Qorxu və Ədalət heykəli - Mircəfər Bağırov - ARAŞDIRMA
06 aprel 2010 14:00 (UTC +04:00)

Qorxu və Ədalət heykəli - Mircəfər Bağırov - ARAŞDIRMA

Mən güclü, iradəli və seçimində israrlı insanları sevirəm. Təəssüf ki, belə insanlar həddindən ziyadə azdır.

Zamanın axarını dəyişə bilən bir güc, enerji sahibinə qibtə etməmək olurmu? Bilmirəm... Mənə gəlincə, yox. Və mən belə insanları kor inamla olsa da, həddindən çox qiymətləndirirəm.

Belə tarixi şəxsiyyətlərə həmişə rəğbətim olmaqla, onlara məhz öz “zaman-məkan”, yəni həmin şəxsin mövcudluq şərtləri kontekstindən baxmaq şərtini mütləq bilirəm. Çünki həqiqətin açarı məhz o zaman, o məkan kontekstindədir. Məhz belə şəraitdə, onun bəraət və səbəblər axtarmaq şansının qalmasına əmin oluram. Bəlkə də bu bəhanələr adlanan şərtlər olmasına əmin olsam da bu şərtin vacibliyindən vaz keçmirəm. Ancaq bu ŞƏRT - əsil tarixi mütləqliyi ortaya qoyur.

Lakin hər hansı, istənilən uğurlu zaman və şərtlərə müvafiq olaraq dəyişən, ən müqəddəs məqsədindən mənafe naminə imtina etməyi adi hal sayanlar isə... (nə acı ki, belələri həddindən ziyadə çoxdur)

Və mən də bilirəm ki...

Böyük Budda deyir:

“Böyük çayı keçməkdən....
Qara camaatla mübahisədən....
Və səndən güclü adamla düşmənçilikdən ÇƏKİN!”

Bu, tam doğrudur! Mübahisə, etiraz etmək isə ağılsızlıq olar. Amma keçilməz çayı keçmək istəyini boğmaq da mümkünsüzdür!

Mircəfər müəmması məni uzun illərdir ki, düşündürür. Etiraf edək ki, hər hansı qanlı əllərə və ya böyük işlərə sahib olmasına rəğmən, o, tarixi şəxsiyyətdir. Özü də qüdrətli tarixi şəxsiyyətdir. Əməllərinin zülmət və ya nur dünyasına aid olmasını istisna edərək, deməyə çəkinməyək: O, güclü şəxsiyyət idi.

Mənim bu faktora olan marağım - tək GÜCLÜ ŞƏXSİYYƏTin cazibəsi deyil. Bu, həm də onun, nə qədər acı olsa da, etdiyi seçimə, dediyi sözə, tutduğu mövqeyə olan güclü maraqdır. Onun hər hansı bir məqsədinə və sözə sədaqət hissinin gücüdür.

Bu günlər, 30-31 mart və 1 aprel (şərti olaraq 3 gün) Mart soyqırımı günlərində yenidən yaddaşların qaysağını qoparan QUBA kütləvi məzarlığı məni 1918-ci illərə çəkib aparır. Yəni bu yaranın və onun qaysağının heç sağalması imkanı da yoxdur, amma yenə də mən Mircəfər Bağırov rakursundan bu illərə və bu məkana baxış mənasında ZAMAN və ŞƏXSİYYƏT cazibəsində dolaşıram.
1918-ci il... Soyqırımı törədəcək hadisələrin maneəsiz inkişafı, daxildəki KİM-KİMİ mənafe toqquşmaları, kapital uğrunda məhəlli mühafizələri, intellektlə nadanlıq qarşıdurması, avam müsəlmanlarla bic erməni tandemi və s...

Əslində o illərdə Azərbaycanda baş verən və verəcək olaylar o qədər müəmmalı, o qədər dolaşıqdır ki, Qordi düyünü kəsmək qədər SƏRT olmaq bəlkə də can rahatlığı olardı. Xülasə....

Əslində bu onilliklər deyil, əsr məsafəli baxışla daha çox zəifliklər üzə çıxır. Daha artıq natamam kompleksli qəhrəmanlar, daha mənasız inamı ilə yanılmış nüfuzlar, yel dəyirmanı ilə vuruşan don kixotlar və başqa ürəkbulandıran məsələlər...

Bunlarla bərabər, almaz parıltısında olan Mircəfər faktoru da var.

Sadəcə Bakıda deyil, məhz Qubada. Bu günkü kütləvi məzarlığın üzə çıxmış cəsəd və tarix kontekstində, gizlədilmiş, amma yanmamış əlyazmalar kimi.

Məni uzun illər düşündürən bir sual vardı:

- Əcəba, Mircəfər şəxsiyyətinin bu qədər güclü olmasına rəğmən, səbəb nə qədər böyük olmalı idi ki, o, 1918-ci illərdə, məhz türk cəlladı Amazaspın dəstəsində, özü də Quba qəzasında xüsusi qəddarlıq törədən bir daşnakla eyni dəstədə mövcud ola bildi? Yaxud, ən azı şahid olmağa gücü çatdı?

Vallah APORİYAdır. Həlli, bəraəti çox müşkül şeydir. Amma izahsız da deyilmiş... Məni ilgiləndirən isə bu məqamdır:

1923-cü il yanvarın 29-da Mircəfər Bağırov Dövlət Siyasi İdarəsinin müdiri təyin ediləndə öz əli ilə yazdığı tərcümeyi-halında 1918-ci ilin mayın 1-də Qubada olmasını təsdiq edir. Bağırov, bolşeviklərin dəstəsində Qubaya daxil olmasını qeyd edir.

Bu, faktdır.

Bu dəstəni Qubaya göndərən o zamankı görkəmli partiya xadimi, gürcü mənşəli Viktor Nainaşvili idi. Onun çox güvəndiyi Amazasp isə bu səfərə şəxsi istəyi ilə ezam edilmişdi. Belə ki, 1915-ci ildə onun bu ərazidə “baş qaldırmış əcdadları” layiqli cavabını almışdı deyə. Bunu kim unutsa da Amazasp unuda bilməzdi. Acı olsa da, faktdır. Amma bu günkü sözümüzün məğzi bu deyil.

Viktor Nainaşvili, Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Mərkəzi Komitənin katibi işlədiyi zamanda, Bağırova “hakimiyyətə gəlmək” üçün ona məxsus qısa yolu tövsiyə etmişdi. Bunun ilk formatı isə bele olmuşdu: Mircəfər bolşeviklərə qoşularaq Qubaya - vaxtı ilə burda yaşamış birisi kimi İNAM doğuracaq nümayəndə olaraq - getməli idi. Çünki yerli müsəlman dəstələrin gələn dəstəni darmadağın etməsi qorxusu vardı. Bu qorxu da əbəs deyildi. M.C.Bağırov Qubada daşnak komandirin “yerli əhalini xilas edəcək qızıl ordu dəstəsinin” tərkibində olması idi.
Qubalıların qaldırdığı üsyanın, müsəlman qırğını törətmək istəyənlərə qarşı sərt döyüşlərin qarşısının alınmasında bu, ən uyğun VASİTƏ idi. Daxildən parçalanması mütləq görünən “obyekt”lərin içərisinə keçmək kimi məlum TƏLƏ əməliyyatı idi. Zamanında bu üsul N.Nərimanovun nüfuzundan istifadə taktikası kimi istifadə edilmişdi.
Bu dəfə daha ciddi bir dövlət siyasəti kimi, özü də ömürlük öz kökünə balta vuran əl kimi istifadə edilmişdi. Ən maraqlısı budur ki, Mircəfər bu dəhşəti heç də uzun illər keçəndən sonra yox, cəmi 4-5 il sonra tam çılpaqlığı ilə dərk etmişdi. Bağırovun həyatının ən müəmmalı və ən qaranlıq dövrünü - 1917-ci ilin fevralından 1918-ci ilin payızına qədər bir müddəti araşdırsa, məlum olar ki, Bağırov 1917-ci ildə siyasi seçim etməyə məhkum idi.

Məhz bu illərdə kommunist (bolşevik) partiya sıralarına keçmək səbəbinin bir başqa
ehtiyaca çevrilməsi Bağırov məhkəməsində də səsləndi. Amma bir başqa formada. Bir mesaj kimi!
Bir xatırlatma ya ki...xəbərdarlıq kimi!
Bundan da maraqlı o idi ki, sənədlərdə 17-ci il göstərilsə də, məhkəmə bu tarixi qəbul etmədi. Bağırov da mübahisə etmədi (!). Bu tarixin məhz 1917-ci il olması sübutuna cəhd belə etmədi (???).

Bəli, 1921-ci il uydurulmuş tarix idi. Bağırovun partiya üzvlüyü də şübhə doğuracaq qədər mübahisəlidir.

1917-ci və 1918-ci illər arası Mircəfərin Petrovskidə təhsil alması dəqiqdir. Sonralar öz ətrafındakılardan istər siyasi, istər elmi, istərsə də ictimai sayıqlığı ilə kəskin seçilən gənc müəllimin öz coşqun təbiəti ilə siyasi burulğana girməsi mütləq idi. Ancaq bunun üçün də mütləq səbəb var idi. Mircəfər həddindən ziyadə cəsarətli addım atmağa məhkum kimi, zaman itirmək fikrində olmadı. 22 yaşı tamam olmuş bir gənc “ən doğru zamanı doğru məkanda” haqladı.

Onu tərtib edilmiş xasiyyətnamədə belə xarakterizə edirdilər:

...dərin mütaliəyə sahib deyil.
...özünü idarə edə bilmir, təmkinli deyil.
Psixoloji hazırlığı yoxdur.
Məsuliyyətlidir!
İntizamlıdır!
...Səhvlərindən nəticə çıxarmağı bacarır.
Çox qürurludur!
Partizandır.
...Sözünün üstündə durmağı bacarır.

Əslində edəcəyi seçimə və həyatının ən təhlükəli və qaranlıq mərhələsinə səbəb olacaq HADİSƏ daha öncə baş vermişdi.
1917-ci ildə Qubada İcra Komitəsi yaradıldı.
Qəza komitəsinin komissarı kapitan Əli bəy Zizikski bu Qəza komitəsinə ikinci komissar kimi gənc Bağırovu təyin etmişdi. Bununla bərabər, şəhər milis rəisi olan Mircəfər bir az sonra Əli bəyin müavini vəzifəsinə təyinat alır. Bax elə bu zaman kəsiyində onların “mənafeyi” toqquşur.
Və sonucda Əli bəy millətçi, Bağırov isə beynəlmiləl ruhlu hesab edildiyindən, YOLLAR ayrılır.

1917-ci ildə bolşeviklərin Petroqradda hakimiyyətə gəlməsi Bakıda siyasi qarşıdurmalara, erməni-müsəlman davasına, qırğına səbəb olurdu. Müharibədən gələn əsgərlərin silahlı olması, millətçi davaların davamını fürsət kimi qəbul və icra edən ermənilərin fəaliyyətinin geniş vüsət alması bolşevik ruhlularla millətçilərin (özünü qoruma dəstələrinin) toqquşması, həmçinin Qubadakı yəhudilərlə rusların qarşıdurmasına səbəb olurdu. Əli bəy Zizikskinin dəstəsi müsəlmanları qoruyacaq dəstə idi. Qarşı tərəfdə isə dünənki silahdaşı Mircəfər dayanırdı.
Bax bu toqquşmada Mircəfərin mərkəzi hakimiyyəti ələ almaq və birinci olmaq üçün savaşı udmağı qarşısına məqsəd qoyması aydın görünür. O, “əksinqilabi dəstə” ilə ölüm-dirim savaşına girir. Əli bəyin dəstəsinə məğlub olan və gizlənən Bağırov bir də Petrovskidən gəlmiş bolşeviklərin dəstəsinə qoşuldu. Qırmızı bayraq altında və təbii ki, Amazaspın dəstəsində Qubaya gələn Bağırov bioqrafiyasında təmizlənməyəcək ləkənin və addımın sahibi olur. Bağırov Azərbaycanın ən faciəli tarixinin - qırğının şahidi və iştirakçısı olur. Bağırov yazırdı:
“...Mən istəmədiyim halda Qubada ən dəhşətli səhnələrin şahidi oldum. Hətta məcburən seyr etdiyim bu dəhşətdə öz qohumlarımı belə xilas edə bilmədim. 70 yaşlı dayımın, əmim Mir Talıbın, onun oğlu Mir Həşim, kürəkəni Hacı Heybətin vəhşicəsinə öldürülməsinin qarşısını ala bilmədim”.

Və məncə, bu hadisə onun bundan sonrakı həyatını və yolunu müəyyən etmişdi. Geriyə yol qalmırdı, gələcək artıq seçilmişdi. Milli qüvvələrə - kökə gedəcək yollar artıq kəsilmişdi. Bu, qəsdən ona verilən seçim və TƏK yol idi. Bundan sonra bircə yol qalırdı - bolşeviklərə qoşularaq burdan getmək! Bağırov da bu yolu seçdi. Bolşeviklərə qoşularaq getdi və Qızıl Ordu ilə geri döndü.

Mən onu məlum 37-ci illərin dəhşətlərinə “belə təmkinlə baxmasını” bu seçimlə əlaqələndirirəm. Düşünülərək seçilmiş yol idi.

Sahib ola biləcəyimiz də, sahib ola bilməyəcəyimiz də budur!

Bu, əvvəlcədən hesablanmış İMTİNA məqamıdır.
Bu, ömürlük qəbul ediləcək bir seçimdir.
Bu, daha sonrakı həyat və tale yolunda ən həlledici və unudulmayacaq addım idi.
Bu, ömrü boyu başı üstündə gəzdiriləcək “Domokl qılıncı” idi.
Bu, sonralar “mərhəmət”, “insanlıq”, “ürəyiyumşaqlıq” keyfiyyətləri üzərindən çəkilmiş XƏTT idi.

Amma onu içində öldürmədən yaşaması daha dəhşətli həyat idi. Nə qədər acı olsa da, faktdır.

Və daha sonralar, Bağırovun məhkəməsində ona qarşı irəli sürülən ittihamlar içində, onun acısından başqa hər şey var idi.

M.C.Bağırov: “Saysız məktublar tək mənə gəlmirdi. Moskvaya da göndərilirdi. Şair şairin qanına susamışdı. Yumşaltmaq üçün nələr etmək olardı? Susub, üstündən keçmək. Yox, elə öz yazar yoldaşları, İttifaqın iclaslarında qərarı qərar dalınca çıxarıb göndərir, üstəlik, qurultayda Malenkovun çıxışını xatırladırdılar. Partiya sıralarını təmizləmək lazımdır! Düşmən elementlərini darmadağın etməliyik. İndi gəl bunu qulaqardına vur... Çoxu da bu əfəndilər üçün sadələşdirilmiş təhqiqat adlandırılan məhkəmə tələb edirdi. Kütləvi əməliyyatlar aparmağa dördəlli hazır NKVD ağzını açıb onları gözləyirdi. Vaxt gələcək, etdiklərinə heç bir cavabdehlik daşımayanlar hələ bir deyəcəklər ki, Bağırov milli ruhları - zəkaları məhv etməkdən mənəvi ləzzət alırdı... Əfsus ki, belə düşünənlər elə o yazarların özləri və onların yazar övladları olacaq”.
Uçurum: qaranlıq, çıxılmaz yolum, Uçurum: uçurum həp sağım, həp solum. Uçurum: duyduğum həqiqət, xəyal Uçurum: çağlayanlar, kəhkəşanlar, Uçurum: dənizlər, dağlar, ormanlar. Uçurum: üfüqlər, əngin fəzalar, Uçurum: uçurum çılğın dəhalar, Uçurum: sürəkli, coşqun alqışlar. Uçurum: uçurum, süzgün baxışlar, Uçurum: uçurum bu çirkin, bu alçaq həyat! Uçurum: uçurum bütün kainat!!!

Bəli, doğrudan da, həyatda ən şirin şey həqiqəti söyləməkdir! Ən acı isə həqiqəti dinləmək...

Həqiqəti dinləmək, acını udmaq gərəkdir. Əlbəttə, əgər daha böyük məqsədlər və
daha geniş miqyasda, daha böyük gələcək uğrunda mübarizədə varsansa, onda bu acı mütləqdir.

Dinləməyə hazır olaq ki, belə əməllərə biz də sahib olmayaq!
# 652

Oxşar yazılar