Bakıda WUF13 ilə əlaqədar diplomatik korpus üçün məlumatlandırma sessiyası keçirildi
17 noyabr 2025 12:04 (UTC +04:00)

Bakıda WUF13 ilə əlaqədar diplomatik korpus üçün məlumatlandırma sessiyası keçirildi

0

Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib.

Lent.az xəbər verir ki, foruma dair məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici Əlaqələr, Strategiya, Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yemeru çıxış edib.

Eyni zamanda UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın video müraciəti təqdim olunub.

WUF13-ün milli koordinatoru Anar Quliyev qlobal əhəmiyyətli forum çərçivəsində dövlət və hökumət başçılarının, nazirlərin yüksək səviyyəli tədbirlərdə iştirak edəcəklərini bildirib:

“WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır. Azərbaycan Foruma yeni təşəbbüslər təqdim edib və forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal şəhər gündəliyinə sadiqliyini və şəhərlərin transformasiyasına dair beynəlxalq proseslərdə fəal liderliyini nümayiş etdirir. Biz inanırıq ki, WUF13 şəhərlərin daha dayanıqlı və insan mərkəzli inkişafına mühüm töhfə verəcək.

İlk olaraq“WUF-13” çərçivəsində ölkə liderləri səviyyəsində konfrans keçiriləcək. İkincisi, nazirlər səviyyəsində görüşün təşkil olunmasıdır. Digər tərəfdən biz özəl sektorun və şəhərlərin bu məsələyə cəlb olunmasına çalışırıq. Azərbaycan “WUF-13” vasitəsilə şəhərsalma sahəsində öz nailiyyətlərini də nümayiş etdirəcək. 2050-ci ilə qədər dünya əhaliainin təxminən 70%-i şəhərlərdə yaşayacaq. Bu baxımdan, biz bu konfransın konkret təkliflərin irəli sürüləcəyi, həll yollarının təklif olunacağı bir məkan olmasına çalışacağıq”.

Daha sonra UN-Habitatın icraçı direktoru xanım Anaklaudia Rossbax videomüraciət ilə bu mühüm toplantının təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib:
“WUF13 bütün tərəfdaşların “hər kəs üçün layiqli mənzil”ə çıxışı təmin etmək öhdəliklərinin yeniləməsi üçün mühüm bir məqam olacaq, çünki bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsası olan insan ləyaqəti, təhlükəsizliyi və iqlim fəaliyyəti üçün zəruridir. Həmçinin bu tədbir “Yeni Şəhər Gündəliyi” sənədinin qəbulunun onilliyini və bu müddət ərzində əldə olunan inkişafı qeyd etmək, eyni zamanda, növbəti on il ərzində mənzil təminatı məsələsinə fokuslanaraq fəaliyyət göstərmək üçün əhəmiyyətli bir fürsət olacaq”.

Rossbax COP29-la Azərbaycanın qlobal məsələlərdə liderlik yoluna qədəm qoyduğunu vurğulayıb.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionunda WUF13 üçün müxtəlif funksional zonaların müəyyən edilməsi, müvafiq infrastrukturun qurulması və tədbirin bütün aspektlərinin yüksək səviyyədə təşkili istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib:

“Məqsədimiz Bakıda yüksək təşkilatçılıq standartlarına cavab verən, inklüziv və qlobal əməkdaşlığa xidmət edən nümunəvi bir beynəlxalq platforma yaratmaqdır. Bu gün əməliyyat şirkətində təxminən 180 gənc mütəxəssis fəaliyyət göstərir. Aydındır ki, əsas meyar təcrübə və peşəkar bacarıqlardır. Bu 180 nəfərdən təxminən 90-ı əməliyyat şirkətində çalışan qadın mütəxəssislərdir. Biz Bakıda könüllülər mərkəzini açmağı planlaşdırırıq və təxminən 2,500 gənc könüllünün bizə qoşulacağını gözləyirik.”

Brifinqdə UN-Habitat-ın Xarici Əlaqələr, Strategiya, Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yeməru Forumun konsepsiyası və proqramı barədə geniş təqdimatla çıxış edib.

Qeyd edək ki, hibrid formatda təşkil olunan interaktiv sessiyada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri, ümumilikdə 100-ə yaxın diplomat iştirak edib.

Xatırladaq ki, 2026-cı ilin 17-22 may tarixlərində Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək.
Sessiya sual-cavab və açıq müzakirə formatında davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar