baxılacaq və bütün bunlar hüquqi baza yaradacaq ki, bu məsələləri daha geniş tətbiq edə bilək».


Nazir müavini hazırda ölkədə POS-terminalların sayının həddən artıq az olduğunu da xüsusi vurğulayıb: «POS-terminalların tətbiqi səviyyəsi bizi qətiyyən qane etmir. Ölkə üzrə 8 mindən bir az artıq POS-terminal var». S.Ələkbərovun sözlərinə görə, elə addımlar atılmalıdır ki, həm bizneslə məşğul olanlar, həm alıcılar və satıcılar bunda maraqlı olsunlar: «Bunu təmin edə bilsək, yaxın vaxtlarda bu sahədə ciddi irəliləyiş olacaq».
# 501

Oxşar yazılar