Bakiyevin son ödülü, Anarların ortancılı, məzarların ən yetimi - REPORTAJ
13 aprel 2010 10:30 (UTC +04:00)

Bakiyevin son ödülü, Anarların ortancılı, məzarların ən yetimi - REPORTAJ

Qələmi, dastanı və inqilabı özgə əlində olan qırğızlar

Hər dəfə səfərə çıxanda hava limanlarında sərnişinlərin soyundurulub-geyindirilmə “yoxlanışından” əsəbi bir şey təsəvvür etmirəm. “Xaricə getmək” ifadəsi məndə “dəfələrlə soyunub-geyinmək” assosiasiyası yaradır. Açığı, bundan çox əsəbiləşirəm...

Qırğızıstanın paytaxtı Bişkekə səfərimiz də belə başladı. Novruz təntənəsi sovuşmamış yollandığımız ölkəyə çatana qədər hava limanlarında bir xeyli kəmər, ayaqqabı, gödəkcə, çanta, telefon, saat tərki-silahından keçdik. İllah da Moskvada... Adam neçə dəfə təhlükəsizlik yoxlamasından keçər! Moskvanın Şeremetyevo aeroportunda düz 4 dəfə təhlükəsiz olduğumuzu sübut elədik...

Frunzeli Bişkek

Qırğızıstan paytaxtına gecə çatdıq, daha doğrusu, sabah üzü. Narın, həzin qar yağırdı, amma yollar bağlanmamışdı... Qonaq edildiyimiz və hər halda Bişkekin yeganə modern oteli olan “Cənnət”də ilk ağlıma gələn sual bu oldu: Bu şəhər öz kommunist adını dəyişdiyi kimi özünü də yeniləyə bilibmi?

Bomboş küçələr, Sovet imperiyasından qalma kələ-kötür yollar, üstü eynən SSRİ qalığı olan yazıların, vitrinlərin olduğu dükanlar, səkilər, şüarlar… Heç bir yeni tikili, müasir, modern üslub gözə dəymir. Sanki şəhərin ruhunda kommunist mühafizəkarlığı yaşayırdı. Hətta aviabiletdə belə şəhərin adı “Frunze” yazılıb. Bu şəhər öz kommunist adından və keçmişindən hələ uzun müddət qurtula bilməyəcək!

Kasıb şəhərdir, bu yoxsulluq ilk baxışdan insanın gözünə girir. Bişkeki bir ölkənin baş şəhəri kimi təsəvvür etmək çətindir. Bir az bizim Sumqayıta bənzəyir, amma bu bənzətmədə Sumqayıta bir az da haqsızlıq var. Çünki Sumqayıt Bişkeklə müqayisə edilməyəcək qədər moderndir.

İmkansızlıq həyat şəraitində, xidmətlərdə və zəruri tələbat mallarında da özünü göstərir. Məsələn, Bakıda taksi ilə 5 manata gedəcəyin yolu burda 2 dollara gedirsən, mobil telefonlar da bizimlə müqayisədə 2 dəfə ucuzdur. Küçələrdə əsasən sovet maşınları gözə dəyir, təkəm-seyrək nəzərə çarpan xarici maşınlar isə çox köhnə modellərdir.

Qaynar şəhər həyatından söhbət gedə bilməz, bomboş ərazilər, yaşıllıq və sakit, əyalət mərkəzini xatırladan qəribə sükut vardı! Bu sükutun cəmi bir həftədən sonra pozulacağı və Qırğızıstanda silahlı üsyan olacağı qətiyyən ağla gəlmirdi. Bəlkə, tufan qabağı sakitlikmiş?

Məncə, daxili inqilablar belə yetişmir…

Baki yev, ya Ba Kiyev?

Qatıldığımız toplantıda Azərbaycan adına çıxış edən professor Nizami Cəfərovun söz oyunu hamının xoşuna gəldi. Ana dilində çıxış elədi, amma rusca yekunlaşdırdı. Dedi ki, Bakiyev – bizim Bakı ilə bağlı soyaddır, yəni, “Bakiyev bizim adamdır” (Onda hələ inqilab olmamışdı, Bakiyevə Çingiz Aytmatov ordeni verirdilər).

Səhəri gün bizi İssık Kula apardılar. Ordakı ziyafətdə Ukrayna nümayəndə heyətinin üzvü Nizami müəllimin bu fikrinə maraqlı əks-reaksiya verdi. Dedi, biz hesab edirik ki, Qırğızıstan prezidenti bizim adamdır, çünki soyadında Kiyev sözü var: Ba Kiyev! (İnqilabdan sonra da bu müəllimdən fikir soruşmaq maraqlı olardı).

Nizami müəllimin də yerdən sakit bir replikası oldu: “Mən eləcə dedim, bunlar ciddi nəticə çıxartdılar deyəsən”.

Aytmatovun vətəni

Mənim üçün Qırğızıstanın üç atributu var: Çingiz Aytmatov, İssık Kul və Manas dastanı!

Dünya şöhrətli yazıçının Ata Beytdəki məzarını ziyarət etdik. Azərbaycan nümayəndə heyətinin ilk getdiyi yer bura oldu. Aytmatovun öz vəsiyyətinə uyğun olaraq dəfn edildiyi bu məzarlıq Bişkekdən bir qədər uzaqda yerləşir. Qəbrin üstü hələ də götürülməyib, nə vaxtsa bir normal məqbərə tikiləcəyi ilə bağlı da səs-soraq yoxdu...

Açığı, çox pis oldum. Dünyada məhz Çingiz Aytmatovun vətəni kimi tanınan bir məmləkətdə ona bir məqbərəni də çox görüblər. Orda deyilənlərə görə, bu hörmətsizliyin səbəbi Bakiyevin Aytmatovu sevməməsindədir. Amma cəmi bir gün sonra Bakiyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi.

Məncə, Bakiyev ömründə bundan uca ödül almayıb və almayacaq da!

Aytmatovun qəbri üstündə birdən Anara gözüm sataşdı. Bizim birinci Anara. Düzəldilməyən, üstündəki əklilləri solmuş məzara baxıb bir xeyli düşündü. Çox sakit, ağır, lal sükutu ilə qəbirə baxıb durdu. Çingiz Aytmatovla danışdılar, amma nə danışdılar bircə ikisi bildi... Ümumiyyətlə, bu səfərimizin bir leytmotivi vardı. O da Anar, yəni yazıçı Anar, adamızın ağsaqqalı. Bu səfərdə bildiyim həqiqəti bir də dərk elədim: Anar böyük ziyalıdı!!!

Yeri gəlmişkən, nümayəndə heyətimiz 7 nəfərdən ibarət idi, tərkibində 3 Anar vardı - Birinci Anar, mən və Dialoq Avrasiya Platformasının gənclik qollarının rəhbəri Anar Qaraxançallı...


Bir də bu səfərin mənə tanıtdığı və adını xüsusi qeyd etməyə layiq olan Dialoq Avrasiya Platformasının Bakı koordinatoru Mustafa Saatçı vardı. Bizim koordinator Bişkekdə belə “yaxşıların yaxşısı” olduğu sübut elədi...

İssık Kulda...

Qırğızlar, həm də bütün türk dünyası üçün müqəddəs sayılan bir yerə getdik. Bizi İssık Kula apardılar. Tanrı dağlarının ətəyində, gözəl turizm imkanları olan bu yerdə hələ ki turizm üçün ilk işartılar var. Bir az bizim Nabrana oxşayır. Burda problemlərimiz eynidi. Bizə elə gəlir ki, turizm yalnız yay üçün əlverişlidi. Qışda hər yeri bağlamaq lazımdı. Elə qırğızlara da belə gəlir. Soyuq otaqlar, infrastrukturun fəaliyyətdən qalması, hələ turizm bölgəsinə aparan bərbad yollar onu deməyə əsas verir ki, bu bölgənin turizm potensialından istifadə olunmur. Amma yeni pansionatlar, otellər zənciri salınmağa başlayıb.

Yeni Manas dastanı

Dörd günlük Qırğızıstan səfərində ünsiyyətdə olduğumuz adamlardan hər hansı birinin hökumətdən narazılıq etdiyini, gileyləndiyini görmədik. Hətta bələdçilərimiz siyasi sabitliyin kifayət qədər olduğunu xüsusi vurğuyla deyirdilər. Amma cəmi bir həftə sonra başqa mənzərəyə virtual şahidlik etdik. Ya hamı yanılmışdı, ya da bizə elə göstərmişdilər.

Bu qədim Manas yurdunda indi yeni Manas dastanı yazılır: silahlı çevrilişdən sonra ABŞ “Manas” aeroportunun əlindən çıxacağını düşünüb qırğınları pisləməklə, Rusiya isə “Manas”ı ələ keçirmək üçün müvəqqəti hökuməti dəstəkləməklə məşğuldur. Nəzərə alsaq ki, Qırğızıstan prezidenti Rusiyanın 2 milyard dollarlıq yardımı ilə Manas hava limanını ABŞ-ın istifadəsindən çıxarmağa razılaşmışdı, onda inqilab və çevrilişlərin səbəbləri haqda düşünməyə dəyər.

Görünən odur ki, dava Qırğızıstandakı demokratiya, söz azadlığı və vətəndaş cəmiyyətinin inkişafı müstəvisində deyil. Dava “Manas” davasıdır. Və bunu yalnız hava limanının adıyla bağlamağın qəti əleyhinəyəm.

Manas – qırğızlar üçün hava limanı deyil, bu millətin yaradılış dastanı səviyyəsində olan milli-mənəvi özülüdür. Bu özülə sahiblənmək, millət üçün yeni dastan yazmaq istəyirlər.

Qələm isə qırğızların yox, başqalarının əlindədir!

Bişkekdən görünən Bakı

Bişkekdə yeganə gözədəyən tikili şəhərin mərkəzindəki “Vəfa” Ticarət Mərkəzidir ki, onu da türkiyəli iş adamları tikiblər. Türkiyənin burada müasir standartlara uyğun məktəb şəbəkəsi də fəaliyyət göstərir.

Vəssalam! Başqa heç nə yoxdur. Hər halda, biz görə bilmədik.

Bu ölkə və bu şəhər mütləq dəyişməlidir. Ancaq çevrilişlə dəyişəcəyini heç arzulamazdım – qırılan qırğızlar, qıran qırğızlar, dağılan Bişkek, Talas, Oşdur…

Təkcə mən yox, bütün nümayəndə heyəti Bakı üçün darıxdı. Çünki Bakıda darıxmamaq üçün hər gün bir dəyişiklik, yenilənmə var. Bəlkə ona görə Bakıya tələsirdik…

Qırğızıstandan bir də yadımda qalan Fərhadın mobil telefonunu dəyişməsi oldu. Qırğız qızlar ona narıncı rəngli telefon məsləhət bilmişdilər, Fərhad da gözəl türk qızlarını qırmamışdı. İki günlük lağ-lağımızdan sonra telefonun rəngini dəyişmək üçün yenidən dükana getdi.

Çox iltifatla qəbul edib, Fərhadın istəyinə uyğun telefonu dəyişdilər – baxmayaraq ki, 2 gün idi həmkarımız onu işlədirdi.

Bakıda bu, mümkün olmazdı…

Anar Yusifoğlu
# 501

Oxşar yazılar