Soyulanda qaralan kartofu yemək olar?
03 sentyabr 2025 19:40 (UTC +04:00)

Soyulanda qaralan kartofu yemək olar?

1

Kartof bəzən soyulandan sonra dərhal qaralır. Bu zaman isə sual yaranır, görəsən, onu yemək təhlükəlidir?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, soyulduqdan sonra kartofun qaralması təbii prosesdir.

Niyə kartof qaralır?

Milli Tibb Kitabxanasının (National Library of Medicine) məlumatına görə, kartofda polifenoloksidaza adlı ferment və polifenol birləşmələri var. Bu maddələr bitkini günəş şüalarından, xəstəliklərdən və zərərvericilərdən qoruyur.

Kartof bütöv halda olanda fermentlər hüceyrələrin ayrı-ayrı hissələrində saxlanılır. Amma kartof soyulanda və ya kəsiləndə bu maddələr birləşir və oksidləşmə baş verir. Nəticədə kartof qaralır.

Araşdırmalara görə, qaralma sürəti kartof sortundan asılıdır. 2009-cu ildə dərc olunmuş elmi işdə göstərilib ki, məsələn, Marabell sortu daha az fenol tərkibinə və yüksək antioksidant aktivliyə görə ən az qaralan sortlardan biridir.

Qaralmış kartofu yemək olarmı?

Qaralmış kartof əgər kif, pis qoxu və çürümə əlaməti yoxdursa, təhlükəsizdir. Amma bu hallarda istifadə etmək olmaz:

Yumşaq və sürüşkən olduqda, kif və ya çürümə əlaməti olduqda, acılıq və pis qoxu hiss ediləndə, yaşıl qabıq və ya çoxlu cücərtilər olduqda (çünki solanin adlı zəhərli maddə toplanır).

Əgər qaralma yalnız havayla təmasdan və ya zərbədən qaynaqlanıbsa, belə kartofu rahatlıqla bişirib yemək olar.

Qaralmanın qarşısını necə almaq olar?

Suda saxlamaq – Soyulduqdan dərhal sonra kartofu soyuq suya qoymaq lazımdır. Bu zaman hava ilə təmas kəsilir. Bir neçə saat saxlanılacaqsa, suyu dəyişmək məsləhətdir.

Duz və ya limon suyu – Suya az miqdarda duz (1 litr üçün yarım çay qaşığı) və ya bir neçə damcı limon suyu əlavə etmək oksidləşməni ləngidir.

Soyuducuda saxlamaq – Kartof suyun içində soyuducuya qoyula bilər, amma 12-24 saatdan çox saxlamaq olmaz, çünki dad və nişasta itkisi baş verir.

Dərhal bişirmək – Ən yaxşı üsul kartofu təmizlədikdən sonra dərhal bişirməkdir. Bu halda qaralmır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 418

Oxşar yazılar