Qənirə Paşayeva: “Gürcüstana dəstəyimiz daha da artırmalıyıq”
13 aprel 2011 18:07 (UTC +04:00)

Qənirə Paşayeva: “Gürcüstana dəstəyimiz daha da artırmalıyıq”

AŞPA-nın yaz sessiyasının bugünkü plenar iclasında Gürcüstanın Avropa Şurası qarşısındakı öhdəliklərinə dair hesabat dinlənilib. APA-nın Strasburq müxbirinin məlumatına görə, hesabat ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib.

Q. Paşayeva 6 ildir Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna rəhbərlik etdiyini və çox tez-tez Gürcüstanda səfərdə olduğunu deyib: “Gürcüstanın Avropa Şurasına üzv olduğu illər ölkədə demokratiya, insan hüquqları, korrupsiya sahəsində vəziyyət hamımızın yaxşı yadındadır. Amma son illər Gürcüstanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə istiqamətində böyük işlər görülüb və bunu hər kəs görür. Təbii ki, hər yerdə olduğu kimi, Gürcüstanda da həllini gözləyən problemlər var. Amma ən əsası odur ki, problemlərin aradan qaldırılması istiqamətində siyasi iradə var, onların həlli istiqamətində addımlar atılır və Gürcüstan bütün sahələrdə inkişaf edir”.

Q. Paşayeva bildirib ki, Gürcüstanda demokratik institutların inkişafı, insan haqlarının qorunması, qanunun aliliyi bu ölkədə yaşayan milli azlıqlar üçün də çox vacib və əhəmiyyətlidir: “Biz ümid edirik ki, məruzədə vurğulandığı kimi, Gürcüstan hakimiyyəti milli azlıqların haqlarının qorunması, onların cəmiyyətə daha çox inteqrasiyası, dövlətin və cəmiyyətin idarə olunması istiqamətində görülən işləri gələcəkdə daha da sürətləndirəcək. Məsələn, Gürcüstan prezidenti Mixail Saakaşvilinin azərbaycanlıların bayramı olan Novruz bayramının Gürcüstanın dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı açıqlama verməsi və bu il həmin bayramın yüksək səviyyədə qeyd olunması Gürcüstan azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Amma bu ölkənin bütün vətəndaşları üçün ən ağır problem Gürcüstanın ərazi bütövlüyünün pozulmasıdır. Mən hesab edirəm ki, bizim bu məsələyə geniş diqqət ayırmamız vacibdir. Baxmayaraq ki, Gürcüstan və Azərbaycan artıq neçə ildir AŞ üzvləridir, hər iki ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində ciddi nəticələr yoxdur. Beynəlxalq nəzarətdən kənar “boz zonalar” Avropanın təhlükəsizliyi üçün də ciddi təhdiddir. Gürcüstanın ərazi bütövlüyünün pozulması təbii ki, ölkənin bütün sahələrdə sürətli inkişafına böyük maneələr törədir. Biz Parlament Assambleyası olaraq bu məsələdə Gürcüstana dəstəyimiz daha da artırmalıyıq. Gürcüstan dövləti və xalqı Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində AŞ-nin səylərini daha da artırmasını gözləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar