2026-cı ildə baş verən 10 ən güclü zəlzələ:  40 min kilometrlik Od halqası
15 avqust 2026 20:15 (UTC +04:00)

2026-cı ildə baş verən 10 ən güclü zəlzələ: 40 min kilometrlik Od halqası

0

Dünyanın seysmik cəhətdən aktiv bölgələrində 2026-cı ildə də güclü zəlzələlər qeydə alınıb. Məlumatlara görə, ilin ilk 8 ayında maqnitudası 7,0 və daha yüksək olan çoxsaylı yeraltı təkanlar baş verib.

Lent.az 2026-cı ilin başlanğıcından qeydə alınan ən güclü zəlzələləri təqdim edir.

Sakit okeanda tez-tez baş verən zəlzələlər və vulkan püskürmələri səbəbindən təxminən 40 min kilometr uzunluğundakı seysmik zona “Od halqası” adlandırılır.

Dünyada baş verən zəlzələlərin təxminən 90, ən güclü yeraltı təkanların isə 80 faizi Çilidən başlayaraq Yeni Zelandiyaya qədər uzanan Sakit okean Od halqasında qeydə alınır.

Güclü təkanlar Sakit okean Od halqasında cəmləşib

2026-cı ilin ilk aylarından etibarən dünyanın müxtəlif bölgələrində 7,0 və daha yüksək maqnitudalı zəlzələlər baş verib. USGS-in məlumatına görə, ilin ən güclü yeraltı təkanları Venesuela, Filippin, Yaponiya, İndoneziya və Kolumbiya da daxil olmaqla, əsasən Sakit okean Od halqası ətrafında qeydə alınıb.

İlin ən güclü zəlzələsi Filippində baş verib

Siyahıda yer alan zəlzələlər arasında ilin ən güclü təkanı iyunun 7-də Filippində qeydə alınıb. Zəlzələnin maqnitudası 7,8, ocağının dərinliyi isə 57 kilometr olub.

Bundan sonra iyunun 24-də Venesuelada qeydə alınan 7,5 maqnitudalı iki zəlzələdən biri və martın 24-də Tonqa sahillərində baş verən 7,5 maqnitudalı zəlzələ gəlir.

Zəlzələlər müxtəlif qitələrdə qeydə alınıb

USGS-in məlumatlarına görə, 2026-cı ildə 7,0 və daha yüksək maqnitudalı zəlzələlər yalnız bir bölgədə cəmləşməyib.

Yaponiyada aprelin 20-də 7,4, İndoneziyada aprelin 1-də 7,4, Vanuatuda martın 30-da 7,3, Malayziya sahillərində isə fevralın 22-də 7,1 maqnitudalı zəlzələlər baş verib.

İyulun 17-də Meksika sahillərində qeydə alınan 7,3 maqnitudalı zəlzələ də ilin ən güclü yeraltı təkanları sırasına daxil olub. USGS zəlzələ ocağının təxminən 22 kilometr dərinlikdə yerləşdiyini bildirib.

Kolumbiyadakı zəlzələ böyük dağıntılara səbəb olub

Avqustun 10-da Kolumbiyada 7,4 maqnitudalı güclü zəlzələ baş verib. Yeraltı təkanların ocağı təxminən 107 kilometr dərinlikdə yerləşib. Bu zəlzələ ölkədə XXI əsrdə qeydə alınan ən güclü zəlzələlərdən biri kimi tarixə düşüb.

Zəlzələ nəticəsində çoxsaylı binalara ziyan dəyib, həmçinin insan tələfatı qeydə alınıb.

Son güclü zəlzələ: İndoneziyada 7,7

Siyahı hazırlandıqdan sonra, avqustun 14-də İndoneziya sahillərində 7,7 maqnitudalı daha bir güclü zəlzələ baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar