Niyə şənbə  günləri təmizlik, bazar  günləri istirahət edirik? - MARAQLI FAKTLAR
25 mart 2026 20:15 (UTC +04:00)

Niyə şənbə günləri təmizlik, bazar günləri istirahət edirik? - MARAQLI FAKTLAR

0

Bazar gününün istirahət günü kimi qəbul olunması tarixi, dini və sosial amillərin qarşılıqlı təsiri nəticəsində formalaşıb. Bu məsələni daha dərindən anlamaq üçün müxtəlif dinlərdə həftənin müqəddəs günlərinin necə müəyyənləşdirildiyini və bu ənənələrin müasir cəmiyyətlərə necə təsir etdiyini araşdırmaq vacibdir.

Lent.az mövzuyla bağlı araşdırmanı təqdim edir.

Xristianlıqda bazar günü müqəddəs gün hesab olunur. Bunun əsas səbəbi İsa Məsihin məhz bu gün dirildiyinə inanılmasıdır. Bu inanc bazar gününə xüsusi dini məna verib. Tarixi baxımdan isə bazar gününün istirahət günü kimi rəsmiləşməsi Roma imperiyası dövrünə gedib çıxır. Miladın 321-ci ilində Roma imperatoru I Konstantin fərman verərək bazar gününü rəsmi istirahət günü elan edib.

I. Konstantin - Vikipedi

Bu qərara əsasən şəhərlərdə dövlət işləri və ticarət dayandırılıb, yalnız kənd təsərrüfatına müəyyən istisnalar tətbiq olunub. Bu addım xristianlığın imperiyada güclənməsi ilə bağlı olub və sonrakı əsrlərdə Avropa ölkələrində geniş yayılıb. Daha sonra sənaye inqilabı dövründə bu ənənə əmək qanunvericiliyinə daxil edilib və müasir həftəsonu sisteminin əsasını təşkil edib.

Yəhudilər üçün həftənin ən müqəddəs günü məhz şənbə - Şabbatdır. Tövrata əsasən, Tanrı dünyanı altı günə yaradıb və yeddinci gün istirahət edib. Bu səbəbdən şənbə günü işləmək qadağan olunur və insanlar ibadətə, ailəyə və ruhani həyata vaxt ayırır. Şabbat cümə günü gün batımından başlayır və şənbə axşamına qədər davam edir. Bu ənənə çox qədimdir və bu gün də yəhudi icmalarında ciddi şəkildə qorunub saxlanır.

Müsəlmanlar üçün cümə günü xüsusi əhəmiyyət daşıyır və bu gün cümə namazı qılınır. Bu, həftəlik əsas ibadət vaxtı hesab olunur və insanlar məscidlərdə bir araya gəlirlər. Lakin İslamda cümə günü tam istirahət günü kimi qəbul olunmur. İnsanlar gündəlik işlərini davam etdirə bilirlər, sadəcə namaz vaxtı işə fasilə verilməsi tövsiyə olunur. Bu səbəbdən İslam dünyasında tarixən vahid istirahət günü anlayışı formalaşmayıb və müxtəlif ölkələrdə fərqli həftəsonu sistemləri tətbiq olunub.

Şənbə günləri iməclik və təmizlik işlərinə gəldikdə isə, insanlar bazar günü rahat istirahət etmək üçün şənbə günü bu cür işləri bitirmək istəyirlər. Bunun hər hansı tarixi faktla bağlılığı yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar