Rusiyada 10 illik həbsdən sonra gəlib arvadını baltaladı: “Məni kişi kimi....” – TƏFƏRRÜAT
08 oktyabr 2022 20:15 (UTC +04:00)

Rusiyada 10 illik həbsdən sonra gəlib arvadını baltaladı: “Məni kişi kimi....” – TƏFƏRRÜAT

Bərdədə arvadını baltalayan Şahvələd Nadirxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Şahvələd Nadirxanovun hansı səbəbdən arvadı Pərvanə Yəhyayevanı öldürməyə cəhd etməsi ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, hadisə Bərdə rayonunun Cəyirli kəndində baş verib.

Kəlbəcər rayon sakini Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızı yaxınları tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Ş.Nadirxanov saxlanılıb və ona Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb. 

Məhkəmədə danışan Şahvələd Nadirxanov bildirib ki, 1993-cü ildə Kəlbəcər rayonu, Milli kəndi erməni hərbi birləşmələri tərəfindən işğal olunduqdan sonra məcburi köçkün düşüb və əvvəlcə Yevlax rayonu, Qoyunbinəsi kəndində məskunlaşıb, sonra isə işləmək üçün Bərdəyə gəlib:

“2006-cı il Cəyirli kəndinə yaşayan qardaşı Xanvələdin evinə qonaq gəldim, orada Pərvanəni gördüm. Daha sonra münasibətimiz yarandı və ailə həyatı qurduq. Birgə nikahdan 2 oğlum oldu. 2008-ci ildə Cəyirli kəndində ev tikdim və biz orada yaşadıq. Lakin iş tapa bilmirdim. Ona görə həmin il Rusiyaya işləməyə getdim. Altay vilayətində yaşadığım zaman polis əməkdaşları tərəfindən narkotik satışı ittihamı ilə həbs edildim. İndustralnıy rayon məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edildim. 2018-ci ilə qədər günə-gün cəzamı çəkdim. Cəza müddətim başa çatandan sonra Bərdəyə qayıtdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Azərbaycana qayıdandan ailəm və övladlarımla yaşamağa başladım: 

“Lakin mən həbsdə olan müddətdən qayınanam Nəzakət həmin evdə yaşamağa başlamışdı. Mən evə qayıdandan bir müddət sonra yoldaşıma Nəzakətin evdən getməsini demişdim. Lakin qayınanam getmirdi. Pərvanə mənə anası Nəzakətin evdən gedəcəyi halda oğlanlarını da götürüb gedəcəyini bildirmişdi. Mən oğlanlarım Vəfadar və Elnuru yaxşı övlad olmaları üçün onları tərbiyələndirmək məqsədilə dərslərini yaxşı oxumadıqlarına, dəcəllik edib evi səliqəsiz vəziyyətə saldıqlarına görə onlara ata kimi bəzi iradlar bildirirdim. Lakin Pərvanə mənə Vəfadar və Elnurun üzərində hər hansı əməyimin, haqqımın, onlara tərbiyə vermək hüququmun olmadığını, onlara tərbiyə vermək üçün gecikdiyimi deyirdi. Bu sözlər mənə pis təsir edirdi, bununla bağlı Pərvanə ilə aramda mübahisə olurdu. Bu mübahisədən sonra arvadım və qaynanam mənə qarşı soyuq münasibət göstərirdilər. Ailə arasında olan söz söhbətdən sonra 2019-cu ilin fevral-mart ayında Pərvanə uşaqları götürüb getdi, qaynanam da həmin zaman evdən çıxdı. Bir neçə gün sonra Pərvanəni və uşaqlarımı yaşadığı evə gətirdim. Ailəmdə belə dava-dalaşın səbəbi Nəzakət olurdu”.

Şahvələd Nadirxanov deyib ki, hətta qayınanası Nəzakət yaşadığı evin ona məxsus olmadığını, onun evdə heç bir haqqının olmadığını və başqa təhqiredici sözlər deyib:

“Nəzakətlə bu söhbətə görə davam düşdü. Bundan sonra həmin gün qardaşım Xanvələdin evində ailəsi ilə birlikdə çörək yedim və təxminən 100 qram spirtli içki qəbul elədim. Evə qayıdanda gördüm ki, ailə üzvlərimin heç biri yoxdur. Nəzakətə zəng edib arvadımın və uşaqlarımın harada olduğunu soruşdum. Qayınanam isə dedi ki, Pərvanə və uşaqlar evə gəlməyəcək. Telefonda Nəzakətə evi yandırıb külə döndərəcəyimi bildirdim. Sonra evdə olan dizel yanacağını otağa tökdüm, lakin, sonradan evi yandırmaq fikrindən daşındım. Bunu eləmək səbəbim isə onları qorxutmaq idi. Daha sonra evdən çıxıb qardaşımgilə qayıtdım və orada qaldım. Səhəri gün Pərvanəni birdəfəlik özümdən qorxutmaq qərarına gəldim. Evə tərəf gəldim. Gördüm ki, Pərvanə və oğlum Vəfadar evin həyətindədir. Evin yanındakı köməkçi tikilidən baltanı götürdüm. Evə daxil olub Pərvanəni yanıma çağırdım. Ona “siz məni niyə bu evdən didərgin salmısınız?” dedim. Pərvanə isə mənə “yaxşı eləmişik, sən kişi deyilsən” cavabını verdi. Bu sözdən əsəbiləşərək baltanı çıxarıb sağ əlimə götürərək Pərvanənin başından bir dəfə zərbə endirdim. Bu zaman Pərvanənin başından qan axdı və qışqırmağa başladı. Həmin vaxt özümü itirdim. Evdən çıxan zaman qonşuların gəldiyini gördüm. Lakin özümü itirdiyim üçün Pərvanəni yenidən vurub-vurmadığım, baltanı yerə atdığımı və ya qonşum Sərxanın əlimdən aldığını xatırlamıram. Evdən çıxan kimi polisə gedib təslim olmuşam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı onu ər kimi qəbul etmədiyindən, onu uşaqlarının gözündə hörmətdən saldığından aralarında tez-tez mübahisələr olub:

“Pərvanəni öldürmək məqsədim olmayıb, sadəcə baltanı göstərərək onu qorxutmaq istəmişəm. Pərvanəni öldürmək məqsədim olsaydı ona dəfələrlə zərbə vurmaq imkanım vardı. Bundan başqa yardımçı tikiliyə daxil olan zaman orada baltadan başqa taxta və çəkic vardı. Lakin Pərvanəni qorxutmaq üçün baltanın daha məqsədəuyğun olduğu üçün baltanı götürmüşəm. Əməlimdən peşmanam”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahvələd Nadirxanov 11 il 3 ay azadlıqdan məhrum edilib.

# 7026
avatar

Oxşar yazılar