“Xəzərin statusu ilə bağlı İranda keçiriləcək toplantı çox əhəmiyyətli olacaq”
12 oktyabr 2010 14:03 (UTC +04:00)

“Xəzərin statusu ilə bağlı İranda keçiriləcək toplantı çox əhəmiyyətli olacaq”

“Xəzərdə təhlükəsizliyin təmin olunmasında əsas rol 5 Xəzəryanı ölkəyə məxsusdur”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında İran prezidentinin Xəzər məsələləri üzrə müşaviri, xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə deyib.

M. M. Axundzadə bildirib ki, Xəzər dənizinin təhlükəsizliyi, ilk növbədə, Xəzəryanı ölkələrin özü üçün vacibdir: “Əgər Xəzərdə sülh və sabitlik hakim olarsa, bu, 5 Xəzəryanı ölkənin əmin-amanlığı deməkdir, yox, əgər Xəzərdə təhlükəsizlik təmin edilməsə, bunun acı təsirini, ilk növbədə, Xəzəryanı ölkələr hiss edəcək. Xəzəryanı ölkələr Xəzərin təhlükəsizliyində son dərəcə məsuliyyətli olmalıdır”.

İran rəsmisi Xəzəryanı ölkələrin XİN başçısı müavinlərinin Bakıda keçirilən toplantısına da toxunub: “Biz danışıqların yalnız nəzəri səviyyədə olmasını istəmirik. Ona görə də səsləndirilən fikirlərin praktiki cəhətdən yerinə yetirilməsi təklifi ilə çıxış etdik və bu zəmində də razılığa yaxınlaşırıq”.

M. M. Axundzadə deyib ki, yaxın vaxtlarda İranda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair də toplantı keçiriləcək: “Bu toplantı çox əhəmiyyətli olacaq. Bu gün həmin toplantının detalları burada müzakirə edildi və ümumi razılıq əldə olundu”.

M. M. Axundzadə “İran tərəfi Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi üçün alyansın yaradılması təklifi ilə çıxış etmişdi. Tehran belə bir hərbi təhlükəsizlik alyansının bölgədə rolunu necə görür və bu istiqamətdə daha hansı təkliflər var” sualının cavabında bunları deyib: “Xəzər sülh dənizi olmalıdır. Artıq Xəzərin hüquqi statusuna dair məsələlər 70 faiz həllini tapıb. Əgər Xəzəryanı ölkələr Xəzərin hüquqi statusunun tam həllində razılığa gəlib, son qərarlarını versələr, o zaman yəqin ki, bütün məsələlər həll olacaq. İran Xəzəri sülh və sabitlik dənizi kimi görmək istəyir. Ümid edirəm ki, bu, 5 Xəzəryanı ölkənin əməkdaşlığı nəticəsində həyata keçəcək”.
# 629

Oxşar yazılar