Vüqar Rəhimzadə: Talış kəndindən dünyaya mesaj
20 mart 2023 16:12 (UTC +04:00)

Vüqar Rəhimzadə: Talış kəndindən dünyaya mesaj

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə səfərləri Böyük Qayıdışın tam şəkildə  başa çatacağı günü daha da yaxınlaşdırır

Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən  işğalı dövründə Prezident İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı  bildirilərək, belə bir  əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan torpaqlarımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə  genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur  cənnət məkana çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun  Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda  alovlandırmalarının öz rəmzi mənası vardır.  Möhtərəm Prezidentimizin Talış kəndindən  Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində  bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Xarici ölkələrdə yaşayan  azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsinin davam etdiyi  44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da  bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, çoxəsrlik tariximizin parlaq səhifəsi kimi dəyərləndirilən şanlı Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışın tam şəkildə  başa çatacağı günü daha da yaxınlaşdırır. 2020-ci ilin 3 oktyabr tarixində erməni tapdağından azad edilən Talış kəndində qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işləri göz önündədir. Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə tanışlıq zamanı dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Bu kəndə ümumilikdə 180-ə yaxın ailənin qayıtması nəzərdə tutulub. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva   Talış kəndində görülən işlərlə,  Suqovuşan su anbarının və magistral su kanalının əsaslı təmiri, həmçinin turizm obyektlərinin tikintisi ilə tanış oldular,  Suqovuşan qəsəbəsində yeni inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etdilər.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə Novruz tonqalını işğaldan azad edilmiş Şuşada, ötən il Suqovuşan qəsəbəsində, bu il isə Talış kəndində alovlandırdı. Bu, xalqımız üçün böyük xoşbəxtlikdir. Xalqımız bu sevincli anları 30 illik işğal dövründə  səbirsizliklə gözlədi və bu unudulmaz anları yaşayacağına əmin idi.  Ölkə Prezidenti daim bəyanatlarında bildirirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə  torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Müzəffər Ali Baş Komandan Novruz bayramı münasibətilə Talış kəndindən Azərbaycan xalqına müraciətində də işğal dövrünün reallıqlarını diqqətə çatdıraraq bəyan etdi ki, bunları unutmuruq və unutmayacağıq. Ermənistan və ona havadarlıq edən dövlətlərin, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in artıq tarixin arxivinə göndərilmiş Minsk qrupunun  həmsədr ölkələrinin məqsədi  problemi həll etmək yox, dondurmaq idi. İşğalçı ölkənin baş naziri  “Qarabağ Ermənistandır və nöqtə” fikirlərini səsləndirib Azərbaycan xalqının haqlı hüququnu əlindən almaq istəyəndə təcavüzkarın  arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupunun həmsədri olan  dövlətlər bu bəyanata heç bir reaksiya vermədilər.  Azərbaycan öz doğma torpaqlarını  azad edəndən sonra da ölkəmizə  qarşı saysız-hesabsız  ədalətsiz addımlar atıldı,  çirkin əməllər törədildi və çox təəssüflər olsun ki, bu iyrənc proses bəzi hallarda davam etməkdədir.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Talış kəndinə səfəri zamanı xalqa müraciəti Ermənistana və ona havadarlıq edən ölkələrə mesajları ilə zəngindir. Bugünümüzün əsas çağırışı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki,  əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Əgər sülh müqaviləsi Ermənistana lazım deyilsə, bizə də lazım deyil.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Ermənistanın və havadarlarının 30 illik işğal dövründə yaşadıqları xəyallara, yaratdıqları miflərə 44 günlük İkinci Qarabağ müharibəsində son qoyuldu. Ermənistan diz çökdürüldü. İşğalçı dövlət bundan dərs alıb ona yaradılan son şans barədə düşünmək əvəzinə bu gün yeni ağa axtarışındadır. Dövlət başçısı İlham Əliyevin “Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək” bəyanatı Ermənistana və havadarlarına ciddi mesajdır. Ümumiyyətlə, Müzəffər Ali Baş Komandanın hər bir çıxışının, müraciətinin  sonunda qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” çağırışı özündə bütün məqamları ehtiva edir.

# 1731
avatar

Oxşar yazılar