Uşağınız sizə qulaq asmırsa,   nə etməli? - Psixoloqdan valideynlərə dəstək
03 iyul 2026 17:34 (UTC +04:00)

Uşağınız sizə qulaq asmırsa, nə etməli? - Psixoloqdan valideynlərə dəstək

0

Valideynlər çox vaxt "oyuncaqlarını yığışdır", "gəl bura" və ya "sakit ol" dedikdə uşağın onları dinləmədiyini düşünür. Mütəxəssislər isə bildirirlər ki, bu davranış hər zaman inadkarlıqdan qaynaqlanmır. Bunun əsas səbəblərindən biri uşağın beyninin yaşına uyğun inkişaf mərhələsində olmasıdır.

Lent.az xəbər verir ki, pixoloqların sözlərinə görə, 3 yaşına qədər uşaqlar mücərrəd göstərişləri tam anlaya bilmirlər.

Təxminən 7 yaşa qədər isə onlar daha çox konkret və aydın tapşırıqlara ehtiyac duyurlar. 10 yaşdan sonra isə uşağın müstəqilliyinə hörmətlə yanaşmaq və onun fikrini nəzərə almaq daha effektiv nəticə verir.

Mütəxəssislər 2-4 yaşlı uşaqlarla ünsiyyət zamanı diqqəti başqa istiqamətə yönəltməyi məsləhət görürlər. Məsələn, "oyuncaqlarını yığışdır" demək əvəzinə, "bax, nə böyük yük maşınıdır. Gəl oyuncaqları onunla qaraja aparaq" kimi ifadələrdən istifadə etmək daha faydalı ola bilər.

5-7 yaşlı uşaqlara isə seçim imkanı vermək tövsiyə edilir. Məsələn, "əvvəl kubları yığışdıracaqsan, yoxsa maşınları?" sualı uşağın tapşırığı yerinə yetirməyə daha həvəsli olmasına kömək edə bilər.

İbtidai sinif yaşındakı uşaqlarla danışarkən tapşırığın səbəbini izah etmək vacibdir. Məsələn, "Əşyalarını yığışdırmasan, kinoya gecikəcəyik" kimi izahlar uşağın nəticəni anlamasına kömək edir. Yeniyetmələrlə ünsiyyətdə isə onların "yox" demək hüququna hörmət etmək və qarşılıqlı razılıq əsasında qərar vermək daha səmərəli hesab olunur.

Psixoloqlar valideynlərin ən böyük səhvlərindən birinin eyni tapşırığı dəfələrlə təkrarlaması olduğunu bildirirlər. Onların fikrincə, göstərişi 10 dəfə təkrar etmək uşağa ilk dəfədən reaksiya verməməyi öyrədir. Ən yaxşı üsul tapşırığı bir dəfə söyləmək, uşağın gözlərinin içinə baxmaq və yerinə yetirilmədiyi halda sakit şəkildə əvvəlcədən müəyyən edilmiş nəticəni tətbiq etməkdir. Bu zaman qışqırmaq tövsiyə olunmur.

Uşaq isterika keçirdikdə də mütəxəssislər səsləri yüksəltməməyi məsləhət görürlər. Belə vəziyyətdə uşağın yanında oturmaq, onu qucaqlamaq və sakit səslə "Səni başa düşürəm. Sakitləşəndən sonra danışarıq" demək daha təsirli üsul hesab edilir. Uşaqlar özlərini təhlükəsiz və dəstək altında hiss etdikdə emosiyalarını daha tez idarə edə bilirlər.

Mütəxəssislər həmçinin cəza verərkən qışqırmaq əvəzinə təbii nəticələrdən istifadə etməyi tövsiyə edirlər. Məsələn, uşaq oyuncaqlarını yığışdırmayıbsa, həmin gün sevdiyi cizgi filminə baxmaq imkanını itirə bilər.

Mağazada yaranan problemli davranışların qarşısını almaq üçün isə alış-verişə getməzdən əvvəl qaydaları əvvəlcədən razılaşdırmaq məsləhət görülür. Əgər uşaq razılaşdırılmış qaydanı pozarsa, valideyn dediyi sözü tutmalı və lazım gələrsə, alış-verişi yarımçıq saxlayaraq mağazanı tərk etməlidir.

Psixoloqlar vurğulayırlar ki, valideynlər yanaşmalarını uşağın yaşına uyğun dəyişdikdə, qışqırmadan və cəzalandırmadan da daha müsbət nəticələr əldə etmək mümkündür. Bu, həm uşağın davranışına, həm də valideyn-övlad münasibətlərində qarşılıqlı etimadın güclənməsinə müsbət təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar