Azərbaycanın 3 filiz yatağının istismarı Türkiyə şirkətlərinə verildi -  SƏRƏNCAM
29 may 2021 15:42 (UTC +04:00)

Azərbaycanın 3 filiz yatağının istismarı Türkiyə şirkətlərinə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycanın normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan  Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalamalı, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsindən irəli gələn məsələləri üç ay müddətində həll etməli, sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

# 2394
avatar

Oxşar yazılar