Sülhə, dinlərarası dialoqa verilən töhfə - Zayed Mükafatı kimlərə verilir?
19 yanvar 2026 17:22 (UTC +04:00)

Sülhə, dinlərarası dialoqa verilən töhfə - Zayed Mükafatı kimlərə verilir?

0

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.

Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.

“Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun sülhə, dinlərarası dialoqa verdiyi qlobal töhfələrlə bağlıdır”.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib.

"Bu mükafat 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təsis edilib və Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Şübhəsiz ki, mükafat həm də dini tolerantlıq, dinlərarası dialoq, sülhün, haqqın, ədalətin bərqərar olması üçün xidmətlər göstərən liderlərə, din xadimlərinə təqdim edilir. İlk mükafat Roma Papası Fransiskə verilib. Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı içərisində dialoqun, tərəfdaşlığın artmasına verdiyi xidmətlərə görədir. İstər Qoşulmama Hərəkatında sülhü, dəyərləri təbliğ etməklə haqqı tapdalanan xalqların problemlərini qlobal gündəmə gətirməklə, onların haqlarının, hüquqlarının qorunması üçün gördüyü böyük işlərə görədir. Nəhayət, əzilən müsəlmanların haqq səsinə çevrilməsinə görə verilən mükafatdır".

Hikmət Babaoğlu qeyd edir ki, həmin müsəlmanların içərisində biz də var idik: 

"Torpaqlarımızın işğal olunmasının bir səbəbi də dünyanın Ermənistan tərəfindən məhz islamofob dünyagörüşünə söykənərək çıxış etməsi, erməni cinayətkarların Azərbaycan xalqına, Azərbaycanda yaşayan müsəlmanlara qarşı törətdiyi cinayətə göz yummaları idi. Ona görə də əzilən, hüquqları pozulmuş insanlar deyəndə Azərbaycan xalqı da bu sıraya aid edilirdi. İşğal altında qalan İslam mədəniyyətinin, məscidlərin təhqir olunması da ülvi dinimizin dəyərlərinə qarşı törədilən cinayətlər idi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidentinin fəaliyyəti, qətiyyəti nəticəsində sona çatdı. Biz həm İslamın ucqarı hesab olunan Cənubi Qafqazda İslam dininin öndərliyini etdik, onun dəyərlərini qoruduq, həm də xalqımızın torpaqlarını özünə qaytardıq. Buna paralel olaraq Azərbaycanda dinlərarası diaqloqlar təşviq edildi, məhzəblərarası tolerantlıq möhkəmləndirildi. Biz güclü olsaq da, başqalarının torpaqlarına göz dikmədik. Bütün bunlar yeni dəyərlər yaratdı. Düşünürəm ki, Azərbaycan Prezidenti də belə bir mükafatı haqq etdiyi üçün onunla da təltif edildi".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar