Bakıda 26 min dollara yemiş, 330 min dollara göbələk satılır... - REPORTAJ
13 aprel 2011 12:45 (UTC +04:00)

Bakıda 26 min dollara yemiş, 330 min dollara göbələk satılır... - REPORTAJ

Onlar necə geyinir, nə yeyib-içir, necə yaşayır? Tez-tez müzakirə olunan mövzulardandır, deyilmi? Ötən həftələrdə sizi Bakı zənginlərinin hansı mağazalardan, nə cür alış-veriş etməsi ilə bağlı məlumatlandırmışdıq. 35000 manata gecə paltarı, 6000 manata ayaqqabı, 3500 manata qalstuk...

Bunun şoku üzərimizdən keçməmiş daha bir şok gerçəklə (daha bu söz da qiymətdən düşüb, ətrafımızdakı hər şey şokdur) tanış olduq. Kasıbın yuxusunda belə görməyəcəyi, heç adını da eşitmədiyi bəzi yeməklər, təamlar var ki, sən demə, zənginlər öz qarınlarını onlarla doyurur, onlarla ərköyünləşdirir. Siz heç dənəsi minlərlə dollar olan göbələk haqda eşitmisinizmi? Ya da bir boşqab şorbaya bir sərvət ödəyərsinizmi? Amma sən demə, dünyanın dörd bir tərəfindəki bəzi ekzotik meyvə, tərəvəz və nadir tapılan yeməklər on minlərlə dollara başa gəlir və bunun alıcıları heç də az deyil...

6100 dollarlıq qarpızı kəsməyə əl qalxar?!

Gəlin öncə dünyanın ən bahalı yeməklərinə bir nəzər salaq. Sonra onların Azərbaycandakı müştərilərindən bəhs edərik. Öncə başlayaq safran adlı Hindistan ədviyyatından. Safran dünyanın ən bahalı ədvası sayılır. Onu əslində dünyanın bir çox yerində bitən safran bitkisindən hazırlayırlar. Amma yarım kilo safran əldə etmək üçün 50-75 min ədəd çiçəyin yığılması və ondan bu ədvanın hazırlanması lazımdır. Bu qədər əziyyətli olduğu səbəbdən də safranın bir kilosu 1000 dollarla 10000 dollar arasında dəyişir.

Keçək Dansuke qarpızına. Normal bir qarpızın 6100 dollara olması mümkündürmü? Amma demə, mümkünmüş. Cənubi Yaponiyada yetişən bu qarpızlar tanıdığımız normal qarpızdan həm rənginə, həm də dadına görə fərqlənirlər. 6100 dollarlıq qarpız qara rəngdədir və daha yumşaq bir tutuma malikdir. Təsəvvür edin ki, mövsüm boyu bu qarpızdan ancaq 65 ədəd əldə etmək mümkündür.

Daha bir yapon meyvəsi olan yubari yemişi də delikates sayılır. ABŞ-ın meyvə-tərəvəz satıcıları onu 50-150 dollara satsalar da bunlar həmin tərəvəzin həqiqisi yox, saxtasıdır. Kökü torpağın daha dərinliklərində olan gerçək yubari yemişinin qiyməti isə nə az, nə çox - 26 min dollardır. Dünyanın ən ləzzətli və sulu qovunları eyni zamanda qüsursuz bir kürə formasına, yumşaq qabığa malikdir.

Dana olanda nə olar, ətinin kilosu 770 dollardır

Siyahı qiymət etibarilə aşağıdan yuxarı gedir, əziz oxucu. Ona görə də indi siyahıdakı nisbətən baha qidalara keçirik. Yubari yemişindən sonrakı bahalı qida isə Matsutake göbələyidir. Bu göbələk növü Yaponiya, Çin və Cənubi Koreyadakı fərqli növ ananas ağacında yetişir və dənəsinin qiyməti 90 dollarla 905 dollar arasında dəyişir. Bu qədər bahalı olmasının səbəbi isə onun yetişdirilmə formasından irəli gəlir. Ağacın kökü ilə calaq edilərək yetişdirilən bu göbələyi yığandan sonra yerində başqa göbələk çıxmır. Ona görə də yaponlar tərəfindən “Göbələklərin kralı” adı ilə “mükafatlandırılıb”.

Keçək Chocopologie Knipschildtə. Adam adını belə çətinliklə tələffüz edir, Allah bilir dadı və qiyməti necədir. Danimarkanın şokolad firması olan “Knipschilt”in istehsal etdiyi və dünyanın ən bahalı şokoladı ünvanına layiq görülən bu delikatesin yarım kilosu isə 2600 dollar dəyərindədir.

Dana deyib keçməyin, sən demə, dünyanın ən yaxşı dana ətini yemək də bir üstünlükdür. Ən yaxşı dana ətindən dadmaq üçünsə yenə də Yaponiyaya getmək lazımdır (Bu qıyıqgözlər ixtiradan başqa nə düşünürlər, görəsən?) Çünki bu ət ölkədəki Vaqyu cinsli danalardan alınır. Bu səbəbdən də ən yaxşı bifşteks Kobe dana ətindən hazırlanır. Amma bu ətdən bircə damcı dadmaq üçün bir aylıq məvacibi unutmaq lazımdır. Neyçün ki, onun 200 qramı 150 dollardan artıqdır. Yəni kilosu 770 dollardır.

15 min dollarlıq almas kürü isə bizdədir...

Sovetlər dönəmində yemək masasında kürü olanlara varlı kimi baxırdılar. Bu kürünün tapılması bir əzab, almaq üçün xərc tökülməsi isə başqa bir əzab idi. Dövr çox da dəyişməyib. İndi də dünya bazarına almas kürülər çıxıb. Beluqa balığının yumurtasından əldə edilən almas kürünün yarım kilosu 8400 dollarla 15500 dollar arasında dəyişir. Xatırladaq ki, bu kürünün belə baha olması beluqa balığının az tapılması ilə bağlıdır. 120 milyon yaşı olan balığın artıq kökü kəsilmək üzrədir və o, daha çox... bizdə, Xəzər dənizində tapılır.

Ağ yer göbələyi göbələklərin “dini qədəhi” adını daşıyır. Qiymətinin bahalığı isə əsrarəngiz dadı, qoxusu və nadir tapılması ilə əlaqədardır. 1 kilosunun qiyməti 2720 dollarla 8400 dollar arasında dəyişir. Xatırladaq ki, bu göbələk növü ancaq İtaliya və Xorvatiyanın bəzi bölgələrində yetişir. Bu günə qədər satılan ən bahalı göbələk də elə həmin növdəndir. Tam qiyməti 330000 dollardır.

Qızılı da boşqaba qoyub yeyənlər var, özü də brilyant qiymətinə...

Girişdə də yazmışdıq. Bəzi şorbaları içmək ürək istəyir. Bunlardan biri də şərti adı “Quş qəfəsi” olan şorbadır. 400 ildir ki, Çində hazırlanan bu şorbanın bir başqa adı da “Şərqin kürüsü”dür. İnsanların yeyə biləcəyi ən bahalı heyvansal qida kimi diqqət çəkir. Honkonqda bu şorbanın kilosu 910 dollarla 4535 dollar arasında dəyişir.

Yəqin ki, bura qədər yazılanları oxuyandan sonra “bunları yeməkdənsə elə oturub qızıl yeyərəm də” düşünənləriniz oldu. Bəli, qızıl da yemək olaraq təklif olunur. Qızıldan bir çox yeməklərin, eləcə də dondurmanın hazırlanmasında istifadə olunur. Bir qram yeyilə bilən qızılın qiyməti 33000 dollarla 110000 dollar arasında dəyişir. Qızıldan bəzi yeməklərdə dekorasiya vasitəsi olaraq da istifadə edilir.

Bakı varlıları Yaponiyadan bahalı ət gətizdirib yeyir

Qiymətlərdən gözləri böyümüş oxucuya indi də Azərbaycan miqyasında əldə etdiyimiz qiymətləri təqdim edirik. Elə bir şey mümkündürmü ki, “o əjdahalardan” bizdə olmasın. Sözügedən yeməklər və onların qiymətləri ilə tanış olduqdan sonra Bakının bəzi bahalı restoranlarına müraciət etdik. Ssenari öncədən planlaşdırdığımız kimi idi: xaricdən qonağımız gəlib, onu əəəənnn bahalı yeməyə qonaq etmək istəyirik. Restoranınızda delikates sayılacaq hansı yeməklər var?

Sözün düzü, Bakının ad-sanı ilə tanınan restoranlarının menyusunda yuxarıda yazdığımız təamların heç biri yox idi. Hətta inzibatçılar bu yeməklərin adlarını da bilmirdilər. Tutaq ki, ağ yer göbələyi istəyəndə bizə sıradan jülyen, beluqa balığının kürüsü deyəndə isə “kürü kürüdür, beluqanın olduğunu bilmirəm” cavabını verirdilər.

Amma delikates axtarışı daha çox xarici ölkə mətbəxini təklif edən restoranlarda nəticə verdi. Öncə yapon restoranlarında. Paytaxtda fəaliyyət göstərən 4 yapon restoranı ilə əlaqə saxlayıb yuxarıda sadaladığımız və sırf yapon mətbəxinin nümunəsi olan yeməkləri soruşduq. Məlum oldu ki, onların heç biri menyuda göstərilmir. Çünki göstərməyin heç bir mənası yoxdur, gündəlik alıcısı olmur. Amma... Adını çəkib, reklam (və ya antireklam) etmək istəmədiyimiz yapon restoranının administratoru bildirdi ki, Kobe dana əti çox nadir hallarda olsa da onların restoranında bişirilir. Kilosu 770 dollar olan o ətin yeməyini deyirik. İnzibatçının sözlərinə görə, restoran açılan gündən bu günə qədər onun mətbəxi cəmi 4 dəfə Kobe dana əti görüb: “Hər dəfə də bir neçə gün əvvəlcədən sifariş olunub, ondan sonra biz hazırlamışıq. Çünki bu əti hər restoran almır, sərf etmədiyi üçün. Azərbaycanda bizim müştərilərimiz əsasən varlı iş adamları olur. Onlar yapon ortaqlarına şıqlıq olsun deyə bu yeməyi sifariş verirlər”.

İnzibatçı onu da dedi ki, əgər biz də bu ətdən dadmaq istəyiriksə, bu, gələn həftədən tez olmayacaq. Kobe dana əti steykinin iki porsiyası üçünsə 450 manata yaxın pul ödəməli olacağıq.

Sözarası onu da öyrənirik ki, restoranın tarixində bir dəfə maraqlı hal olub. Adını çəkmək istəmədikləri imkanlı və nüfuzlu müştərilərdən biri həmin əti sifariş verərək gətizdirib, ondan sonra da yapon aşpazları malikanəsinə çağıraraq yeməyi orda bişirtdirib: “Amma bu, cəmi bir dəfə olub. Aşpazlara da yaxşı haqq vermişdilər”.

Ayda bir dəfə “Quş qəfəsi” şorbası içən məşhurumuz

Tutaq ki, ürəyinizdən 26 min dollarlıq yubari yemişi, 2700 dollarlıq ağ yer göbələyi və ya 4535 dollarlıq Honkonq şorbası keçdi. Belə ürəyi dərhal yerindən qoparıb atmağa tələsməyin. Bakıdakı Çin restoranlarında yenə də öncədən sifariş verməklə bunları nuş etmək olarmış. Yenə də bir neçə Çin restoranında reyd keçirməklə bu qənaətə gəldik. Amma öyrəndik ki, bu qədər baha olmaya da bilər. Ənənəvi olaraq “kitayski” məhsullar dövrəyə girməklə bənzər dadı damaqlarda daha ucuz qiymətə hiss etmək mümkündür.

Şəhərin mərkəzində yerləşən Çin restoranlarının birində isə müştəri kimi bir neçə dəqiqəlik sövdələşmədən sonra bizə dedilər ki, sən demə, Azərbaycan elitasının məşhur simalarından biri (adını məlum səbəbdən demədilər) “Quş qəfəsi” şorbası adlanan təamdan dadmaq üçün ayda bir dəfə bura gəlir. Amma həmin qiymətə yox. Restoran sevimli müştərisinə həmin şorbanın avropalaşmış versiyasını hazırlayır və bir boşqab şorbaya görə cəmi 250 manat (310 dollardan çox) alır. Belə anladıq ki, onda bu, şorbanın gerçək variantından qat-qat uzaqda imiş...

Reydimizi daha dərinləşdirmək üçün Bakının elita, varlılar üçün nəzərdə tutulan restoranlarına da müraciət etdik. Amma burda ofisiant və ya administratordan sirr almaq mümkünsüz idi. Onlar kimin nə yeyib-içməsi, nə qədər ödəməsi ilə bağlı heç kimə ürəkdolusu danışmırlar. Bu isə həm də onu göstərir ki, gözbərəldən bu yeməklər Bakı restoranlarının da süfrəsini bəzəyir və onlardan yemək hər igidin işi deyil...

Bir sözlə, “yedik-içdik, dünyadan keçdik” deməyə heç kim tələsməsin. Dünyada elə yeməklər, elə təamlar ki, onları almağa təkcə bolluca pul yox, həm də vallah-billah, ürək lazımdır. Çünki adamların ağzını da yandırır, cibini də...

(yazı musavat.com saytından götürülüb)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1510

Oxşar yazılar