Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov
22 may 2026 12:12 (UTC +04:00)

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov

"Ağdam tamamilə yeni sima qazanır" - Prezidentin xüsusi nümayəndəsi

0

“Biz elektrik sistemlərini qurmaq naminə ərazini minalardan təmizləyərək koridor açmaq üçüm 1 il sərf etdik. Çünki elektrik çox mühüm infrastruktur idi”.

Bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. O bildirib ki, mina problemi hələ uzun illər davam edəcək fundamental təhlükədir: “Reallıq budur ki, biz uzun müddət minalarla birlikdə yaşamağın yollarını tapmalı olacağıq. İnsanların təhlükəsizliyini daim prioritet saxlamalıyıq”.

Emin Hüseynov mədəni irslə bağlı urbisid nümunələrinə də toxunub: “Ağdam Cümə məscidi tamamilə dağıdılmasa da, ciddi şəkildə təhqir olunmuşdu. Məsciddə donuz və inək saxlanılmışdı. Divarlarda güllə izləri və təhqiramiz yazılar vardı. Halbuki bu məkan xalqımız üçün müqəddəs dini abidə hesab olunur. Bərpa işlərindən sonra isə məscid öz əvvəlki görkəmini bərpa edib. Digər mühüm nümunə İmarət Kompleksidir. İşğal dövründə bu ərazi də vandalizmə məruz qalmış, türbələrin bir hissəsi dağıdılmışdı. Burada Pənahəli xanın, onun övladlarının və nəslinin digər üzvlərinin dəfn olunduğuna inanılır. Hazırda isə həmin ərazi bərpa olunaraq muzey kimi fəaliyyət göstərir. Bu, Azərbaycanın mədəni irsin qorunmasına necə böyük önəm verdiyini göstərir”.

Xüsusi nümayəndə qeyd edib ki, kimsə urbisidin nə olduğunu göstərmək üçün nümunə axtarırsa, Ağdam bunun ən bariz nümunəsidir: “Şəhər işğaldan azad ediləndə “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılırdı. Beş il ərzində isə Ağdam tamamilə yeni sima qazanmağa başlayıb və sanki simurq quşu kimi küllərindən yenidən doğulur”./APA

Emin Hüseynov həmçinin bildirib ki, bərpa və yenidənqurma zamanı əvvəlki standartlara qayıtmaq lazım deyil: "Köhnə Ağdam və köhnə Füzuli ilə bağlı nostalji və emosional hisslər mövcuddur. Lakin dünya dəyişir, texnologiyalar inkişaf edir və biz innovasiya dövründə yaşayırıq. Buna görə də texnologiyanın təqdim etdiyi ən yaxşı imkanlardan istifadə etməliyik. Məqsədimiz mövcud texnoloji imkanlardan maksimum yararlanmaqdır ki, həm daha az xərc çəkilsin, həm daha yüksək keyfiyyət əldə olunsun, həm də layihələr daha qısa müddətdə həyata keçirilsin. Digər vacib məsələ isə insan faktorudur. İdeal bir layihə hazırlaya, çox müasir və gözəl bir layihə həyata keçirə bilərik. Amma sonda orada yaşayacaq insanlar dinlənilmirsə, onların fikri nəzərə alınmırsa və onlar prosesin aktiv iştirakçısına çevrilmirsə, bu layihə nə faydalı olacaq, nə də dayanıqlı olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar