Düşmənin ən çox qisas aldığı şəhər: Xəyalımdakı Ağdam bu idimi? 
04 sentyabr 2023 20:15 (UTC +04:00)

Düşmənin ən çox qisas aldığı şəhər: Xəyalımdakı Ağdam bu idimi? 

Ağdam mənim üçün uşaqlıqdan əfsanəyə, nağıllar aləminə çevrilmişdi. Düşünürəm ki, mənim kimi digər ağdamlı cavanlar üçün də belədir. Böyüklərimiz görmədiyimiz Ağdam haqqında o qədər gözəl danışırdılar ki... Uşaq vaxtımızdan xəyalən oraları dolaşırdıq. Ağdamı işğaldan sonra görmədən vəfat edən nənə və babalarımız oradakı yaşayışlarından, işlərindən, həyətlərindən daim şirin-şirin danışardılar. Atam gənclik illərindən, örüşdə mal-heyvan otarmağından, məktəbdən və s. söhbət açır, bizi məlumatlandırırdı. Bu xatirələrdən bir ağdamlı kimi mənim də payıma nələrsə düşürdü. Ona görə, heç vaxt görmədiyim şəhərin sakini olmuşdum. Hətta yeri gələndə bilməyənlərə Ağdamı təsvir belə edərdim.

Qohumlar bir araya gəldisə, söhbət yalnız Ağdam olur. Ağdam onların “cənnəti”dir. Bəli, bu 20 ildən çox müddətdə böyüklərimizdən eşitdiklərimiz fonunda daim Ağdamı görməyi arzulamışıq. Nəhayət şanlı ordumuzun sayəsində 27 il sonra, 2020-ci ildə Ağdam işğaldan azad olundu. Rayon öz doğma sakinlərinə açıq oldu. Düzdür, mina təhlükəsinə görə, hələ də kütləvi gediş-gəliş olmasa da, rayonu görmək istəyənlər üçün dövlət şərait yaradıb. Biz də bu şəraitdən istifadə edərək, doğma rayonumuzu görməyə getdik.

Əfətli postuna çatanda polis əməkdaşları nəzakətlə bizi qarşılayıb sənədlərimizi və portaldan icazə almağımızı yoxladılar. Daha sonra qayda-qanun çərçivəsində işğaldan azad olunan ərazilərə daxil olduq. İlahi, ermənilər elə bil bütün acıqlarını, millətimizə olan nifrətini Ağdamdan çıxıblar. Bizim üçün əfsanəyə, nağıllar aləminə çevrilən Ağdamı yerlə bir ediblər. Rayonumuzu görəndə ermənilərə və onların havadarlarına nifrətim daha da artdı. Axı gözəlliyi məhv edib bu cür hala salanları necə dəstəkləmək, havadarlıq etmək olar?

Şahbulaq

“Budur, dəqiq bilirəm”

Rayona gedişimizin əsas məqsədlərindən biri birinci Qarabağ müharibəsi zamanı həlak olan əmim Tapdıq Nəbiyevin məzarını ziyarət etmək idi. Əmim xəstəlik səbəbilə Ağdam xəstəxanasında müalicə alırdı. 1992-ci ildə Ermənilərin artilleriya hücumu zamanı xəstəxana da dağılmış, nəticədə əmim də həlak olmuşdu. Atam 30 il əvvəli yadına salıb birtəhər məzarı tapa bildi. Problem onda idi ki, getdiyimiz Uzundərə məzarlığındakı yol dağıdılmışdı. Atam təxmini məsafələr sayəsində dəmirdən bir başdaşını görüb əmimin məzarı olduğunu dəqiqləşdirdi. Məlumat üçün bildirim ki, işğalçılar burada məzarları dağıdıb, əksər qəbirləri açaraq meyitlərin qızıl dişlərini götürüblər. Bu məlumatı qəbiristanlıqda öyrəndik. Çox məzarların dəmirdən başdaşıları da dağıdılıb, sadəcə təpə kimi qəbirlər qalıb.

Əmimin məzarı...

Növbəti səfərimiz atamın doğulub böyüdüyü Xıdırlı kəndi oldu. Ancaq atam evlərinin tam dağıdıldığını və həyətdə yalnız bir dağdağan ağacının qaldığını söylədi. Kənddəki bütün evlər məhv edilib, acgözlüklə qarət olunub. Bir vaxtlar kəndlilərimizin xoşbəxt yaşadığı həmin evlər indi vahiməli görünüş alıb. Budur erməni xisləti... Ümumilikdə uzun işğal müddəti ərzində rayonda yaşıllıq məhv edilib, quru səhralıq yaranıb. Ermənilər Ağdamı xarabalığa çeviriblər. Xıdırlıdan çıxıb məşhur Şahbulağa doğru getdik. Burada dupduru və sərin bulağın suyundan içdik.

Xıdırlı kəndinin girişi

Gördüklərimdən bu nəticəyə gəldim ki, hər yer öz doğması, öz sakini üçün əzizdir. Necə ki, ermənilər bu yurdun sakinləri olmadığı üçün Ağdamı məhv ediblər. Ancaq rayonu gözəllik düşməni olan, millətimizə nifrət bəsləyən ermənilərdən xilas etdikdən sonra dövlətimiz, Ağdamın doğma sakinləri öz rayonunda abadlığa başlayıb. Demək olar hər yerdə təmir bərpa işləri gedir. Bərdə-Ağdam yolu yenidən qurulur, Cümə məscidi təmir edilir, bir sıra müəssisələr və məktəblər tikilir.

Dağıdılmış Xıdırlı kəndi

İnanıram ki, qarşıdakı yaxın illər ərzində Ağdam yenə əvvəlki kimi gözəlləşəcək, yaşıllıqlar bərpa olunacaq, parklar salınacaq, sakinlər yenə məsud və firavan yaşayacaq. Biz də uşaqlıq xəyallarımızın Ağdamını görə biləcəyik.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

# 5166
avatar

Mehman Nəbiyev

Oxşar yazılar