Avropa İttifaqının nümayəndəsi APA və Armenpress-ə BİRGƏ MÜSAHİBƏ  verdi
28 noyabr 2025 14:40 (UTC +04:00)

Avropa İttifaqının nümayəndəsi APA və Armenpress-ə BİRGƏ MÜSAHİBƏ verdi

0

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun APA və “Armenpress”ə birgə müsahibəsi

Son aylarda Ermənistan və Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Sazişin paraflanmasından bəri mühit kəskin şəkildə dəyişib

APA/Armenpress: Xanım Qrono, yaxınlarda Azərbaycana və Ermənistana səfərlər etmisiniz. Hazırda Azərbaycan və Ermənistanın vasitəçilərsiz danışıqlar apardığını nəzərə alsaq, Sizin səfərlərinizin məqsədi və əsas istiqamətləri təbii olaraq diqqət çəkir. Bu barədə ətraflı məlumat verə bilərsiniz?

Maqdalena Qrono: İlk növbədə, bu formatda müsahibəyə imkan yaratdığınız üçün hər iki informasiya agentliyə səmimi şəkildə təşəkkür etmək istəyirəm. Bu, son aylarda regionda yaşadığımız yeni reallığı bir daha vurğulayır. Ölkələrinizdə aparıcı xəbər agentlikləri olaraq hər ikinizlə müzakirə aparmaqdan çox məmnunam. Son aylarda Ermənistan və Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Sazişin paraflanmasından bəri mühit kəskin şəkildə dəyişib. Bu, ölkələriniz və bütövlükdə region üçün çox vacib olan yeni bir dövrün başlanmasına şərait yaratdı. Bəli, haqlısınız, Bakı və İrəvan danışıqlarda ikitərəfli kanala üstünlük verməyə razılaşıb və biz bunu tam şəkildə hörmətlə qarşılayırıq. Bir çox aspektdə məhsuldar və konstruktiv danışıqların "ikitərəfli aparılması" ən təsirli nailiyyətlərdən biridir. ABŞ-dakı həmkarlarımız 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalarla prosesin irəliləməsinə əhəmiyyətli töhfə veriblər. ABŞ Prezidenti Trampın ev sahibliyi etdiyi liderlərin görüşü zamanı sülh sazişinin Vaşinqtonda paraflanmasını və əldə olunmuş birgə razılaşmaları Avropa İttifaqı böyük məmnuniyyətlə qarşıladı. Tərəflərin də qeyd etdiyi kimi, onların hazırda uğurla davam edən ikitərəfli formatı şübhəsiz ki, əvvəlki məzmun, formulalar və digər formatlarda yaranmış təmaslara əsaslanır.

Biz hiss edirik ki, keçmiş proseslər, o cümlədən Avropa İttifaqı Şurasının o zamankı Prezidenti Şarl Mişelin dəstəyi ilə keçirilən və “Brüssel prosesi” adlandırdığımız Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında bir sıra görüşlər - mənim də iştirak etmək şərəfinə nail olduğum - tərəflərin danışıqları ikitərəfli qaydada aparmağa hazırlaşmasına mühüm töhfə verib. Bu çərçivə digər formatlarla yanaşı, liderlərə ikitərəfli və üçtərəfli danışıqlar aparmaq üçün lazım olan mühiti təmin edən yeni bir format kimi hamı tərəfindən yüksək qiymətləndirilirdi. Lakin bizim marağımız yalnız danışıqlar masası ilə məhdudlaşmır. Avropa İttifaqı prosesə və tərəflərə bölgədə sülhün, sabitliyin və rifahın irəlilədilməsinə yönəlmiş səylərində dəstək göstərmək istəyir. Bu, Aİ üçün əsas prioritetdir.

Mənim Bakıya 4-5 noyabr və İrəvana 18-19 noyabr tarixlərində son səfərlərim də rəhbərliklərlə müntəzəm təmaslarımın bir hissəsi idi. Hazırda həmsöhbətlərimlə müzakirələrimdə diqqət Aİ-nin sülh prosesini dəstəkləməkdə rolu və insanların sülhün konkret faydalarını görməsi və hiss etməsinə yönəlmiş tədbirlər üzərində cəmlənir. Ermənistan–Azərbaycan sülh prosesi ilə yanaşı, bu, həm də regional əməkdaşlığı, Ermənistan–Türkiyə normallaşmasını, nəqliyyat və kommunikasiya imkanlarını, eləcə də humanitar məsələləri, məsələn, minatəmizləmə səylərini və itkin düşmüş şəxslərin axtarışını əhatə edir. Biz təmasları güclü şəkildə davam etdirəcəyik və həm erməni, həm də azərbaycanlı tərəfdaşlarımız üçün tam sülh yolunda Aİ-nin faydalı ola biləcəyi yeni imkanları araşdıracağıq.

Tərəflərlə və ABŞ-la apardığımız müzakirələr nəticəsində son zamanlarda gələcək regional konnektivlik infrastrukturunun Naxçıvan seqmenti prioritet kimi seçilib

Armenpress/APAErmənistan və Azərbaycan 8 avqustda Vaşinqtonda sülh sazişini paraflayıblar və Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı da razılaşmalar əldə olunub. Vaşinqtonda əldə olunan razılaşmaları necə qiymətləndirirsiniz? Regionda kommunikasiya xətlərinin açılması prosesində Aİ-nin iştirak imkanlarına dair mövqeyi nədir? Xüsusilə “Tramp marşrutu” layihəsinin icrasında iştirak etmək baxımından Aİ-nin marağı hansı səviyyədədir və bu marşrutun təqdim edəcəyi logistika imkanlarından istifadə etməyə dair hər hansı maraq varmı?

Maqdalena Qrono: Sülh sazişinin Vaşinqtonda paraflanması həqiqətən tarixi bir nailiyyət idi və regiondakı mənzərəni altı ay əvvəl belə təsəvvür olunmayan şəkildə dəyişdirdi. Regionda yeni öhdəlik, yeni enerji, yeni ab-hava, yeni imkanlar yaranıb. Bu, olduqca müsbət bir inkişafdır və hamı tərəfindən dəstəklənməsi vacib olan bir fürsətdir.

Aİ həm Ermənistanı, həm də Azərbaycanı liderliklərinə və vizyonlu strategiyalarına görə təqdir etdi. Hansı ki, bu strategiyalar vasitəsilə kompromis və gələcəyə yönəlmiş yanaşmalar sayəsində yeni bir mühit yaradıldı. Bundan əlavə, bu münasibətlə tərəflər və ABŞ arasında bir sıra razılaşmalar və ümumi anlaşmalar əldə olundu, xüsusilə konnektivlik sahəsində, məsələn TRIPP üzrə. O vaxtdan bəri Aİ həm Ermənistan, həm də Azərbaycanla, eləcə də amerikalı tərəfdaşları ilə yaxından əlaqədə olub, yanaşmalarımızı koordinasiya etmək və tamamlayıcı elementlərə nail olmaq üçün çalışır. Biz həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla uzun müddət əməkdaşlıq və konnektivliyi artırmaq imkanlarını araşdırmışıq. Daha yaxın zamanda bu, təbii olaraq TRIPP-in açmış ola biləcəyi yeni imkanları da əhatə edib. Konnektivlik gündəliyi və Orta Dəhliz Aİ üçün əsas prioritetlərdir və aydındır ki, bunlar bölgənin kritik infrastrukturu ilə bağlı məsələlərdir. Tərəflərlə və ABŞ-la apardığımız müzakirələr nəticəsində son zamanlarda gələcək regional konnektivlik infrastrukturunun Naxçıvan seqmenti prioritet kimi seçilib. Bu, əlbəttə ki, Naxçıvanın həm cənubunda, həm də şimalında Ermənistanla əlaqələri əhatə edir və 42 km-lik TRIPP seqmentini effektiv şəkildə birləşdirmək və layihələrin bütün region üçün inklüziv olmasını təmin etmək məqsədi daşıyır. Biz hazırda mümkünlüyün öyrənilməsi üzrə tədqiqatlar aparırıq və potensial investisiya imkanlarını araşdırırıq. Həmçinin, Beynəlxalq Maliyyə İnstitutları və özəl sektoru da buraya cəlb etməyə çalışırıq.

Azərbaycanın Ermənistan bazarına malların tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq qərarı tərəflər arasında son zamanlar baş verən müsbət yeniliklərdən biridir

APA: Azərbaycan bu yaxınlarda Ermənistana taxıl tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Hansı ki, normallaşma istiqamətində diqqətəlayiq bir addımdır. Avropa İttifaqı cəmiyyətlər arasında dialoqu və əməkdaşlığı daha da dəstəkləmək üçün hansı addımları ata bilər?

Maqdalena Qrono: Həqiqətən də, Azərbaycanın Ermənistan bazarına malların tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq qərarı tərəflər arasında son zamanlar baş verən müsbət yeniliklərdən biridir. Biz bunu səmimi şəkildə alqışladıq, həmçinin digər son müsbət addımlar və tədbirlərlə birlikdə, məsələn, İrəvanda 21-22 oktyabr və Bakıda 21-22 noyabr tarixlərində ekspertlərin dəyirmi masa müzakirələrinin keçirilməsi, Cenevrədə Ermənistan və Azərbaycanın parlament sədrlərinin görüşləri, son zamanlarda İstanbul da daxil olmaqla parlament üzvlərinin görüşləri, eləcə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun Bakıya səfəri və delimitasiya/demarkasiya və itkin düşmüş şəxslər məsələlərinə həsr olunmuş ikitərəfli görüşlər davam etdirilib. Bütün bu hadisələr həqiqətən tarixi əhəmiyyət daşıyır, çünki onlar yeni dinamika gətirir və çox zəruri olan etimad yaratma imkanlarını formalaşdırır.

Regiona səfərlərim zamanı mən həmişə İrəvan və Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərə vaxt ayırıram. Çoxsaylı dəyərli ekspertlər və peşəkarlar var ki, onların tammiqyaslı sülhə yönəlmiş fəaliyyəti bizim tərəfimizdən tam dəstəklənir. Biz bu işə dəstək verməyə hazırıq ki, sülh mesajını daha da gücləndirək. Bundan əlavə, biz cəmiyyətlər arasında dialoqu və genişmiqyaslı sülh təşəbbüslərini davam etdirmək üçün siyasi dəstəyimizi təqdim etməyə davam edəcəyik, o cümlədən sülhün faydalarını daha geniş auditoriyaya fəal şəkildə çatdırmaqla.

Ermənistan və Azərbaycan həll olunmamış məsələlərdə də irəliləyiş göstərə bilərlər

Armenpress: Amma sülh sazişinin ilkin razılaşdırılmasına baxmayaraq, Azərbaycan tərəfi sülh sazişinin yekun imzalanması üçün Ermənistan tərəfinə əvvəlcədən müəyyən şərtlər qoymağa davam edir. Bildiyiniz kimi, Bakıda saxlanılan Ermənistan vətəndaşları məsələsi də mövcuddur. Sizcə, Avropa İttifaqı tərəflərin sülh sazişini yekun imzalamalarını təmin etmək və bölgənin sabit və davamlı sülh və inkişaf mərhələsinə keçməsi üçün nə edə bilər? Sizcə, yekun sülhə nail olmaq üçün humanitar məsələlərin həlli vacib deyilmi və Avropa İttifaqı bu sahədə nə edə bilər?

Maqdalena Qrono: Haqlısınız, hələ də tərəflərin və beynəlxalq tərəfdaşların diqqətinin də lazım olduğu bəzi həll olunmamış məsələlər mövcuddur.

Ümid edirik ki, son zamanlar yaranan yeni mühit və ikitərəfli uğurlar seriyasına əsaslanaraq, Ermənistan və Azərbaycan tərəfləri bu həll olunmamış məsələlərdə də irəliləyiş göstərə bilərlər. Görünən odur ki, bunun baş verməsi üçün hər şey hazırdır, lakin nəhayət, bu məsələlərin necə həll olunacağına qərar vermək tərəflərin öz işidir. Bizim bildiyimizə görə, bu da tərəflər arasında müzakirə olunur. Biz tərəfimizdən mütləq qanuni prosedurların dəstəklənməsini, o cümlədən humanitar giriş və saxlanılanların tibbi ziyarətlərini davam etdirəcəyik. Uzunmüddətli barışığın baş verməsi və sülhün geri dönməz bir xarakter almasını təmin etmək üçün bütün məsələlər, o cümlədən ən həssas olanlar mütləq həll olunmalıdır. Biz inanırıq ki, sülh sazişinin ilkin paraflanması bu istiqamətdə atılmış ilk addımı təmin etdi. O vaxtdan bəri tərəflər müxtəlif səviyyələrdə və bir çox digər məsələlər üzrə yaxından əlaqədə olublar. Onlar razılaşdırılmış addımların praktik həyata keçirilməsini müzakirə edir və ya delimitasiya/demarkasiya prosesinin davam etdirilməsi kimi növbəti addımlar üzrə fəaliyyət göstərirlər. Biz həmçinin tərəflərin ritorikasının ümumilikdə yaxşılaşmasını, indiyə qədər görünməmiş səviyyəyə çatmasını da yüksək qiymətləndiririk. Dediyim kimi, münaqişənin müxtəlif mərhələlərindən hələ də yaralar qalmaqdadır, həmçinin bir sıra həll olunmamış məsələlər mövcuddur, o cümlədən humanitar məsələlər. Cəmiyyətlər arasında sülh isə Aİ-nin tərəflər üçün faydalı olacağı təqdirdə, mütləq peşəkarlıq və müvafiq məsləhət istiqamətləri təqdim edə biləcəyi bir sahədir.

Aİ-nin Ermənistandakı müşahidə missiyası ən azı mövcud mandatının sonuna qədər fəaliyyətini davam etdirəcək

APA: Azərbaycan və Ermənistan sərhədlərində üçüncü qüvvələrin yerləşdirilməyəcəyi barədə razılığa gəliblər. Bu kontekstdə, Avropa İttifaqının Ermənistandakı Avropa İttifaqı Müşahidə Missiyası (EUMA) ilə bağlı mövqeyi necədir?

Maqdalena Qrono: Missiyanın mövcud mandatı 2025-ci ilin yanvarında əlavə iki il müddətinə, yəni 19 fevral 2027-ci il tarixinə qədər uzadılıb. Mənim anladığıma görə, əksi tələb olunmadıqca, missiya ən azı mövcud mandatının sonuna qədər fəaliyyətini davam etdirəcək. Mən həmçinin bu fürsətdən istifadə edərək Missiya ilə bağlı bütün yanlış məlumat yayımı hekayələrini qəti şəkildə təkzib etmək istəyirəm. Tammiqyaslı mülki missiya kimi onun məqsədi Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfi üzrə vəziyyəti tam tərəfsizliklə müşahidə etmək və hesabat vermək, həmçinin sərhədin birbaşa yaxınlığında yaşayan cəmiyyətlər arasında etimad yaratmağa töhfə verməkdir. Məsələn, Missiya keçən il ikitərəfli sərhədin ilk seqmenti delimitasiya edildikdən sonra təhlükəsizlik və stabillik mühitinin yaxşılaşması barədə hesabat verib və bu mühitin 2025-ci ilin avqustunda sülh sazişinin ilkin razılaşdırılmasından sonra xeyli artdığı görünür.

Armenpress: Son zamanlar Ermənistan ilə Avropa İttifaqı arasındakı münasibətlər çox fəal şəkildə inkişaf edir, Ermənistan Avropa İttifaqına üzvlük prosesini başlatmaq barədə qanun qəbul edib, Ermənistanın Baş naziri bildirib ki, Ermənistan Avropa İttifaqı istədiyi qədər ona yaxınlaşmağa hazırdır, Ermənistan vətəndaşları üçün Aİ vizalarının liberallaşdırılması prosesi aktiv mərhələdədir. Sizcə, yaxın gələcəkdə Ermənistanın Avropa İttifaqına üzvlüyü mümkündürmü və ümumilikdə, hazırkı münasibətlərin inkişaf mərhələsini necə qiymətləndirirsiniz?

Maqdalena Qrono: Bu məsələlər birbaşa mənim mandatımın tərkib hissəsi deyil və mən inanıram ki, EEAS (European External Action Service) və Aİ-nin Ermənistandakı nümayəndəliyi bu məsələyə ən yaxşı şəkildə və əhatəli cavab verə biləcəklər. Bunu qeyd etdikdən sonra şəxsən əlavə edə bilərəm ki, mən bütün bu prosesləri yaxından izləyirəm və hazırkı Aİ–Ermənistan münasibətlərinin səviyyəsini görməkdən çox məmnunam və bu məni ruhlandırır. Ermənistan əhalisi ilə birlikdə bu yol boyunca irəliləmək xoş və yüksək motivasiya verən bir haldır. Biz 2025-ci ilin dekabrında Brüsseldə keçiriləcək Aİ–Ermənistan Tərəfdaşlıq Şurasının növbəti iclasını, həmçinin 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan 8-ci EPC Sammitini böyük səbirsizliklə gözləyirik.

Kaya Kallasın Bakıya səfərindən sonra yaranmış yeni müsbət dinamikanı müşahidə etməkdən məmnunam

APA: Hazırda Azərbaycan və Aİ arasında yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlara başlamaq və yeni hərtərəfli Saziş layihəsi üzrə müzakirələri bərpa etmək barədə ümumi bir anlayış mövcuddur. Sizcə, bu çərçivədə Azərbaycan və Avropa İttifaqı arasında gələcək əməkdaşlığın perspektivləri necədir?

Maqdalena Qrono: Burada da qeyd etməliyəm ki, bu məsələ mənim mandatımın bir hissəsi deyil və düşünürəm ki, EEAS və Azərbaycandakı Aİ Nümayəndəliyi ən dolğun cavabı vermək üçün daha uyğun qurumlardır. Bununla belə, şəxsən Aİ–Azərbaycan münasibətlərində, xüsusilə də keçən ilin aprel ayında Yüksək Nümayəndə/Vitse-Prezident Kallasın Bakıya səfərindən sonra yaranmış yeni müsbət dinamikanı müşahidə etməkdən məmnunam. Ümid edirik ki, yeni Tərəfdaşlıq Prioritetləri üzrə davam edən danışıqlar və yeni ikitərəfli Saziş layihəsi üzrə aparılan müzakirələr çox tez bir zamanda nəticə verəcək, beləliklə, biz ikitərəfli gündəmimizə müsbət və hərtərəfli şəkildə fokuslana biləcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar