Sərxan Kərəmoğlu: “Mənim üzr istəməyim mümkün deyil”
18 may 2009 20:00 (UTC +04:00)

Sərxan Kərəmoğlu: “Mənim üzr istəməyim mümkün deyil”

Aktyor Sərxan Kərəmoğlu Lent.az-a müraciət edərək, Xalq artisti Flora Kərimova ilə aralarındakı məhkəmə çəkişməsinin yekunları barədə danışmaq istədiyini bildirib.

-Məhkəmədə hakim mənə sual verdi ki, sən keçən dəfə üzr istəmək fikrindəydin, bəs niyə getdin orda başqa hərəkətlər etdin?” Dedim, möhtərəm hakim, məgər mən o sözləri elə-belə demişəm? Mən “Sərxan qarşımda diz çökdü” sözlərinə görə hirslənib o sözləri demişəm. Orada çox söz danışıldı. Axırda dedim, son söz sizindir, nə qərar çıxarırsınız, çıxarın. Yəni, zatən keçən dəfə də dedim, Flora xanımdan üzr istəyim, bununla da iş bitsin. Qərar çıxartdılar ki, Sərxan 500 manat cərimə olunsun. Bu qərarı keçən dəfə özüm demişdim. Sadəcə Flora Kərimovanın əlində qətnamə lazımdır. Yəni İlhamə Quliyevaya, Faiq Ağayevə uduzdu. Apellyasiya məhkəməsinə verdi, qəbul olunmadı. İlhamə ilə Faiqə qarşı vəsatət qaldırdı, qəbul olunmadı. Ona görə də bunun əlində bir fakt olmalıdı desin ki, mən qələbə çaldım. Bu qələbənin altında başqa insanlar var. Mən sizin vasitənizlə Nazpəri Dostəliyevaya bir mesaj göndərmək istəyirəm. Məhkəmə prosesində arada fasilə oldu. Bu fasilədə Yunis Vəliyev mənə dedi ki, sən mənə telefon açanda Nazpəri xanıma da söydün. Dedim, Allahınızı unutmayın, priçom tut Nazpəri Dostəliyeva? Sizin vasitənizlə demək istəyirəm ki, Nazpəri xanım mənə haradasa ötən il noyabr-dekabr aylarında kişi kimi köməklik etdi. Ona görə də mən sizin adınızı hansısa qalmaqalda çəkmək istəmirəm. Mən ümumiyyətlə bir də Nazpəri Dostəliyevanın adını pisliyə çəkməyəcəm. İnsanla insan arasında dava-qalmaqal olur. Bunun dərinliyinə getmək lazım deyil. Ondan əlavə, Nazpəri xanıma oğlu Əli ilə görüşdə demişəm ki, sənin ananın həyatı boyu pisliyinə danışmayacam, ümumiyyətlə, o qadının adını çəkməyəcəm. Nazpəri xanıma demək istəyirəm ki, and verirəm o qıldığın namaza, lazım deyil, fitnə-fəsada uyma, Sərxan qorxan oğul deyil, sözüm olsa, sizə deyərəm. Hansısa oyuna girməyin. Sizdən də bir Lent.az olaraq xahiş edirəm, mənim dediklərimi çatdırın. Mən artıq yorulmuşam.

- Boynunuza alırsınız ki, Flora Kərimovanın ünvanına sərt sözlər demisiniz. İndi yenə də deyirsiniz ki, məhkəmənin qərarı belə olmamalıdır?

- Mən onu təhqir etməmişəm. Dediyi sözləri çatdırmışam. Hər birinin də sübutu var.

- Amma konkret olaraq 8 milyonun önündə siz Flora Kərimovaya qarşı sərt addım atdınız. Sizcə məhkəmənin qərarı necə olmalı idi?

- Mənim qarşılıqlı iddia ərizəm ilk növbədə qəbul olundu, sonra rədd edildi. Hakimin davranışı da müəmmalı idi. Mən demişəm tüpürüm onun şəxsiyyətinə... Bu sözləri mən özümdən dedim? Mən nəyə görə dedim? Flora Kərimova və Yunis Vəliyevin “Yeni Müsavat”da dediyi açıqlamadan sonra hirslənib demişəm. Dedikləri sözləri boyunlarına almırlar.

- İndi siz Apellyasiya məhkəməsinə müraciət edəcəksiniz, yoxsa üzr istəyəcəksiniz?

- Mənim üzr istəməyim mümkün deyil. Onu çox gözəl bilir ki, həyatda ola bilməz. Mən qalibəm.

- Xatırladım ki, qərar artıq qəbul olunub, siz ya bu qərarı qəbul etməlisiniz, ya da etiraz edib appelyasiya məhkəməsinə müraciət etməlisiniz.

-Mən də sizə dedim ki, həyatda ola bilməz ki, mən bu qərarla razılaşım. Əgər bu qərarla razılaşsam, mənim özüm üçün pis ola bilər. O hakimin öz baxışıdır, verdiyi qərardır. O öz qərarında qalsın, Sərxan da öz qərarında.

- Yəni konkret olaraq açıqlamırsız ki, hansı addımı atmaq niyyətindəsiniz...

- Vaxt, zaman göstərəcək. Burada bəzi oyunlar var. Elə oyunlar gedir ki, heç gözlənilməyən haldır. Bu oyuna Nazpəri Dostəliyevanı da qatırlar.

- Əgər burada oyun varsa, niyə əvvəlki məhkəmələrdə Flora Kərimova məhkəmələri uduzdu?

- Flora Kərimova deyir, Sərxan komandadır. Mən heç bir oyunda deyiləm. Mən təkəm. Məhkəməyə özümlə vəkil aparmadım. Birinci prosesdə bu qərarı özüm istəmişdim. Üzr deməmişəm, amma təkzib demişəm. Elə bu da üzr istəmək deməkdi də! Flora Kərimovaya bu qətnamə lazım idi. Sən kimə qalib gəldin? Evində oturub çörək yediyin insana qalib gəldin. Səni toyda aparıb oxutdurub iki-üç mahnıya görə dəfələrlə 2000-3000 manat pul qazandıran insana qalib gəldin. Həyat yoldaşı, uşaqları dəfələrlə qarşında əyilib ayaqqabını geyindirib-soyunduran insana qalib gəldin. Aylarla evində oturub “oğlum” dediyin insana qalib gəldin. Başqa insanlara get qalib gəl. O insanlar ki, bu işləri sənin üçün qurublar. Sərxan sənin üçün oyun-tuzaq qurmayıb. Mən o fikri pis mənada bildirməmişəm. Mən demişəm ki, Flora Kərimovanın mərdliyi də var. Mənə deyib ki, sən qızım Zümrüdün ölmüşü, bu işi görmə. Onlar qısa formasını yazıblar, əllərində bayraq edib Floraya göstəriblər. Axı o gözəl bilirdi ki, mən qızı Zümrüdün və həyat yoldaşının xətrini dünyalar qədər istəyirəm. Xahiş edirəm, Nazpəri Dostəliyeva haqqında bütün fikirlərimi olduğu kimi çatdırın.

- Maraqlıdır, müsahibədə təhrif ola biləcəyindən çəkinirsinizsə, niyə özü ilə əlaqə saxlamaqdansa fikirlərinizi məhz Lent.az vasitəsi ilə çatdırmaq fikrinə düşdünüz...

- Mənə elə gəlir ki, sizin vasitənizlə çatdırmaq daha düzgün olardı.

Lalə Yusifqızı


# 1601

Oxşar yazılar